Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadəyə şərti cəza verilib.
Boyukmillet.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs Səlim Əlizadə son söz deyib.
O, məhkəmədən bəraət istəyib.
Daha sonra prosesdə hökm elan olunub.
Məhkəmənin hökmü ilə F.Mollazadə ilə S.Əlizadə hər biri 6 il müddətinə azadlıqdan məhkum edilib. Lakin onların barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti seçilməklə şərti cəza seçilib.
Hökmdə qeyd olunub ki, dəymiş maddi ziyanın ödənilməmiş hissəsi – 167 min manat S.Əlizadədən alınaraq Xarici İşlər Nazirliyinə ödənilməlidir.
Qeyd edək ki, prokuror F.Mollazadə ilə S.Əlizadənin hər birinin 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilərək həbs olunublar.
Daha sonra hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.