Vətən müharibəsi dövründə ermənilərin raket hücumu zamanı dağılan şəhid Ramil İsmayılovun ailəsinin yaşadığı mənzil təmir edilib.
Boyukmillet.com xəbər verir ki, “Report”un Qərb Mərkəzininə istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonları artilleriya qurğularından və ballistik raketlər kompleksindən atəşə tutaraq dinc əhalini və mülki obyektləri hədəf aldı. Erməni silahlı dəstələrinin həyata keçirdiyi insanlığa və heç bir müharibə qaydalarına sığmayan terrorlar nəticəsində onlarla günahsız dinc sakin dünyasını dəyişib, yüzlərlə fərdi yaşayış evləri, sosial, iaşə və xidmət obyektlərinə ciddi ziyan dəyib.
Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə yaradılan Dövlət Komissiyasının yekun qərarından sonra evlərin və obyektlərin bərpa-tikinti işlərinə başlanıldı. Ölkə başçısının tapşırığına əsasən, ziyan dəyən tikililər bərpa edilərək sakinlərin ixtiyarına verilib. Digər evlərdə isə təmir-bərpa işləri davam etdirilir. Həmin mənzillərdən biri də, Gəncə şəhər sakini, Şəhid Ramil İsmayılovun atası, İsmayılov İsmayıl Məmməd oğluna məxsus mənzildir.
Erməni terrorçularının 2020-ci il Oktyabrın 17-də ermənilərin Gəncəyə atdığı raketlərdən biri İ.İsmaylovun ailəsinin yaşadığı binanın yaxınlığına düşüb.
O, bildirib ki, həmin vaxt ona məxsus mənzilin pəncərələri, aynəbəndi tamam dağılmışdı: “Mənim oğlum Ramil 2008-ci ildə xidmət elədiyi hərbi hissədə öz vəzifə borcunu yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Ermənilər ötən il bizim yaşadığımız binanın yaxınlığına raket atdılar. Mənim yaşadığım bina, o cümlədən mənzilimizə zərər dəymişdi. Minnətdaram, cənab prezidentimizin tapşırığı əsasında 3 otaqlı evim tam təmir olundu” – deyən İ.İsmayılov, bütün bunlar üçün Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bir Şəhid atası kimi təşəkkür etdiyini də bildirib.
Məlumat üçün bildirək ki, Gəncə şəhəri 44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzündən ən çox ziyan çəkmiş ərazilərimizdəndir. Burada ümumilikdə 3800-dən çox yaşayış və qeyri-yaşayış obyekti dağıdılmış və ya qismən ziyan görmüşdür. Dövlət başçısının tapşırığına əsasən hazırda 3200-ə yaxın tikili təmir-bərpa olunub, 12 yaşayış evi yenidən tikilib və hazırda onların təmir işləri aparılır. Bununla yanaşı 22 yaşayış evi tikilir, 1 bağçanın inşasına başlanılacaq. 500-dən çox tikili üzrə isə təmir-bərpa işləri davam edir. Gəncə şəhərində əhalinin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb olunub.
Qeyd edək ki, 11 şəhər və rayon ərazisində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin inşası və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir. Həmin ərazilərdə 13000-dən çox tikiliyə ziyan dəyib ki, hazırki mərhələdə onlardan 11750-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digərlərində işlər planlaşdırılmış qrafik üzrə sürətlə aparılır və onların da yaxın zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib.