Cümə , 29 Mart 2024
Drone Cameras

ABŞ sanksiyaları işini gördü – zəif İrana hərbi müdaxilə gündəmdə, təyyarədaşıyanlar İslam ölkəsini mühasirəyə alır…  

 

img

İranı iqtisadi sanksiyalarla zəiflətməyə çalışan ABŞ-ın bundan sonra cənub qonşumuza hərbi müdaxilə edə biləcəyinə dair ehtimallar özünü doğruldur. Belə görünür ki, İrana iqtisadi müstəvidə ciddi zərbə vurduqdan sonra ABŞ bu ölkə hərbi müdaxiləyə hazırlıq görür. İndilikdə isə əsas məqsəd İranı iqtisadi cəhətdən mümkün qədər çökdürməkdir.

Artıq iqtisadi sanksiyalarla əlaqədar olaraq İranda, inflyasiya ilə yanaşı, qiymətlər də artmaqda davam edir. Cari ilin aprel ayında istehlak mallarının qiyməti 51,4 faiz artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə ərzaq məhsullarının qiyməti 84 faiz artıb. Bu ilin 4 ayı ərzində milli valyuta olan rialın dəyəri 17 faiz aşağı düşüb. Sanksiyalar səbəbindən İran istehsal etdiyi xam nefti dünya bazarına çıxara bilmir. Bu da valyuta gəlirlərinin azalmasına səbəb olub. Sanksiyalar İran iqtisadiyyatına 10 milyard dollar həcmində ziyan vurub. Belə vəziyyət İran daxilində narazılığı və gərginliyi artırır ki, elə ABŞ-ın da istədiyi budur. Məhz İranı iqtisadi cəhətdən zəiflətdikdən sonra ABŞ bura hərbi müdaxilə üçün də hazırlıq görür. Belə bir vaxtda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton bildirib ki, Vaşinqton İran sahillərinə təyyarədaşıyan və bombardmançılar qrupu göndərəcək: “ABŞ bir sıra artan həyəcanlı əlamətlərə və xəbərdarlıqlara cavab olaraq “Avraam Linkoln” təyyarədaşıyan zərbəçi qrupunu və bombardmançıların operativ qrupunu ABŞ-ın Mərkəzi komandanlığının regionuna göndərəcək. Bu, İran rejiminə aydın və dəqiq siqnal olacaq ki, Birləşmiş Ştatlar və ya müttəfiqlərimizin maraqlarına istənilən hücum amansız güclə qarşılanacaq”. Onun sözlərinə görə, Birləşmiş Ştatlar İranla müharibəyə cəhd etmir, amma istənilən hücuma cavab verməyə tamamilə hazırdır.

Qeyd edək ki, İran Ali Milli Təhlükəsizlik Şurası İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına salınmasına cavab olaraq ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığını (CENTCOM) terror təşkilatı, ABŞ-ın özünü isə “terrorizmin sponsoru olan dövlət” kimi tanıyıb. İndi hesab edilir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının Yaxın Şərqdə olan qüvvələri bundan sonra İranın mümkün hücumlarına məruz qalacaq. Digər tərəfdən ABŞ-ı narahat edən əsas məqamlardan biri İranın Hörmüz boğazını bağlaya biləcəyi ilə əlaqədardır. ABŞ, güc yolu ilə olsa belə, buna imkan verməyəcəyini bəyan edir. ABŞ-ın hərbi hədələri fonunda Tehran artıq Vaşinqtonla savaşı istsina etmir. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu xüsusda bildirib ki, bəzi dövlətlər ABŞ-ı və prezident Donald Trampı faciə ilə nəticələnəcək müharibəyə sürükləyir. Nazir vurğulayıb ki, istər Konqresdə, istərsə də ictimaiyyətdə ABŞ prezidenti Trampın siyasətinin əleyhinə çıxanların çoxalması təsadüfi xarakter daşımır: “Onlar başa düşürlər ki, ABŞ mənasız silahlı münaqişəyə doğru gedir“. İrana qarşı sanksiyaları iqtisadi terrorçuluq adlandıran Zərif qeyd edib ki, sanksiyalardan İranla yanaşı, bir çox digər dövlətlər də əziyyət çəkir. Bu fakt dünyada ABŞ-ın nüfuzuna çox ciddi zərbə vurur.

Nazir nəzərə çatdırıb ki, Vaşinqton administrasiyası özünün milli maraqlarına deyil, başqa qüvvələrin maraqlarına xidmət edir. Onun sözlərinə görə, bu durumda İran-ABŞ müharibəsi də qaçılmaz deyil: “ Bəzi insidentlər hərbi konfliktə gətirib çıxara bilər. İnsidentlər Fars körfəzi və Hörmüz boğazında yaşana bilər. 2016-cı ildə ABŞ gəmilərinin İran tərəfindən saxlanması zamanı ABŞ-ın keçmiş dövlət katibi Con Kerri ilə olan birbaşa kontaktımdan sonra iki ölkə arasında toqquşmadan qaçmaq mümkün oldu. Hazırda isə ölkələr arasında bu tip kontaktlar yoxdur”.

Bununla yanaşı, yayılan digər məlumata əsasən, Vaşinqtonun İran sahillərinə təyyarədaşıyan və bombardmançılar qrupu göndərməsinə cavab olaraq İran və Rusiya birgə dəniz təlimlərinin keçirilməsi barədə razılığa gəlib. Təlimlər İrana məxsus sularda təşkil olunacaq. İran ordusunun Hərbi-Dəniz Qüvvələri komandanı Hüseyn Xanzadinin bildirdiyinə görə, təlimlərlə bağlı olaraq donanma İranın cənub rayonlarına göndəriləcək. Bu isə Fars körfəzi və Hörmüz boğazında İranın əlavə hərbi qüvvələr cəmləşdirməsi deməkdir. ABŞ-ın məhz bu yerlərə hərbi qüvvə yığması da  savaş ehtimalını xeyli artırır. Yaranmış durumda Avropa proseslərə neytral qalmağa çalışsa da, İsrail ABŞ-ın tərəfində yer alıb savaşda iştirak edəcəyini bildirir. Rusiya isə İrana istənilən yardımı göstərəcəyini vurğulayır. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da qeyd edir ki, ABŞ-ın yeni sanksiyalarla bağlı təhdidi ölkəsinin İranla qanuni və qarşılıqlı mənfəətə söykənən əməkdaşlığını dayandırmayacaq. O, iranlı ortaqların bu sahədə daha zəngin təcrübəyə malik olduqlarına diqqət çəkib: “Biz uzun müddətdir ABŞ-ın Rusiyaya sanksiya tətbiq etdiyi şəraitdə yaşayırıq. Bunun 2012-ci ildən bu yana belə davam etdiyini xatırladıram. Bu müddət ərzində ABŞ tərəfindən tətbiq edilən bu qanunsuz üsula ciddi şəkildə uyğunlaşdığımız ortadadır. Dolayısı yolla, bu cür təhdidləri sakit formada qəbul edirik, şantaja baş əymirik. Amerikalı həmkarlar öz yerli qanunlarını ölkə xaricində də tətbiq etmək haqları olduğu düşüncəsilə hansı tədbirləri görürsə görsün, ölkələrimizin beynəlxalq hüquqa və tamamilə yerli qanunvericiliyə uyğun olaraq, nüvə sahəsi də daxil olmaqla, İran İslam Respublikası ilə əməkdaşlığımızı sistematik genişləndirib inkişaf etdirəcəyik”. Bu əməkdaşlıq fonunda yayılan məlumatlara əsasən, Rusiya İrana yeni hərbi texnika satışına da ciddi hazırlıq görür.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir