Azərbaycanın Gürcüstandakı səfirliyində “Bakı Marafonu – 2022”yə Gürcüstandan qatılmış iştirakçılarla görüş keçirilib.
Boyukmillet.com xəbər verir ki, Azərbaycan səfiri Faiq Quliyev həvəskar və peşəkar marafonçulara yarışa göstərdikləri marağa görə təşəkkür edib.
Səfir Heydər Əliyev Fondunun təşəbbüsü ilə beşinci dəfə baş tutmuş Bakı marafonuna marağın və qatılanların sayının ildən-ilə daha da artdığını bildirib. Onun sözlərinə görə, yarışda iştirakla yanaşı marafonçuların Bakı şəhəri ilə yaxından tanışlıq və yeni dostluq əlaqələri qurmaq imkanları da olub.
F.Quliyev səfirliyin ötən ilin oktyabrında Azərbaycanın Müstəqilliyinin Bərpasının 30-cu ildönümü münasibətilə təşkil etdiyi Tbilisi-Rustavi marafonunu xatırladıb və əldə olunan təcrübənin gələcəkdə də bu kimi idman yarışlarını davamlı olaraq keçirməyə imkan verdiyini qeyd edib.
Diplomat səfirliyin Azərbaycan və Gürcüstan arasında idman və təhsil sahələrində əlaqələri daha da təşviq etməyə hər zaman hazır olduğunu bildirib.
Marafonçular səfirliyə Bakı marafonunda iştiraklarına göstərilən dəstəyə görə Heydər Əliyev Fondu və Azərbaycan səfirliyinə minnətdarlıqlarını bildiriblər. Yarışın yüksək səviyyədə təşkil edildiyini qeyd edən marafon iştirakçıları Bakıya heyranlıq hissləri ilə də bölüşüblər.
Təcrübəli marafonçu Vyaçeslav İvanets deyib ki, Bakı marafonu Azərbaycanda kütləvi idmanın inkişafına göstərilən böyük diqqət və bu istiqamətdə həyata keçirilən səylərin göstəricisi oldu: “Marafon iştirakçılarının sayı ilə təəccübləndirdi. Yarışa müxtəlif yaş qruplarına aid, həmçinin sağlamlıq imkanları məhdud şəxslər də qatılmışdı. Bakı marafonunda iştirakıma yaradılmış imkana görə təşəkkür edirəm”.
Səfirlə söhbət zamanı marafonçular Tbilisidə, Rustavi-Gəncə marşrutu üzrə marafonların keçirilməsi təkliflərini səsləndiriblər. V.İvanets isə Şuşa şəhərində marafonun təşkili təklifi ilə çıxış edib. F.Quliyev səfirliyin idman yarışlarının keçirilməsi ilə bağlı istənilən təklif və təşəbbüslərə açıq olduğunu bildirib.
Sonda marafon iştirakçılarına sertifikatlar və medallar təqdim edilib, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, mayın 15-də baş tutmuş “Bakı Marafonu – 2022”də Gürcüstandan 1 Azərbaycan, 1 Ukrayna, 1 Kanada, 2 Rusiya və 15 Gürcüstan vətəndaşı olmaqla ümumilikdə 20 nəfər qatılıb.