“Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyi (DAVİB) və “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin(VMGİB) təşəbüsü ilə bir neçə fəal QHT rəhbərləri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyini ziyarət ediblər.
QHT rəhbərləri ilk öncə Muzey qarşısında ucaldılmış ulu öndərin abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri qoyublar.
“Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyinin prezidenti Nəsimi Qarabağlı QHT.az-a bildirib ki, QHT rəhbərləri daha sonra “Şöhrət” muzeylə tanış olaraq muzeyin rəhbərliyi tərəfindən muzeydə Ulu öndərə aid olan fotoşəkillər, sənədlər və materiallar haqqında vətəndaş cəmiyyəti nümayəndələrinə geniş məlumat verilib.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyi Ümummilli Lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, həyat və fəaliyyətinin, nəsillərə örnək olan mənalı ömür yolunun və irsinin öyrənilməsini, gələcək nəsillərə çatdırılmasını, Azərbaycan gəncliyinin Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədilə yaradılmışdır.
Burada ulu öndərin ömrünün 25 ilini həsr etdiyi xüsusi xidmət orqanlarındakı fəaliyyətinə dair guşə böyük maraq doğurur. Eyni zamanda, onun uşaqlıq, gənclik illərini, respublikaya rəhbərliyinin hər iki dövrünü əhatə edən fotoşəkillər, sənədlər və materiallarla da tanış olmaq mümkündür.
Muzeydə Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsində işlədiyi dövrə aid hərbi geyimi, kabinetində olan əşyalar, ona verilmiş hədiyyələr, mükafatlar, ümumiyyətlə, ulu öndərlə bağlı minə yaxın eksponat toplanmışdır. Bundan sonra da yeni sənədlərlə zənginləşəcək muzeydə ulu öndərimizin həyat və fəaliyyətini əks etdirən salon, rəsmi mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş konfrans salonu, arxiv, fond fəaliyyət göstərir. Muzeydə xalqımızın ümummilli liderinin büstü də qoyulmuşdur.