“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq, o cümlədən sərnişindaşıma xidmətinin təhlükəsiz, rahat və vaxtında təmin edilməsi istiqamətində əlavə tədbirlər planı həyata keçiriləcək.
Boyukmillet.com xəbər verir ki, Novruz bayramında artan sərnişin tələbatı nəzərə alınaraq, 20, 22, 24 mart tarixlərində Bakı-Qəbələ, 21, 23, 25 mart tarixlərində isə Qəbələ-Bakı istiqamətində reyslərin sayı artırılıb.
Bakı-Qəbələ marşrutu üzrə qatar Bakıdan saat 08.00-da yola düşərək mənzil başına saat 11:20-də çatacaq. Qəbələdən Bakıya saat 19:00-da yola düşən qatar isə saat 22:20-də Bakı Dəmiryol Vağzalına çatacaq.
“Azərbaycan Dəmir Yolları”, həmçinin ölkə daxili sərnişin daşıma xidmətləri çərçivəsində Bakı-Ağstafa marşrutu üzrə 18 mart tarixinə əlavə 2 reys, 19 və 20 mart tarixlərinə isə əlavə 1 reys təyin edib.
Qeyd edək ki, 18 mart tarixində sərnişin qatarı saat 08:25, 08:45 və 17.00-da Bakıdan Ağstafaya yola düşəçək. Qatarın yolda olma müddəti 4 saat 55 dəqiqədir.
19 və 20 mart tarixlərində isə sərnişin qatarı hər gün saat 08:25 və 08:45-də Bakıdan Ağstafaya yola düşəçək.
“Bayram günlərində Abşeron Dairəvi Dəmiryolu xətti üzrə həyata keçirilən sərnişin daşımalara gəlincə isə qatarlar istirahət günlərindəki ənənəvi qrafikə uyğun hərəkətdə olacaqlar”, – məlumatda deyilir.