“26 iyun – Silahlı Qüvvələr Günü bu il tam başqa ab-havada qeyd olunacaq. Çünki 30 illik Qarabağ həsrətinə son qoyan, bütün dünyaya səs salan məhz Azərbaycan Silahlı Qüvvələri oldu. Uzun illərdir ordu quruculuğuna ayrılan diqqət, silah arsenalının yenilənməsi, peşəkar kadrların hazırlanması, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində üzərimizdə olan məğlubiyyət damğası götürüldü”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Vüqar İskəndərov deyib.
Vüqar İskəndərov
O bildirib ki, Ermənistan rəhbərliyi son 30 ildə ancaq öz xülyaları ilə yaşayırdılar: “Eyni zamanda hər dəfə imkan düşən kimi təxribat xarakterli açıqlamalar verirdilər. Düşünürdülər ki, özləri kimi Azərbaycan da 30 il əvvəlki ölkə olaraq qalıb. Onların boş və mənasız danışıqlarına Azərbaycan həm daxili, həm xarici siyasətdə mükəmməl iş görməklə cavab verdi. Ordu quruculuğu həmişə bizim üçün prioritet məsələ olub. Bu məqsədlə hər il dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsait ayrılır, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi. Bütün bunların nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 silahlı qüvvələri sırasında yer alır. Əlbəttə bütün bunlar Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və uzaqgörən siyasətinin nəticəsidir”.
Deputat qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin hər bir əsgəri və zabiti qəhrəmandır: “Biz artıq hərbçilərimizə sıradan bir əsgər kimi yox, qəhrəman kimi baxmalıyıq. Çünki onların hər birinin bu müqəddəs qələbədə çox böyük rolu var. Qarabağ zəfəri artıq bir tarixdir. Bu qələbə Azərbaycanın zəfər tarixidir”.