Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Dekabrın 10-da Baş Prokurorluqda xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabanda dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev hələ sağlığında quruculuq və xilaskarlıq missiyasının öhdəsindən layiqincə gəlməklə xalqımızın ümummilli lideri zirvəsinə yüksəlmiş dünya miqyaslı dövlət xadimi Heydər Əliyevin milli dövlətçiliyimizin möhkəmləndirilməsində misilsiz xidmətlərinin, müdrikliyi, uzaqgörənliyi, fədakar əməyi və titanik fəaliyyətinin nəticəsində ölkəmizin bu günkü inkişaf göstəricilərinə nail olduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, hələ Sovetlər dönəmində ulu öndərin səyləri nəticəsində hüquq-mühafizə orqanlarında sağlam mənəvi mühitin formalaşması istiqamətində ciddi addımlar atılıb, cinayətkarlığa, xüsusilə onun “Qoy ədalət zəfər çalsın!” çağırışı ilə rüşvətxorluğa və korrupsiyaya qarşı genişhəcmli mübarizə təşkil edilib.

Yenidən hakimiyyətə qayıdışından sonra ümummilli liderin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində başlanmış hərtərəfli və kompleks islahatlarla məhkəmə-hüquq sisteminin beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun təşəkkül tapması bildirilməklə ulu öndərin diqqət və qayğısı sayəsində Azərbaycan Prokurorluğunun dövrün tələblərinə uyğun tamamilə yenidən qurulması, cəmiyyətin və dövlətin maraqlarına xidmət edən qurum kimi formalaşdırıldığı xüsusi vurğulanıb.

Tədbirdə çıxış edən Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi Orxan İsayev dövlət quruculuğu və idarəetmə prosesində bütün məsələlərə xüsusi diqqətlə yanaşaraq hər bir strukturun fəaliyyətinə və inkişafına diqqət göstərən ümummilli lider Heydər Əliyevin məhkəmə-hüquq sisteminin inkişafında müstəsna xidmətlərini qeyd edib, hüquqi dövlət quruculuğu yolunda aparılmış islahatların əhəmiyyətindən bəhs edib.

Sonda Baş prokuror Kamran Əliyev prokurorluğun kollektivinin daim Heydər Əliyev ideyalarına sadiq qalmaqla ulu öndərin siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəklərini bildirib.

Tədbirin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş film izlənib.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …