Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyə Suriya və İraqda quru əməliyyatlarına başlayır: ilkin hədəflər məlum olub

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında keçirəcəyi ehtimal edilən quru əməliyyatlarının ilk hədəfinin Ayn Əl-Ərəb, Münbiç və Tel-Rıfat olacağı gözlənilir.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Milliyyət” yazıb.

Bildirilib ki, ABŞ və Rusiya PKK/YPG terror təşkilatına sərhəd xəttindən 30 kilometr məsafədə geri çəkilməsi üçün təzyiqləri artırıb. Qeyd edilib ki, bu, Türkiyənin tələblərinin yerinə yetirilməsi ilə bağlıdır. ABŞ-ın tələblərinə görə, terror təşkilatları 30 kilometr geri çəkilməli və bundan sonra əraziyə ABŞ hərbçiləri yerləşdirilməlidir: “Ankara bu plana müsbət yanaşmır. ABŞ-ın ərazidə hərbi cəhətdən güclənməsi davam edir. Son 1 ayda ABŞ bölgədə 6 dəfə hərbi təminat həyata keçirib”.

Qəzet yazır ki, xüsusilə Tel–Rıfat strateji əhəmiyyətə malik ərazidir. Ona görə də, ilkin hədəf kimi nəzərdə tutulub. İddialara görə, məsələ ilə bağlı ərazidəki Rusiyanın hərbi nümayəndələri ilə məsləhətləşmələr aparılır.

Qeyd edək ki, daha əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akar əməliyyatların uğurla davam etdiyini bildirib. Onun sözlərinə görə, həm İraqın, həm də Suriyanın şimalındakı bütün əməliyyatlarda yeganə hədəf terrorçulardır. Nazir deyib ki, Türkiyənin sərhədlərinin təhlükəsizliyinin təmin edilməsinə çalışılır.

Xatırladaq ki, 2022-ci ilin noyabrın 19-da Suriya və İraqın şimalında Türkiyə Silahlı Qüvvələri “Pəncə-Qılınc” hava əməliyyatına başlayıb. Əməliyyat Türkiyə tarixinin ən böyük hava hərəkatıdır.

Noyabrın 19-da yerli vaxtla saat 19.00-da Diyarbəkir hərbi hava limanından havaya qalxan 10 ədəd “F-16” tipli döyüş təyyarəsi ilk hədəfləri məhv edərək Diyarbəkirə qayıtdıqdan sonra noyabrın 20-də yerli vaxtla saat 01.00-da “F-16” və “F-4” döyüş təyyarələri ilə yanaşı çox sayda zərbə PUA-ları və tanker təyyarələri gecə yarısı əməliyyata başlayıb. Hava əməliyyatı Rusiyanın nəzarətində olan Suriya hava məkanında həyata keçirilib. Türkiyə sərhədindən 160 km dərinliyə qədər ərazini əhatə edən əməliyyat ölkənin Milli Müdafiə Nazirliyi tərəfindən “Hesab zamanı! Xain hücumların bədəli ödətdirilir!” tviti ilə elan edilib. Türkiyə Quru Qoşunları əməliyyata artilleriya dəstəyi verib. Əməliyyatla bağlı məhv edilmiş hədəfin görüntüləri Türkiyə Müdafiə Nazirliyi tərəfindən “Terror yuvaları dəqiq vuruşlarla məhv edilir” şərhi ilə paylaşılıb.

Əməliyyat çərçivəsində Suriyanın şimalında Tel Rifat, Ayn Əl Ərəb, Derbesiye, Maranez, Malikiye, Ayn İsa, Ayn Dagne, həmçinin İraqın şimalında Qəndil, Süleymaniyyə və Sincardakı hədəflər vurulub.

Milli Müdafiə Nazirliyi əməliyyatın özünümüdafiə hüququ kimi BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirildiyini açıqlayıb.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …