“Azərbaycan ilə Türkiyə bir millət, iki dövlətdir. Azərbaycan və Türkiyə ən yüksək səviyyədə strateji müttəfiq və tərəfdaşdırlar”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, dünyada bu cür yüksək səviyyədə mütəffiqlik əlaqəsi olan başqa ölkələr yoxdur: “Ən ağır situasiyalarda bir-birimizə dəstək veririk. Bütün sahələrdə, həmçinin iqtisadi, siyasi, hərbi sahədə əlaqələrimiz yüksəkdir. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri ordumuzun peşəkarlığını daha da artırır. Ümumilikdə bütün qoşun növləri üzrə xüsusi təyinatlıların, kəşfiyyatçıların təlimləri olur və bu kimi təlimlər tez-tez keçirilir”.
Emin Həsənli həmçinin qeyd edib ki, Azərbaycan ilə Türkiyə regionda həssas bölgədə yerləşir: “Regionda sülhün və təhlükəsizliyin qorunması, anti-terror əməliyyatlarının aparılması, qanunsuz silahlı dəstələrin məhv edilməsi, seperatizmin aradan qaldırılması ilə bağlı mübarizə aparılır. Dünyanın ayrı-ayrı yerlərində qardaş Türkiyənin və bizim hərbiçilərimiz sülh yaratmaq prosesini istər Kosovada, istərsə də Əfqanıstanda müvəffəqiyyətlə yerinə yetiriblər. Azərbaycan-Türkiyə əməkdaşlığı get-gedə yüksələcəkdir. Ümumiyyətlə qardaş Türkiyə ilə əməkdaşlığımız ən yüksələn xətlə davam edəcək”.
Arzu Qurbanzadə