Şənbə , 9 Noyabr 2024
Drone Cameras

Deputat: “Cəbrayılın işğaldan azad edilməsi Vətən müharibəsinin ən mühüm hərbi uğurlarındandır”

“Cəbrayıl rayonunun işğaldan azad edilməsi Vətən müharibəsinin ən mühüm hərbi uğurlarından biri idi. Bu həm rayonun strateji əhəmiyyəti, həm də müharibə dövründə yaratdığı psixoloji üstünlük baxımından xüsusi önəm kəsb edirdi”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O bildirib ki, Cəbrayıldan erməni silahlı qüvvələrinin çıxarılmasından sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi məğlubiyyətin qaçılmaz olduğunu anlamağa başladı.

Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatların Ermənistan cəmiyyətinin mənəvi-psixoloji durumuna da ciddi təsir göstərdiyini qeyd edən deputat vurğulayıb ki, Cəbrayılın işğalına son qoyulması düşmən ölkənin apardığı yalançı qələbə təbliğatının mahiyyətini də ortaya çıxardı: “Erməni xalqı da hökumətin əslində onu aldatdığını, vəziyyətin heç də bu ölkənin Müdafiə Nazirliyinin və ümumilikdə rəhbərliyinin bəyan etdiyi kimi olmadığını görməyə başladı. Bu, müharibənin gedişində sonrakı əməliyyatlar üçün son dərəcə vacib əhəmiyyət daşıyan dönüş nöqtələrindən biri idi. Məhz Cəbrayıl əməliyyatından sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi uzunmüddətli müharibəyə hazır olmaqla bağlı cəmiyyətə mesajlar verdi”.

Soltan Məmmədov

Soltan Məmmədov

S.Məmmədov qeyd edib ki, Cəbrayılın işğaldan azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji əhəmiyyətə malik Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün daha əlverişli vəziyyət yaratdı: “Eyni zamanda, Azərbaycan cəmiyyətində və Silahlı Qüvvələrin şəxsi heyətində ruh yüksəkliyini daha da artıraraq qələbəyə inamı bir qədər də möhkəmləndirdi. Onun fikrincə, Azərbaycan Ordusunun parlaq qələbələrindən biri kimi tarixə düşən bu hadisə 30 illik işğala son qoymaqla bərabər yüzminlərlə məcburi köçkünün öz doğma torpaqlarına qayıdacağı günün uzaqda olmadığını göstərdi”.

Deputat deyib ki, bu gün rayon ərazisində, eyni zamanda işğaldan azad edilən digər ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycan xalqının mübarizə əzminin nəticəsidir: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın tarixi qələbəsi ilə başa çatan Vətən Müharibəsi Ordumuzun şücaətini, xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi. Bu birliyi təmin edən ən əsas amillərdən biri heç şübhəsiz ki, ölkədə həyata keçirilən siyasətin milli maraqlara əsaslanmasıdır. Məhz Prezident İlham Əliyevin müdrik siyasəti güclü, dəmir intizama malik, ən müasir hərbi texnika ilə təchiz olunmuş mütəşəkkil ordu qurmağa imkan yaratdı”.

S.Məmmədov bildirib ki, istənilən müharibədə qələbəni şərtləndirən əsas amillər sırasında həm də milli birlik, güclü iqtisadiyyat, peşəkar komandanlıq da mühüm əhəmiyyət kəsb edir. Azərbaycanı qələbəyə aparan məhz bütün bu şərtlərin uğurla təmin edilməsi idi. “Hesab edirəm ki, bütün bunlar bizim güclü dövlətə və güclü orduya malik bir xalq olaraq həm də tarixdə, həm də beynəlxalq münasibətlər sistemində yerimizi tutmağa səbəb olan ən əsas amillərdir”.

Check Also

Son on ayda Azərbaycan sərhədindən keçənlərin sayı açıqlanıb

Bu ilin on ayı ərzində dövlət sərhədindən hərəkət edən şəxslərin sayı 7 milyon 917 min …