Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanın dini liderləri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Boyukmillet.com xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident,

Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri Zati-alinizi – dünya şöhrətli qalib siyasi lideri Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik etməkdən şərəf duyuruq. Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizdə Sizə Ulu Yaradandan uğurlar diləyirik.

Möhtərəm cənab Prezident, xalqımız öz tarixinin ən möhtəşəm bayram sevincini – Vətən müharibəsindəki Zəfərinin qürurunu yaşayır. Azərbaycan xalqının haqq mübarizəsinin qalibiyyət dastanını dünya tarixi səhifələrinə möhtəşəm Zəfər Günü kimi həkk etmiş şəxsiyyət olaraq bu bayramın sevinc və şərəfini ən çox haqq edən məhz Zati-alinizdir. Tarixi ədalətin bərpası – əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Ali Baş Komandan olaraq rəhbərlik etdiyiniz qalibiyyətli Vətən müharibəsi haqqın, ədalətin təntənəsinə inamı təcəssüm etdirir. Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz həmrəylik və iradəsinə, dövlət-xalq birliyinə güvənən müzəffər sərkərdə olaraq Sizin dünya miqyasında apardığınız fəal, dərin zəka və dəmir məntiqə əsaslanan siyasət Azərbaycanın haqq işinin davamlı qələbəsini təmin etdi. Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, ordumuzun hünəri ilə Azərbaycanın Dövlət Bayrağı azad Qarabağda dalğalanır, məscidlərin minarələrindən Azan səsləri ucalır, müqəddəs məbədlərimiz əsarətdən qurtulmuşdur.

Möhtərəm cənab Prezident, biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri fəxr edirik ki, dilindən və dinindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz fəxarət anları yaşadan şanlı Zəfərin müəllifi Azərbaycan xalqının böyük oğlu, müdrik və qətiyyətli dövlət rəhbərimiz Zati-aliləri İlham Əliyevdir. Bu mübarək bayram bizə fürsət verir ki, Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinizə görə Sizə bütün Azərbaycan dindarlarının dərin təşəkkür və minnətdarlıqlarını bir daha ifadə edək. Sizin rəhbərliyinizlə multikultural, bəşəri dəyərlərə sadiq Azərbaycan monoetnik, faşizm, vandalizm təzahürlərinə haqq qazandıran Ermənistana qalib gəldi. İşğal olunmuş Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələrini – vəhşicəsinə dağıdılmış şəhər və kəndləri seyr etmək nə qədər ağır olsa da, Sizin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə bərabər həmin məkanların tezliklə bərpası istiqamətində həyata keçirdiyiniz genişmiqyaslı quruculuq işləri, Allah evlərinin, məbəd və ibadət məkanlarının yenidən inşa-bərpası ilə bağlı iradə və fəaliyyətiniz bizi hədsiz sevindirir. Qısa zamanda Azərbaycanın Qarabağ torpaqları Sizin möhkəm siyasi iradəniz sayəsində öz yeni, nəfis görkəmi, möhtəşəm infrastruktur layihələri, abad şəhər və kəndləri, beynəlxalq hava limanları ilə hər birimizi sevindirir. Azərbaycan dindarları Sizin xalq naminə gördüyünüz işləri yüksək dəyərləndirir, Uca Yaradanın lütfü, dövlət başçımızın rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, Zati-alinizin Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttini və Sizinlə birgə böyük səylər göstərən silahdaşınız Mehriban xanım Əliyevanın dəyərli fəaliyyətini hər zaman dəstəkləyirlər. Biz dini konfessiya rəhbərləri olaraq Sizə ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınıza görə təmsil etdiyimiz icmalar adından dərin minnətdarlığımızı bildirir, Uca Yaradandan bütün əməllərinizə xeyir-dualar diləyirik.

Möhtərəm cənab Prezident, ölkə dindarlarının adından Sizi bir daha Zəfər bayramı münasibətilə ürəkdən təbrik edirik. Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə uğurlar diləyirik. Qoy bu Zəfər bayramı, böyük Qələbəmizin ilk ildönümü dövlətimizin və xalqımızın regionda və dünyada yeni nailiyyət və uğurlarına vəsilə olsun! O Bir Yaradanımız daim yardımçınız olsun, öz lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin, Azərbaycanı və bütün Yer kürəsini hifz etsin! Amin!

Hörmətlə,

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri,

Melih Yevdayev,

Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri,

Arximandrit Aleksiy Nikonorov

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiya İdarəsinin katibi,

Yepiskop Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti,

Aleksandr Şarovskı

Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri,

Robert Mobili

Alban-udi xristian dini icmasının sədri”.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …