Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Əliabbas Salahzadə: Zəfər Günü Azərbaycanın dünənini, bu gününü və gələcəyini özündə ifadə edir

“Tarixi Zəfərimizin ikinci ilini qeyd edirik. Bayramlarımız sırasına daxil olan Zəfər Günü Azərbaycanın dünənini, bu gününü və gələcəyini özündə ifadə edir. Möhkəm təməl üzərində qurulan Azərbaycan son 19 ildə ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, dünya birliyində yeri və rolunu möhkəmləndirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 8 noyabr tarixində Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən söylədiyi “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” fikirləri bir daha bu reallığı təsdiqlədi ki, ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə ölkə Prezidentinin həyata keçirdiyi  siyasətin əsasında dayanıb. 2003-cü ildə ulu öndər Heydər Əliyev xalqa tarixi müraciətində bu inamı ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları cənab İlham Əliyev xalqın dəstəyi ilə axıra çatdıracaq. Dövlət başçısı İlham Əliyev bu inamı, etimadı bütün sahələrdə doğrultdu. Adını tarixə qalib Lider kimi yazan cənab İlham Əliyevin son iki ildə atdığı addımlara, imzaladığı Fərman və Sərəncamlardan irəli gələn vəzifələrə diqqət yetirdikdə bu qənaət yaranır ki, 2003-2020-ci illərdə torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, onların bərpasına hazırlıq işləri də görülüb və bu gün onların uğurlu nəticələri göz önündədir.”

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan 30 il dünyadan Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalət gözləməklə bərabər, iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirdi, hüquqi bazanın yaradılmasına nail oldu: “Hər bir bayram, tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Azərbaycan bu illər ərzində gücləndi, qüdrətləndi, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrlə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunması fonunda mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını təmin edir. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Azərbaycanın maliyyə imkanlarının artması ordu quruculuğu istiqamətində mühüm addımların atılmasını təmin edir. Bu gün Ordumuzun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşması da atılan addımlarn nəticəsidir. Rəşadətli Ordumuzun “Dəmir yumruğ”un ardınca “Qisas” və “Qətiyyətli cavab” əməliyyatları gücünün, qüdrətinin nümayişi oldu. Müzəffər Ali Baş Komandan tarixi Zəfərimizdən sonra bu çağırışı etdi ki, Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, “Dəmir yumruğ”un yerində olduğunu  unutmamalıdırlar.”

Əliabbas Salahzadə bu məqamı xüsusi qeyd edib ki, 44 günün hər günü Azərbaycan Ordusu irəli getdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi: “Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmənin ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Zəfər yoluna nəzər yetirdikdə hər günün tariximizə Zəfər səhifəsi kimi yazıldığını böyük qürur hissi ilə qeyd edirik. 44 gündə  5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ölkəmizin hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatı oldu. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər və  dekabrın 1-də  Laçın rayonlarını Azərbaycana təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.”

Millət vəkili bildirib ki, tarixi Zəfərimiz ermənilərin illərdir yaratdıqları mifləri darmadağın etdi: “Dünya gördü ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.”

“Azərbaycan xalqı tamamilə dağıdılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri davamlılığı ilə diqqət çəkir. Hər səfər yeni obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bütün şəhər və kəndlərimiz müasir tələblər səviyyəsində qurulur. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa edilir. Məqsəd Azərbaycanın işğal, Zəfər dövrlərinin reallıqlarını indiki və gələcək nəsillərə çatdırmaqdır. Bir sözlə, Azərbaycanın tarixində yeni səhifə başlanıb. Hər birimiz yeni dövrün çağırışlarının yüksək səviyyədə cavablandırılmasına öz töhflərimizi verməliyik”,- deyə Əliabbas Salahzadə bildirib.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …