Şənbə , 23 Noyabr 2024
Drone Cameras

NİDA işarəsi: Böyük Qələbənin parolu

Bütün istiqamətlər üzrə hərtərəfli şəkildə yüksək templə inkişaf edən müstəqil Azərbaycan dövləti dünyaya müharibə şəraitində fəaliyyət göstərib, ardıcıl olaraq yüksələn xətlə irəliyə doğru qətiyyətlə addımlamağın nümunəsini göstərir. Hazırda Azərbaycanda inkişaf prosesində olmayan, yeni-yeni nailiyyətlər əldə edilməyən, daha böyük irəliləyişlərə istiqamət almayan sahə yoxdur.

Müstəqil Azərbaycan Respublikası bütün dünyanın gözü qarşısında sabit, dinamik və sülhsevər dövlət kimi xalqımızın rifahının yüksəlməsinə uğurla xidmət etməklə bərabər, həm də dünya birliyinə özünün sanballı töhfələrini verməkdə davam edən ölkə olaraq tarixi yolu ilə qətiyyətlə addımlayır. Bu, Prezident İlham Əliyevin dövlət başçısı kimi apardığı məqsədyönlü siyasətin sözün əsl mənasında real təntənəsidir.

Məlum olduğu kimi, müstəqil Azərbaycan dünyada dialoq məkanı olan ölkə kimi qəbul olunur. Dialoq məkanı olmaq ilk növbədə ölkəmizdə yaşayan bütün xalqların və etnik qrupların möhkəm həmrəyliyinin təmin edilməsinə nail olmağı şərtləndirmişdir. Eyni zamanda, dialoq ölkəsi olan Azərbaycan dövləti dünyada multikultural dəyərlərin inkişafına, müxtəlif mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşdirilməsinə meydan açır, şərait yaradır, dəstək verir. Ardıcıl olaraq çoxaspektli dialoq siyasəti aparan Prezident İlham Əliyev bununla ölkəmizdə olduğu kimi, dünyada da sülhə, birgəyaşayışa, həmrəyliyə, qarşılıqlı etimada və əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verir. Azərbaycanda keçirilmiş sivilizasiyaların, mədəniyyətlərin, dinlərin dialoq forumları ölkəmizdə və dünyada sabitliyin, ədalətin, həmrəyliyin, iş birliyinin həyat normasına çevrilməsinə Azərbaycanın töhfələridir.

Bu gün Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuza malik olması möhtərəm Prezidentin qazandığı ən böyük nailiyyətlərdəndir. Buna görədir ki, dövlət başçımızın səsləndirdiyi fikirlər, bəyanatlar, beynəlxalq təşkilatlarda etdiyi çıxışlar, irəli sürdüyü çağırışlar dünya birliyi tərəfindən ehtiramla qəbul olunur, diqqətə alınır və həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir dünyanın əsas liderlərindən biri kimi qəbul olunması müstəqil dövlətimizi dünyadakı əsas söz sahiblərindən birinə çevirmişdir. Bu, hər bir Azərbaycan vətəndaşı üçün əsas qürur və iftixar mənbəyi olan mühüm nailiyyətdir.

Bu müstəvidən baxdıqda Prezident İlham Əliyevin bu günlərdə Rusiyanın Soçi şəhərində keçirilmiş “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirakı, həmin iclasın plenar sessiyasındakı dərin məzmunlu çıxışı və səsləndirdiyi bəyanatlar ölkəmizin rəhbərinin və müstəqil dövlətimizin strateji vəzifələrinin həyata keçirilməsi və beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış növbəti düşünülmüş addım kimi qiymətləndirilməyə layiq olan mühüm siyasi hadisədir.

Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasındakı nitqi ilk növbədə bir daha Azərbaycan Respublikasını dünyaya təqdim etmək, ölkə reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq sahəsində növbəti uğurlu gedişdir.

“Valday” Beynəlxalq Diskussiya Klubunun XVI iclasının Şərq siyasətinə həsr olunması fürsətindən istifadə edən dövlət başçımız Azərbaycanda əldə edilən nailiyyətləri və qarşılıqlı əməkdaşlıq istiqamətindəki prosesləri diqqət mərkəzinə çəkməklə ölkəmizə yeni tərəfdaşlar və partnyorlar qazandırmağa yol açır.

Cənab Prezidentin nitqində Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi sahəsində nailiyyətləri əks etdirən mülahizələr, faktlar və rəqəmlər bu ölkə ilə çoxcəhətli əlaqələrin reallıqlarını və perspektivlərini dolğun surətdə əks etdirir.

Xüsusən, nəqliyyat sahəsində həyata keçirilən ortaq layihələrin həm Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarında eyni səviyyədə yüksək qiymətləndirilməsi ölkəmizin rəhbərinin apardığı siyasətin yüksək səviyyədə dəstəkləndiyini və qəbul olunduğunu nümayiş etdirmişdir.

Dünyada Azərbaycanın beynəlxalq layihəsi kimi tanınan və ölkə Prezidentinin xüsusi əhəmiyyət verdiyi, böyük uzaqgörənliklə həyata keçirdiyi Şimal-Şərq və Şimal-Qərb nəqliyyat dəhlizlərinin “Valday” kimi nüfuzlu beynəlxalq forumda Rusiya Prezidenti Vladimir Putin tərəfindən aşağıdakı şəkildə yüksək qiymətləndirilməsi aparılmış siyasətin nə qədər uzaqgörən və əhəmiyyətli olduğunu təsəvvür etməyə imkan verir: “Şimal-Cənub ticarət marşrutu bizim ərazimizdən Xəzər regionundan keçməklə, Avropa ölkələrindən Mərkəzi Asiya dövlətlərinə, İran və Hindistana uzanır. Digəri (Şimal-Qərb – İ.H.) Avropa-Qərbi Çin marşrutu Baltik dənizindəki Rusiya limanlarını Sarı dənizdəki limanlarla birləşdirəcək.

Prezident İlham Əliyevin “Valday” forumunda ölkəmizin nəqliyyat-logistika siyasətinin real uğurları, beynəlxalq tranzit layihələrinin faydaları haqqındakı fikirləri qarşılıqlı razılaşma və etimada əsaslanan Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin dinamik surətdə inkişaf etdiyini və böyük perspektivə malik olduğunu əyani surətdə əks etdirir. Bu mənada Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi aşağıdakı fikirlər iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də siyasi məzmun daşıyaraq dövlətlərarası əlaqələrin inkişafının perspektivlərini də aydın surətdə əhatə edir: “Bizim əməkdaşlığımızın mühüm istiqamətlərindən biri də nəqliyyat sahəsidir. 2018-ci ildə Şimal-Cənub dəhlizi vasitəsilə daşınmış yüklərin həcmi 8 dəfə çox olub. Həcmlər hələlik böyük deyil, lakin dinamika güclü təsir bağışlayır. Onu da qeyd etmək istərdim ki, Şimal-Qərb dəhlizi də işə düşüb, Rusiyadan yüklər Azərbaycan ərazisindən keçməklə, həm cənub, həm də qərb istiqamətinə göndərilir. Bu, çox cəhətdən onun sayəsində mümkün olur ki, biz tarif siyasətimizi razılaşdırmışıq və son vaxtlar Azərbaycanda müasir nəqliyyat infrastrukturuna böyük sərmayə yatırılıb”.

Eyni zamanda, Prezident İlham Əliyevin çıxışında Rusiya dövlət başçısının nitqindəki ortaq nəqliyyat-tranzit layihələrinə dair irəli sürdüyü “körpü” siyasətinə dəstək verməsi Azərbaycanın Şərq ilə Qərb arasındakı oynadığı mühüm rolunun və daşıdığı funksiyaların obyektiv təqdimatı ilə birlikdə, həm də gələcək perspektivlərinə də işıq salır. Dövlət başçımızın Beynəlxalq Diskussiya Klubunda “Vladimir Vladimiroviçin nəqliyyat layihələrinin təkcə ticarətin inkişafına kömək etməməsi, bu istiqamətdə bizim ölkəmizdən keçən Şimal-Cənub və Şimal-Qərb dəhlizləri məhz beynəlxalq əməkdaşlığın genişləndirilməsi və risklərin azaldılması istiqamətində addımlardır, layihələrdir” – fikri ölkəmizin körpü siyasətinin mahiyyətini, əhəmiyyətini və gələcəyini real surətdə əks etdirir.

Göründüyü kimi, “Valday” forumu Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişaf etdirilib möhkəmləndirilməsi baxımından əhəmiyyətli bir platforma olduğunu təsəvvür etməyə əsas verir. Davamlı ənənələrə malik olan Azərbaycan-Rusiya əlaqələrinin inkişaf etdirilməsi siyasətinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirməsi bütün yönləri ilə hər iki ölkənin xeyrinə olmaqla yanaşı, həm də bu ölkə ilə münasibətlərin regionda və beynəlxalq aləmdə sülhün və tarazlığın qorunub saxlanılmasında, əməkdaşlıq perspektivlərinin genişləndirilməsində roluna verdiyi qiymətin ifadəsidir. Azərbaycan-Rusiya münasibətlərinin möhkəmləndirilməsi müstəqil dövlətimizin mehriban qonşuluq və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq siyasətinin növbəti addımlarıdır. Bu mənada “Valday” forumu ölkələrarası əlaqələrin yeni mərhələyə çatdırılmasına və daha da genişləndirilməsinə yeni imkanlar açmışdır.

Bütün bunlarla bərabər, “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI iclasının plenar sessiyası Dağlıq Qarabağ münaqişəsi ətrafında son vaxtlar meydana çıxmış mübahisəli məqamlara dair Prezident İlham Əliyevin səsləndirdiyi kəskin və məntiqli bəyanatı ilə tarixə daxil olmuşdur. Qeyd etmək lazımdır ki, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı Xankəndidəki görüşü zamanı “Qarabağ Ermənistanındır, nöqtə” şəklində ifadə olunmuş məsuliyyətsiz fikirlər haqqında “Valday” Beynəlxalq Diskussiya Klubu kimi motəbər bir forumun tribunasından beynəlxalq ictimaiyyət qarşısında Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş sərrast bəyanat həmin məsələyə münasibətin obyektiv siyasi və diplomatik cavabından ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI iclasının plenar sessiyasındakı aşağıdakı bəyanatı real gerçəkliyin ifadəsi olmaqla bərabər, həm də ölkə rəhbərimizin siyasi idrakının dərinliyini, intellektual düşüncəsinin sərrastlığını, müdriklik və hazırcavablığını aydın surətdə əks etdirir: “Birincisi, yumşaq desək, bu (Qarabağın Ermənistana aid olması xülyası – İ.H.), yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi!”

Həqiqətən də, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Qarabağın Ermənistana aid olmadığını artıq dünya ictimaiyyəti çoxdan bilir. Ona görə də “Valday” Beynəlxalq Diskussiya Klubunda Ermənistan rəsmisinin mülahizələrinin yalan adlandırılması heç kəsdə təəccüb doğurmamışdır. Çünki Ermənistan tərəfin XX əsrin səksəninci illərinin sonu, doxsanıncı illərinin əvvəllərində, Dağlıq Qarabağ münaqişəsinin başlanğıc mərhələsində Azərbaycanın informasiya blokadasına salınması fürsətindən istifadə edərək birtərəfli qaydada Dağlıq Qarabağın ərazi mənsubiyyəti ilə əlaqədar reallıqları qəsdən təhrif edib, o yerin Ermənistana məxsusluğu barədə yalan məlumatlar yaydığı dövrlər arxada qalıbdır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vaxtilə apardığı ardıcıl və düşünülmüş siyasi-ideoloji təbliğat işi Dağlıq Qarabağla əlaqədar beynəlxalq ictimaiyyətin obyektiv şəkildə məlumatlandırılması ilə nəticələnmişdir. Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki məqsədyönlü fəaliyyəti də dünya ictimaiyyətində bu məsələ ərtafında aydın qənaət formalaşdırmışdır.

Azərbaycan alimlərinin müstəqillik illərində tarix, arxeologiya, etnoqrafiya, antropologiya, folklor sahəsində apardığı tədqiqatlar da birmənalı şəkildə Qarabağın tarixi Azərbaycan torpağı olduğunu isbat etmişdir. Beynəlxalq sənədlərdə də Qarabağ Azərbaycan ərazisi kimi öz əksini tapmışdır. Ermənilərin Dağlıq Qarabağda gəlmə əhali olduğunu da tarixi faktlar və çoxsaylı arxiv sənədləri təsdiq edir. Azərbaycan Milli Elmlər Akademiyasında 2018-ci ildə Azıx mağarası ilə əlaqədar on beşdən çox ölkənin tanınmış alimlərinin iştirakı ilə keçirilmiş beynəlxalq elmi konfransda bu ərazilərdə tarixin ən qədim çağlarında məskunlaşmış insanların aborigen olaraq indiki azərbaycanlıların əcdadları olması qənaəti bir daha təsdiq edilmişdir. Artıq hər kəsə bəllidir ki, ermənilər çar Rusiyasının Qafqazı işğalçılıq siyasətinə uyğun olaraq Dağlıq Qarabağ ərazilərinə köçürülmüş və regionda bundan sonrakı fitnə-fəsadları törətmək missiyasını həyata keçirmişlər.

Bu mənada Dağlıq Qarabağın Ermənistana aid olmasına dair mülahizələr bu ölkənin rəhbərlərinin növbəti yalanından başqa heç nə deyildir. Ermənistan adlandırılan dövlətin Qafqazda süni yolla 1918-ci ildə yaradıldığını nəzərə alsaq, onda erməni tərəfinin Azərbaycanın digər əraziləri kimi, Dağlıq Qarabağa da nə vaxtdan sahib çıxmaq istədikləri tam aydın olar. Dağlıq Qarabağı Ermənistana aid etmək bu ölkənin işğalçılıq niyyətinin daha bir ifadəsidir. Bu isə nə Azərbaycan xalqı, nə də beynəlxalq ictimaiyyət tərəfdən qəbuledilməz olan xam xəyaldan başqa bir şey deyildir. “Qarabağ Ermənistandır” demək tam mənası ilə ağ yalandır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunda həmin fikrin yalan olduğunu bəyan etməklə Ermənistan rəhbərliyinin ənənəvi yalançı mövqeyini bir daha beynəlxalq ictimaiyyət qarşısında ifşa etmişdir.

Bundan başqa, Nikol Paşinyanın sərsəm “Qarabağ Ermənistandır” mülahizəsinin sonunda işlətdiyi nöqtə işarəsi siyasi cəhətdən də özünün düşündüyünün əksinə olaraq onun xeyrinə deyildir. Çünki nöqtə qrammatik cəhətdən keçmiş, arxada qalmış, nəql edilmiş bir fikrin sonunda işlədilən işarədir. Bu mənada nöqtə işarəsi nəinki Qarabağın Ermənistana aid olmasının dünənki xülya olduğunu göstərir, hətta Paşinyanın yalanının da təzə əhvalat olmayıb, özünəqədərki Ermənistan rəhbərləri tərəfindən istifadə edilmiş uydurma bir vasitə olduğunu nəzərə çarpdırır.

Görsənən bundan ibarətdir ki, Ermənistan xalqının gözünü yalan vədlərlə qamaşdırmağa çalışan Nikol Paşinyan erməni xalqı üçün başabəla oyunçular olmuş Sarkisyan və Koçaryanın istinad etdiyi durğun nöqtədə ilişib qalmışdır.

Bu, nöqtə işarəsinin ifadə etdiyi işğalçı hərbi-siyasi mətləb Ermənistanı böhranın dərin burulğanına salmış nöqtədir!

Ermənistan baş naziri Nikol Paşinyanın yürütdüyü məntiqsiz nöqtə siyasəti bütövlükdə erməni xalqının durğunluq nöqtəsindən çıxmasına imkan vermir!

Nöqtə işarəsindən yaxa qurtara bilməməsi Nikol Paşinyanı özündən əvvəlki başabəla rəsmilərin acı taleyindən uzağa apara bilməz!

Əgər Nikol Paşinyan doğrudan da Ermənistanı düşdüyü ağır böhran vəziyyətindən qurtarmaq və münaqişəni həll etməyə çalışmaq istəyirsə, nöqtə işarəsinin məhdud mühasirəsindən çıxmağı bacarmalı və özünə başqa bir durğu işarəsi tapmalıdır!

Əks halda, səsləndirdiyi qeyri-obyektiv və məsuliyyətsiz bəyanat Nikol Paşinyanın siyasi karyerasına nöqtə qoya bilər!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır” bəyanatını həm əlahəzrət tarix, həm də beynəlxalq sənədlər təsdiq edir!

“Qarabağ Azərbaycandır” fikri isbata ehtiyacı olmayan aksiomdur!

Görkəmli Azərbaycan şairi Molla Vəli Vidadinin vaxtilə yazdığı kimi, “külli-Qarabağın abı-həyatı, nərmü-nazik bayatıdır, bayatı”. Mühüm ədəbi-tarixi qaynaqlar və zəngin yaddaş materialları əsasında yazılmış məşhur “Qarabağnamə”lər bu qədim Azərbaycan torpağının möhürləridir!

Azərbaycan dövləti ilk növbədə dialoq yolu ilə, beynəlxalq hüquq normaları əsasında Dağlıq Qarabağı işğaldan xilas etmək uğrunda mübarizə aparır və sülh danışıqlarına sadiqdir. Lakin dövlətimiz və Prezidenti ilə həmrəy olan Azərbaycan xalqı istənilən halda özünün tarixi və əzəli ərazisi, doğma torpağı olan Dağlıq Qarabağı işğaldan azad etmək üçün lazım olan bütün vasitələrdən istifadə etməyə hazırdır.

Yaxın dövr Azərbaycan tarixinin şanlı səhifələrinə çevrilmiş Lələtəpə zəfəri, Qızılqaya qələbəsi müstəqil Azərbaycan Respublikasının Dağlıq Qarabağ uğrunda apardığı ədalətli mübarizədə nələrə qadir olduğunu parlaq şəkildə nümayiş etdirir!

Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun mötəbər kürsüsündən bəyan etdiyi “Qarabağ Azərbaycandır” – bəyanatı Qarabağ haqqında həqiqətlərin bir daha səsləndirilib ictimai rəydə möhkəmləndirilməsi deməkdir.

Prezident İlham Əliyevin bəyanatında ifadə olunan “nida işarəsi” isə Azərbaycan xalqının Dağlıq Qarabağ uğrunda mübarizəyə həmişə hazır olduğunu ifadə edən həyəcan təbilidir!

Qrammatik cəhətdən hiss-həyəcan bildirən nida işarəsi həm də çağırış, səfərbərlik düşüncəsini də əks etdirir.

Azərbaycan xalqı Prezident İlham Əliyevə məxsus “Nida işarəsi”nin çağırışlarına hər zaman hazırdır!

Nəhayət, bütün dünya bilir ki, nida işarəsi qələbə sevincinin də paroludur. Ona görə də Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” bəyanatının sonunda işlətdiyi “Nida işarəsi” Azərbaycan üçün Böyük Qələbənin parolu və anonsudur.

On milyonluq xalqımızın hər bir sıra nəfəri, o cümlədən də kirpiklərini qırpmadan Vətən torpaqlarının keşiyində cəsarətlə dayanan vətənpərvər Azərbaycan əsgərlərindən hər biri nida işarəsidir və Ali Baş Komandanın “Marş, irəli!” əmrini gözləyir.

İsa HƏBİBBƏYLİ

AMEA-nın vitse-prezidenti

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …