Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ədliyyə naziri Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru ilə görüşüb

Mayın 12-də ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.

Ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin inkişafını qeyd edən nazir bu əlaqələrin möhkəmlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun mühüm rolunu vurğulayıb, diplomatik münasibətlərimizin qurulmasının 30 illiyinin qeyd olunduğunu bildirib, dövlətlərimizin eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyini söyləyib.

Nazir 2019-cu ildə bu ölkəyə məhsuldar səfərini və Səudiyyə Ərəbistanının Kralı tərəfindən qəbulunu, keçirdiyi rəsmi görüşləri böyük məmnunluqla xatırladıb, Ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun qarşılıqlı fəaliyyətin inkişafına xidmət etdiyini vurğulayıb. Qeyd edib ki, həmkarı Dr. Valid bin Mohammad Al-Samaaninin ölkəmizə səfəri çərçivəsində Əməkdaşlıq proqramı imzalanıb, bu zaman Azərbaycan təcrübəsinə maraq göstərilib.

Şeyx Səud bin Abdullah Əl Müacib iki ölkə rəhbərləri arasında olan münasibətlərin dövlətlərimiz arasında əlaqələrin inkişafına güclü təkan verdiyini vurğulayıb, səfər zamanı Prezident İlham Əliyev tərəfindən qəbul olunmasından şərəf duyduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı, həmçinin azad edilmiş torpaqlarımızın bərpası ilə bağlı görülən işlər çox sevindiricidir. Azərbaycan Prezidenti öz ölkəsinin təhlükəsizliyi və firavanlığı naminə böyük işlər görür və qısa müddətdə uğurlara nail olunub.

Görüşdə hər iki ölkədə ədliyyə və məhkəmə-hüquq sahəsində aparılan islahatlar barədə faydalı fikir mübadiləsi aparılıb, nümayəndə heyətlərinin səfərlərinin təcrübə mübadiləsi baxımından əhəmiyyəti qeyd edilib. Qonaq iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən ədliyyə və prokurorluq sahəsində inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib.

Eyni zamanda cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığa toxunularaq Azərbaycan və Səudiyyə Ərəbistanının Beynəlxalq Prokurorlar Assosiasiyasında fəal təmsilçiliyi qeyd olunub, habelə beynəlxalq antikorrupsiya mübarizəsində əməkdaşlıq imkanları müzakirə edilib.

F.Məmmədov ölkəmizin həmtəsisçiliyi yaradılmış Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) fəaliyyəti barədə məlumat verib, vitse-prezidenti olduğu Assosiasiyanın işində Səudiyyə Ərəbistanını iştiraka təşviq edib. Baş prokuror ölkəsində korrupsiyaya qarşı mübarizənin prioritet olduğunu və bu sahədə beynəlxalq fəaliyyətə mühüm əhəmiyyət verdiyini bildirərək IAACA ilə əməkdaşlığa maraq göstərib.

Tədbirdə Səudiyyə Ərəbistanının qədim paytaxtı, YUNESKO-nun ümumdünya mədəni irs siyahısına daxil olan Diriiyyə şəhəri haqqında azərbaycanlı müəllifin “Diriiyyə – açıq səma altında muzey” adlı kitabı qonağa təqdim edilib. Bildirilib ki, kitab ərəb dilinə Əlahəzrət Kralın xeyir-duası ilə tərcümə olunub.

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr görüşdə iştirak edib.

Nümayəndə heyəti nazirlikdə ədliyyə tarixinə və Vətən müharibəsində Böyük Qələbəyə həsr olunmuş muzeylərlə tanış olublar.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …