Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayit Şəhər İcra Hakimiyyəti ilə birgə Sumqayıt şəhər “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirib.
Tədbirin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi, bu sahədə əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, eləcə də fərdi mühafizə vasitələrindən istifadə vərdişlərinin aşılanması olub.
Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin və yerli qurumlarının, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Sumqayıt şəhər Polis İdarəsinin, Abşeron-Xızı Regional Təhsil İdarəsinin, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin, eləcə də yerli idarə və təşkilatların əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanılan tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əhalinin mülki müdafiə üzrə maarifləndirilməsi, idarə və təşkilat rəhbərlərinin, inzibati ərazi nümayəndələrinin və yerli özünüidarəetmə orqanlarının diqqətinin bu sahəyə cəlb edilməsi baxımından belə tədbirlərin keçirilməsinin vacib olduğunu bildirib. O, həmçinin çıxışında mülki müdafiə sahəsində birgə fəaliyyətin və əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.
Sonra tədbirdə çıxış edən FHN Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev bildirib ki, 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv olan Azərbaycan Respublikası ilə bu nüfuzlu təşkilat arasında sıx əməkdaşlıq münasibətlərinin qurulması və inkişafı bu il 100 illiyini təntənə ilə qeyd etdiyimiz, qüdrətli Azərbaycanın memarı, əbədiyaşar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin siyası zəkası və istedadı sayəsində yeni Azərbaycan, digər sahələrdə olduğu kimi, təbii və texnogen xarakterli fəlakətlərdən əhalinin etibarlı şəkildə mühafizəsinin təşkili məsələlərini diqqət mərkəzində saxladı, qloballaşan dünyanın çağırışlarına yeni iqtisadi inkişaf modeli ilə cavab verdi. Bu siyasət Ulu Ondərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla həyata keçirilərək, əhalinin təhlükəsizliyi və ərazilərin mühafizəsi problemlərinin həllinə yönələn mühüm tədbirlərin icrası ilə davam etməkdədir.
Daha sonra mülki müdafiə qüvvələrinin şəxsi heyətinə, texnika və avadanlıqlarına baxış keçirilərək praktiki məşğələyə start verilib. Şərti olaraq nəqliyyat qəzası nəticəsində baş vermiş yanğın Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşları tərəfindən məhdudlaşdırılaraq söndürülüb. Həmçinin, hadisə yerinə operativ çatan Sumqayıt Regional Mərkəzinin xilasediciləri xüsusi xilasetmə vasitələrindən istifadə etməklə “deformasiyaya uğramış avtomobillərdən zərərçəkmişləri” xilas edib, onlara “təxirəsalınmaz ilkin tibbi yardım” göstərərək aidiyyətı üzrə təhvil veriblər.
Sonda tədbir ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.