Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tətbiq edilən yeniliklər, göstərilən xidmətlərin müasirləşdirilməsi daşınmaz əmlakın qeydiyyatını sadələşdirib. 2020-ci illə müqayisədə ötən il dövlət reyestrində qeydiyyata alınan daşınmaz əmlakların sayı 20,6 faiz artıb.
2021-ci il ərzində Naxçıvan şəhəri üzrə 3 216, Şərur rayonu üzrə 1 346, Babək rayonu üzrə 1 247, Ordubad rayonu üzrə 487, Culfa rayonu üzrə 525, Şahbuz rayonu üzrə 373, Kəngərli rayonu üzrə 231, Sədərək rayonu üzrə 78, ümumilikdə, muxtar respublika üzrə 7 503 daşınmaz əmlak obyekti qeydiyyata alınıb.
Həmin obyektlər bölmələr üzrə 2 944 torpaq sahəsi, 1 574 mənzil, 2 762 fərdi yaşayış və bağ evi, 83 qeyri-yaşayış binası, 110 qeyri-yaşayış sahəsi, 30 əmlak kompleksi kimi müəssisədən ibarət olub. 2020-ci illə müqayisədə mənzillərin qeydiyyatsayı 54,5 faiz, fərdi yaşayış evlərinin qeydiyyatsayı isə 31,8 faiz yüksəlib. Daxil olmuş müraciətlər əsasında 2 223 əmlaka dair texniki pasport, 3 470 torpaq sahəsinə dair plan-ölçü, ümumilikdə, 5 693 texniki sənəd tərtib edilib ki, bu da əvvəlki illə müqayisədə 15,3 faiz çoxdur.
Ötən il ərzində 10 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, 84 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 51 ailə təsərrüfatının icarəsinə verilmiş 8,15 hektar torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.