Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümündə hərbi qulluqçular igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.
Anma mərasimində polkovnik Elşad Əbilov Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək Milli Qəhrəmanın göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıb. Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.
Mübariz İbrahimovun göstərdiyi rəşadətin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi xüsusi vurğulanıb.
Mərasimdə Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş bütün şəhidlərin xatirələri sükutla yad edilib, məzarları üzərinə tər güllər düzülüb.