Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ölkənin ən varlı banklarından olan “Unibank” Prezidentin “sosial məsuliyyətlilik” çağırışına qoşulacaqmı…

“Bu gözəl yaşayış yerini özəl sektor inşa edib. Bu da bir yenilikdir. Çünki bu günə qədər 100-dən çox şəhərciyi Dövlət Neft Fondunun xətti ilə tikmişik. Mən çağırış etmişdim ki, Azərbaycanda böyük şirkətlər sosial məsuliyyət daşımalıdırlar. Demişdim ki, imkanlı sahibkarlar ağır vəziyyətdə yaşayanlara əl uzatmalıdırlar və şadam ki, mənim çağırışıma özəl qurumlar müsbət reaksiya verib”.

Bu fikirləri Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında səsləndirib.

Ölkə başçısı “Qobu-1”, “Qobu-2” və tikilməkdə olan “Qobu-3” yaşayış komplekslərinin 100 faiz özəl sektorun hesabına salındığını qeyd edib: “Mən bu fürsətdən istifadə edərək, bütün Azərbaycan şirkətlərinə – kimin böyük imkanı var, kimin o qədər də böyük imkanı yoxdur, – deyirəm ki, həmrəylik göstərməlidirlər, sosial məsuliyyət daşımalıdırlar”.

Özəl sektora dövlətin böyük kömək göstərdiyini, kreditlər verdiyini, şərait yaratdığını, infrastruktur layihələrini icra etdiyini vurğulayan Prezident İlham Əliyev sahibkarları məcburi köçkünlərin mənzillə təmin olunması işinə daha fəal qoşulmağa çağırıb. Bununla belə, ölkənin birinci xanımı Mehriban Əliyevanın da sözügedən məsələ ilə bağlı özəl sektora çağırışı olub. Məlum çağırışlar təkcə tikinti şirkətlərinə aid deyil.

O da məlumdur ki, ölkədə çoxsaylı kommersiya bankı, özəl klinikalar, özəl universitetlər və digər bu kimi təsisatlar fəaliyyət göstərir. Ancaq çox təəssüf ki, onların heç biri korporativ sosial məsuliyət prinsipindən çıxış edərək bu kimi fəaliyyətlərlə məşğul olmurlar. Hansı ki, dövlət onlara hərtərəfli şərait yaradıb. Dövlətin yaratdığı imkanlardan istifadə edərək yaxşı qazanc əldə edirlər. Ancaq bütün bunlara baxmayaraq, Prezidentin bu yöndə çağırışına əməl etmirlər. Korporativ sosial məsuliyyət prinsipindən çıxış edərək bu işə töhfə vermirlər. Bunların sırasında kommersiya bankları da var.

  • “Unibank”: “Bankın KSM layihələri sosial və inkişafa dəstək xarakterli olaraq, idman, mədəniyyət, səhiyyə, ekologiya və digər sahələri əhatə edir”

Bu gün Azərbaycanda ən varlı banklardan biri də “Unibank”dır. Azərbaycanda 30 bankdan 13-nün nizamnamə kapitalı 100 milyon manatdan çoxdur. Sözügedən 13 bankdan biri də “Unibank”dır. Hansı ki, bu bankın nizamnamə kapitalının həcmi 125 milyon manatdan çoxdur. Ölkədə “Unibank”ın çoxsaylı filialı fəaliyyət göstərir. Ancaq indiyə qədər müşahidə edilməyib ki, adıçəkilən bank məcburi köçkünlər üçün tikilən mənzil layihələrinə dəstək versin. Əslində, baxanda banklar bu yöndə mənzil-tikinti kooperativləri ilə müqavilə bağlayıb, bu məqsədlə müəyyən hesaba vəsait köçürə bilər. Ancaq görünən odur ki, geniş imkanlara rəğmən, adıçəkilən bank bunda maraqlı deyil. Nəyə görə Prezidentin məlum çağırışına bankın qoşulmadığı ilə bağlı “Unibank”a sorğu göndərdik. Bankın buna cavabı ümumi xarakterli oldu: “Unibank” Kommersiya Bankı 27 illik fəaliyyəti dövründə həyata keçiridiyi çoxsaylı korporativ sosial məsuliyyət layihəsi ilə ölkə bank sektorunda hər zaman öncüllərdən olub. “Unibank”ın KSM layihələri sosial və inkişafa dəstək xarakterli olaraq, idman, mədəniyyət, səhiyyə, ekologiya və digər sahələri əhatə edir. 2018-ci ildə “Unibank” Azərbaycan bank sektorunda ən böyük KSM layihələrdən birinə imza atıb. Ötən ilin mart ayından etibarən “Unibank” güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. 2020-ci ilin yayınadək bank komandanın yerli və xarici yarışlarda iştirakını maliyyələşdirəcək”.

  • Rəsul Cahangirli: “Təəssüflər olsun ki, banklar bunda maraqlı deyillər”

Ekspert Rəsul Cahangirli isə bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra bankların geniş imkanlarının olmasına rəğmən, bu kimi sosial layihələrə dəstək verməkdə maraqlı deyillər: “Halbuki, belə bir dəstək olsa, o zaman məcburi köçkünlərin mənzil təminatı ilə bağlı işlər daha tez həll olunacaq. Bütün yük dövlətin üzərinə düşməz. İndiyə qədər banklar bu işə qoşulsaydı, bəlkə də bütün məcburi köçkünləri mənzillə təmin etmək məsələsi bitmişdi. Təəssüflər olsun ki, banklar bunda maraqlı deyillər”.

Vidadi ORDAHALLI

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …