Milli Məclisin bu gün keçirilən plenar iclasında qərbi azərbaycanlıların statusu ilə bağlı qanun layihəsinin müzakirəsi təklif olunub. Əslən Qərbi Azərbaycandan, Vedibasardan olan deputat, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli belə bir mühüm təkliflə çıxış edib.
Millət vəkili qərbi azərbaycanlıların öz yurd-yuvalarına qaytarılmasının həllini tapmasının vacib olduğunu söyləyib. “Qərbi azərbaycanlıların statusu, problemləri və öz torpaqlarına qaytarılması haqqında Milli Məclisin İnsan hüquqları komitəsində dinləmə keçirilməsini təklif edirəm”, – Ə.Ələkbərli parlament rəhbərliyinə müraciət edib.
Qeyd edək ki, Ə.Ələkbərli son zamanlar qərbi azərbaycanlılar və ümumiyyətlə, Azərbaycanın bu bölgədəki tarixi əraziləri ilə bağlı bir sıra ciddi təşəbbüsləri və fəaliyyəti ilə diqqət çəkməkdədir.