boyukmillet.com diaspor.info-ya istinadən xəbər verir ki, Milli Məclisin deputatı Nəsib Məhəməliyevin qardaşı Şamil Məhəməliyev Balakən rayonunun Hənifə kəndində qanunsuz fəaliyyət göstərən kərpic zavodu açaraq Meşə Şambul, Şambul, Mahamalar kəndlərinin inzibati ərazisinə daxil olan kənd təsərrüfatı təyinatlı, əkinə yararlı sahələri məhv etməklə məşğuldur. Neçə ildir ki, fəaliyyət göstərən kərpic zavodunda adıçəkilən kəndlərin yararlı torpaq sahələri qazılaraq xammal kimi istifadə olunur. Adıçəkilən kəndlərin sakinlərinin dediklərinə görə neçə illərdir ki, qanunsuz fəaliyyət göstərən zavodda istehsal olunan kərpiclər rayon məmurlarının gəlir mənbəyinə çevrilməklə, satış məqsədilə ölkə xaricinə də daşınır. Əldə etdiyimiz məlumatlara görə, bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları çoxsaylı şikayətlərdən sonra kərpic zavodunda yoxlama aparıblar. Maraqlı orasıdır ki, sözügedən zavod qanunsuz fəaliyyət göstərdiyi üçün cərimələr Nəsib Məhəməliyevin qardaşı Şamil Məhəməliyevə deyil, kərpicləri daşıyan yük avtomobillərinə tətbiq olunub. Hal-hazırda qazılmış torpaq sahələrinin yeri kərpic qırıntıları ilə doldurulur. Bir sözlə, Balakən rayonunun əkinə yararlı, münbit torpaq sahələri təyinatından kənar istifadə edilərək ekoloji fəlakətə məruz qalır. Balakən Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak məsələləri üzrə Dövlət Komitəsi baş verənlərə göz yummaqla ekoloji fəlakətin yaranmasında maraqlı olduqlarını nümayiş etdirirlər. Balakənə ezam olunmuş əməkdaşımızın hazırladığı reportajla bu yaxınlarda tanış ola biləcəksiniz. Mövzu ilə bağlı adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Ardı var…