Azərbaycan Baş naziri Əli Əsədov iyunun 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ilə görüşüb.
Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan-Slovakiya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.
Slovakiya Milli Şurasının sədrinin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə olundu.
Eyni zamanda B.Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərinin əhəmiyyəti vurğulandı. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərin, kənd və şəhərlərimizin bərpası və yenidən qurulması istiqamətində görülən işlərdən bəhs edildi.
İki ölkə arasında investisiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırıldı. Bu baxımdan Ələt azad iqtisadi zonasının önəmi qeyd edildi, Slovakiya şirkətlərinin xarici investorlar üçün burada yaradılmış əlverişli imkanlardan faydalana biləcəyi bildirildi.
Enerji təhlükəsizliyi ilə bağlı müzakirələr aparıldı, Azərbaycanın öz zəngin enerji ehtiyatları və infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi bildirildi. Bu baxımdan Cənub Qaz Dəhlizinin önəmi xüsusi vurğulandı.
Görüşdə, həmçinin iki ölkə arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.