Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Azərbaycan seçki sahəsində böyük uğurlar əldə edib”

Dünya Azərbaycanlıları Konqresi İcra Aparatının  rəhbəri, Beynəlxalq Diaspora Mərkəzi sədrinin birinci müavini Samir Adıgözəlli aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı “525”ə müsahibə verib.

– Samir müəllim, Azərbaycanda seçki administrasiyasının topladığı təcrübə Prezident seçkilərinə hazırlıq prosesinin şəffaf, ədalətli və demokratik əsaslarla keçirilməsinə imkan verirmi?

– Gənc və müstəqil dövlət olan Azərbaycanda dəfələrlə bələdiyyə, parlament, prezident seçkiləri, Konstitusiya qəbulu, əsas qanuna əlavə və düzəlişlərlə bağlı ümumxalq səsvermələri keçirilib. Bütün bunlar ölkəmizdə kifayət qədər seçki təcrübəsinin toplanmasına imkan verib. Hətta, postsovet məkanında Azərbaycan qazandığı beynəlxalq seçki təcrübəsinə görə, digər dövlətlərdən müsbət mənada fərqlənməkdədir. Seçkilərin təşkili, şəffaflığın təmini, seçki qanunvericiliyinə riayət, beynəlxalq prinsiplərin nəzərə alınması, yerli və xarici müşahidəçilərin monitorinqi, prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası üçün bərabər əsaslarla şəraitin, azad seçki mühitinin yaradılması bir çox ölkələr üçün örnək modelin formalaşmasına gətirib çıxarıb. Burada xüsusi olaraq nəzərə alınmalıdır ki, bu təcrübəni uzun illərdir işğal faktından əziyyət çəkən, atəşkəs razılaşması mövcud olsa da, faktiki müharibə şəraitində olan dövlət əldə edib. 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan bu xüsusda qarşılaşdığı problemlərə baxmayaraq, bütün sahələrdə, o cümlədən, seçkilərin təşkili baxımından böyük uğurlar əldə edə bilib. Ona görə də, bu gün dövlətimiz bir çox xarici ölkələrdə keçirilən seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün dəvət olunur, hətta, nüfuzlu beynəlxalq təşkilatların monitorinq qruplarına rəhbərlik edir və onlarla öz təcrübəsini bölüşür. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan seçkilərin təşkili ilə əlaqədar əslində, Avropa dövlətləri ilə ayaqlaşmaqdadır.

– Beynəlxalq təşkilatlar və xarici dövlətlərin bu seçkilərə marağını necə qiymətləndirirsiniz?

– Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, artıq bir sıra beynəlxalq monitorinq missiyaları prezident seçkilərində müşahidəçi kimi iştirakını təqdiqləyib, qeydiyyatdan keçib və hətta bəziləri hazırlıq prosesini izləməyə başlayıb. Bu, dünya ictimaiyyətinin Azərbaycana böyük maraq göstərdiyini, ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərini diqqətdə saxladığını göstərir. Təbii ki, ölkəmizin seçki administrasiyası bu marağı, diqqəti normal qəbul edir, yüksək qiymətləndirir və beynəlxalq müşahidə missiyalarına monitorinq aparmaq üçün lazımi şərait yaradır.

– Sizcə, ölkə vətəndaşları səsvermə günü fəallıq nümayiş etdirəcəklərmi? Onlara hansı çağırışı etmək istəyirsiz?

– Dövlətimiz artıq 8-ci prezident seçkilərinin astanasındadır. Hər kəs seçmək hüququndan istifadə edərək seçki məntəqələrinə gəlməli, azad şəkildə öz iradəsinə uyğun olaraq dəstəklədiyi namizədə səs verməli, bu, ümumilli əhəmiyyət kəsb edən məsələdə dövlətin, xalqın parlaq gələcəyi naminə fəal şəkildə iştirak etməlidir. Düşünürəm ki, üzərinə düşən bu missiyanı yaxşı dərk edən Azərbaycan xalqı prezident seçkilərində fəallıq nümayiş etdirəcək və səsvermə günü böyük seçici aktivliyi ilə müşahidə olunacaq.

(Ceyhun ABASOV, 525.az)

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir