Şənbə , 23 Noyabr 2024
Drone Cameras

XİN başçısı: “Azərbaycanla mövcud olan güclü dostluq əsasında görüləcək işlərimiz çoxdur”

“Azərbaycanla mövcud olan güclü dostluq əsasında görüləcək işlərimiz çoxdur və potensialımız daha böyükdür”.

Boyukmillet.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səud oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.

O, həqiqətən də iki ölkə arasında dostluq münasibətlərinin olduqca güclü olduğunu söyləyib: “Biz qardaşıq. Biz onilliklər ərzində yaxından əməkdaşlıq etmişik və bir-birimizin yanında olmuşuq. Bu, ölkəmizin rəhbərliyinin mövqeyidir”.

“Zati-aliləri, mövcud olan güclü dostluq əsasında görülə biləcək işlərimiz çoxdur və potensialımız daha böyükdür. Sizin rəhbərliyiniz və təlimatlarınız əsasında son bir neçə ayda biz bir sıra iqtisadi məsələlərdə irəliləyişə nail olmuşuq. Çünki siyasi səviyyədə və xalqlarımız arasında güclü əlaqələrə baxmayaraq, iqtisadiyyat sahəsində görüləcək işlər çoxdur. Ticarət dövriyyəmiz aşağıdır və qarşılıqlı sərmayə qoyuluşu da hər iki ölkənin iqtisadi potensialına uyğun deyil. Zati-aliləri, son iki ildə Azərbaycanda ciddi iqtisadi artım olub və ölkəniz Səudiyyə Ərəbistanı Krallığı kimi böyük uğurlara imza atıb. Biz Səudiyyə Ərəbistanında inanırıq ki, mövcud olan qardaşlıq münasibətlərimizin təməli üzərində daha güclü əməkdaşlığın qurulması üçün böyük imkanlar var”, – XİN başçısı vurğulayıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …