Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“20 yanvarda doğulanlar” bədii-sənədli filminin təqdimatı olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 20 Yanvar faciəsi zamanı dənizçilərin göstərdiyi şücaət və birliyə həsr olunmuş “20 yanvarda doğulanlar” bədii-sənədli filminin təqdimat mərasimi keçirilib.

Boyukmillet.com xəbər verir ki, mərasim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin rəhbəri, millət vəkilləri, veteran dənizçilər, kino xadimləri və media nümayəndələrinin iştirakı ilə baş tutub.

ASCO-nun sədri Rauf Vəliyev çıxış edərək 1990-cı ildə SSRİ ordusunun Bakıda törətdiyi cinayətlərin yalnız Azərbaycan xalqına deyil, ümumbəşəri dəyərlərə qarşı olduğunu bildirib. O, qeyd edib ki, o dövrdə nəinki hadisələrə siyasi qiymət verilməyib, əksinə, səbəbkarlar və günahkarların adları belə xalqa açıqlanmayıb. Yalnız Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra – 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.

ASCO-nun sədri vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun sayəsində həm 20 Yanvar, həm də Qarabağ müharibəsi Şəhidlərinin qisası alınıb: “44 günlük Vətən müharibəsi Azərbaycanın böyük Qələbəsi ilə başa çatdı, torpaqlarımızın Ermənistan tərəfindən işğalına son qoyuldu, 30 illik həsrət bitdi və biz doğma yurd yerlərimizə qovuşduq. Bu Zəfərlə biz sonsuz qürur yaşadıq, ən əsası isə Şəhidlərimizin qisası alınmış oldu”.

20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin rəmzi olduğunu deyən R.Vəliyev həmin günlərdə dənizçilərin böyük fədakarlıq nümayiş etdirdiyini bildirib: “Hadisələrdən 30 ildən çox vaxt keçsə də, hələ də dənizçilərin qəhrəmanlığından danışılır. Məhz, təqdimatına toplaşdığımız “20 yanvarda doğulanlar” bədii-sənədli film faciəni ilk dünya ictimaiyyətinə çatdıran, sovet imperiyasının törətdiyi qırğın və vəhşiliyin qarşısını almağa çalışan dənizçilərimizə həsr olunub. Bədii-sənədli filmin məqsədi 20 Yanvarda dənizdə yaşanan hadisələri, dənizçilərin göstərdiyi qəhrəmanlıqları geniş auditoriyaya çatdırmaq, bu tarixi gələcək nəslə doğru-düzgün ötürməkdir”.

Sədr çıxışının sonunda ekran işinin ərsəyə gəlməsində əməyi olan hər kəsə, o cümlədən yaradıcı heyətə təşəkkürünü bildirib. Sonra 20 Yanvar hadisələrinin canlı şahidi, veteran dənizçi Ağalar İbrahimov həmkarlarının şücaətindən iftixarla danışıb. O, bildirib ki, 20 Yanvar hadisələri zamanı xalqımızla həmrəy olan dənizçilərin göstərdiyi qəhrəmanlıqlar daim yüksək qiymətləndirilib. O, ASCO-nun təşəbbüsü ilə çəkilən bədii-sənədli filmin buna bariz nümunə olduğunu deyib və filmin çəkilməsində rolu olan hər kəsə minnətdarlığını bildirib.

Ekran işinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərov filmin istehsalat prosesindən danışıb, bildirib ki, ssenari tarixi araşdırmalar nəticəsində üzə çıxan arxiv sənədlər, şahidlərin və ekspertlərin söylədiyi faktlar əsasında hazırlanıb, filmin ssenarisinin yazılmasına, çəkilişlərinə ölkəmizlə yanaşı, xaricdən dəvət olunmuş görkəmli kino işçiləri cəlb edilib. E.Cəfərov 20 Yanvar hadisələrinə işıq salmaq, tariximizi qorumaq, dənizçilərin qəhrəmanlıqlarını gələcək nəslə çatdırmaq məqsədilə çəkilən filmə dəstək göstərdiyi üçün ASCO rəhbərliyinə təşəkkürünü bildirib. Çıxışlardan sonra “20 yanvarda doğulanlar” bədii- sənədli film nümayiş edilib. Təqdimat mərasimindən sonra qonaqlar 20 Yanvar hadisələrini özündə əks etdirən nadir fotolardan ibarət sərgiylə tanış olublar.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …