Türk iş adamlarının Azərbaycanda yaratdığı “Türkiyə Əsri Birlik və Dayanışma Platforması” kampaniyasında toplanan paltar, adyal, quru qida və gigiyena materialları ilə dolu 25 konteynerdən ibarət qatarı Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sədri Rövsən Rüstəmov və Milli Məclisin deputatları tərəfindən yola salındıqdan 3 gün sonra Qarsa çatıb.
Boyukmillet.com xəbər verir ki, Qars vağzalına çatan qatarı Qars valisi və bələdiyyə sədrinin müavini Türker Öksüz, Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, vilayət jandarm komandiri, polkovnik Hıdır Ayçiçək, bəzi əyalət protokolları və vətəndaşlar qarşılayıb.
Türkiyənin dağıdıcı və ağrılı bir zəlzələ ilə üzləşdiyini dilə gətirən Türker Öksüz, “Təəssüf ki, minlərlə vətəndaşımızı itirdik, yaralananlar oldu və onların tezliklə sağalmalarını arzulayırıq. Bu zəlzələlərin vurduğu yaraların tezliklə sağalması üçün bütün dövlət qurum və təşkilatlarımız səfərbərdir”, deyib.
Türker Öksüz zəlzələ bölgəsinə xaricdən yardımların davam etdiyini, Azərbaycandan gələn qatarda zəlzələdən zərər çəkənlər üçün humanitar və ərzaq yardımı materiallarının olduğunu bildirib.
Öksüz Azərbaycan xalqına təşəkkür edərək deyib:
“Bizim Azərbaycanla iki dövlət, bir millət anlayışı çərçivəsində qardaşlıq qanununa əsaslanan mövqeyimiz var. Biz çox yaxşı bilirik ki, azərbaycanlı qardaşlarımız bu acını ürəklərində hiss edirlər. Şükürlər olsun ki, bu ağır gündə bizi tək qoymadılar. Bu yardımlar qatarla Kayseriyə, oradan da zəlzələ bölgəsinə göndəriləcək”.
Yardım qatarı daha sonra Kayseriyə yola salınıb.