Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

“ASAN xidmət”in nümayəndə heyəti Qazaxıstanda

19-20 iyul tarixində Almatıda keçirilən “Dayanıqlı İnkişaf üçün İnnovasiyalar və Texnologiyalar üzrə Ekspert Qrupunun İclası”nda iştirak məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Qazaxıstana səfər edib.

Boyukmillet.com xəbər verir ki, tədbir Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) katibliyi və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (ECE) birgə əməkdaşlığı ilə təşkil edilib.

Ekspert Qrupunun İclasının əsas məqsədi Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramın (SPECA) iş planının həyata keçirilməsi istiqamətində prioritet və mexanizmləri müzakirə etmək, texnologiya tətbiqlərində irəliləyişləri və çətinlikləri aşkar etmək, innovativ sahibkarlığı təşviq etməkdir.

İclas çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti “ASAN xidmət” və rəqəmsal hökumət sahəsində ölkəmizdə görülən işlərlə bağlı tədbir iştirakçılarına məlumat verib.
İclasda “ASAN xidmət” tərcrübəsi, Azərbaycanda rəqəmsal hökumətin inkişafı istiqamətində görülən işlərdən danışılıb. Dövlət xidmətlərinin göstərilməsində məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə yaradılmış “ASAN Bridge” milli məlumat mübadiləsi sistemi, dövlət qurumları arası məlumatların rəqəmsal formada ötürülməsi haqqında iştirakçılara geniş məlumat verilib.

Təqdimat zamanı, həmçinin “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalının vətəndaşlara təqdim etdiyi üstünlüklərdən bəhs edilib. Eyni zamanda hər növ ödənişlərin həyata keçirilməsini təmin edən vahid portal “ASAN ödəniş” sistemi, sadəcə internet bağlantısı ilə istənilən yerdə viza əldə etmək imkanı təqdim edən “ASAN Viza” elektron viza sistemi haqqında ətraflı məlumat verilib.

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin daha bir rəqəmsal həll – vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin olunması məqsədilə mərkəzləşdirilmiş identifikasiya aləti olan “ASAN Login” layihəsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirdə Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramın (SPECA) təyin olunmuş mərkəzlərin nümayəndələri, Şimali və Mərkəzi Asiyadan, Şərqi və Şimal-Şərqi Asiyadan dəvət olunmuş ekspertlər və Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (ECE) katibliyi iştirak edib.

Check Also

“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” – Hakan Fidan

Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan Kipr türk xalqının suveren bərabərliyi və bərabər beynəlxalq …