Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Azərbaycan icması şotlandiyalı deputatlara etiraz məktubu göndərib

Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının sədri Nərgiz Morrison Şotlandiya Milli Partiyasını (ŞMP) təmsil edən bəzi deputatların İcmalar Palatasında Azərbaycana qarşı fikirlərinə etirazını bildirib.

N.Morrison Azərbaycan icması adından İcmalar Palatasında ŞMP lideri Yan Bləkforda və digər deputatlara ünvanladığı müraciətdə bildirib ki, bu qərəzli fikirlər soydaşlarımızı narahat edir və təəssüf ki, belə hal ilk dəfə baş vermir: “ŞMP deputatlarının Azərbaycana qarşı çıxışları yaxın keçmişdə də baş verib. Hər zaman həqiqətin yanında olan təcrübəli siyasətçi kimi əminəm ki, Azərbaycanın Qarabağ və ona bitişik əraziləri uğrunda aparılan Azərbaycan-Ermənistan müharibəsindən xəbəriniz var. Yəqin onu da bilirsiniz ki, 2020-ci ilin noyabrında Azərbaycan və Ermənistan arasında atəşkəs sənədi imzalanıb. O vaxtdan Azərbaycan Ermənistanı sülh sazişi imzalamağa dəvət edib”.

Ermənistanın son təxribatlarına, Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında normallaşma və sülh danışıqları aparıldığına diqqəti cəlb edən assosiasiya sədri sual edib: “Mənə maraqlıdır, görəsən, SMP deputatları niyə ölkələrimiz arasında pozitiv münasibətlərə mane olmalıdır? Biz hamımız sülh istəyirik, hamımız Şotlandiya, Azərbaycan və Avropa üçün ən yaxşısını istəyirik. Bütün deyilənləri nəzərə alaraq, mən Şotlandiyanın Azərbaycan icması ilə birlikdə parlamentdə səslənən fikirləri məyusedici və narahatedici hesab etdim”.

Müraciətdə qeyd edilib ki, Azərbaycan əsilli şotlandiyalılar bundan sonra da Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh tərəfdarı kimi çıxış edəcəklər: “İcmalar Palatasında ŞMP qrupunun lideri kimi yuxarıdakı məqamları Azərbaycan haqqında şərhlər verən Kris Lou və digər ŞMP-li həmkarlarınızla müzakirə edə bilsəniz, çox minnətdar olaram. Bundan sonra icmamız Azərbaycandakı vəziyyət və Azərbaycan-Ermənistan münasibətləri haqqında daha obyektiv fikirlərə görə minnətdar olardı. Nəzərə alın ki, lazım olarsa, daha ətraflı məlumat verməyə hazıram. Səbirsizliklə cavabınızı gözləyirəm”.

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …