Cümə , 29 Mart 2024
Drone Cameras

Adil Əliyev: Qarşıda bizi daha ciddi işlər gözləyir, bu səbəbdən də hər kəs öz məsuliyyətini başa düşməlidir

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad edildikdən sonra qarşıda duran əsas məqsədlərdən biri də bərpa-quruculuq işlərinin həyata keçirilməsi və vətəndaşlarımızın öz torpaqlarına geri qayıtmasıdır. Dövlətimizin başçısı həmişə çıxışlarında bildirir ki, işğaldan azad edilmiş ərazilər təkcə ölkəmizin yox, eyni zamanda, dünyanın cənnət guşələrindən birinə çevriləcək. Artıq bu sahədə işlərə start verilib və ilkin mərhələdə yolların, hava limanının tikintisi işləri sürətlə davam edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.
Ərazilərin minalardan təmizlənməsinin, Ermənistanın ölkəmizə uzun illər ərzində vurduğu maddi və mənəvi ziyanın hesablanmasının diqqət mərkəzində olduğunu qeyd edən Adil Əliyev bildirib: “Hazırda Ermənistanın ölkəmizə vurduğu zərərin hesablanması məqsədilə mütəxəssislərin iştirakı ilə komissiyalar fəaliyyət göstərir. Ermənistanın vurduğu ziyan sözlə ifadə edilə bilməyəcək qədər böyükdür. Davam edən hesablamalar nəticəsində alacağımız rəqəmlərin çox böyük olacağı şübhəsizdir. Çünki Ermənistan ərazilərimizi yalnız işğal etməyib, orada mümkün olan bütün özbaşınalıqları, vandalizmi həyata keçirib. Ərazidə salamat binaların qalmaması, bütün infrastrukturun dağıdılması, tarixi, mədəni abidələrin məhv edilməsi nəticəsində ölkəmizə külli miqdarda ziyan vurulub.
Hazırlanan hesabatlar Ermənistanın vurduğu zərərin qarşılığında ödənilməli olan təzminatın məbləğinin müəyyənləşdirilməsi üçün əsas təşkil edəcək. Minatəmizləmə əməliyyatları başa çatdıqdan, habelə vurulan ziyanın məbləği müəyyən edildikdən sonra ərazidə quruculuq işləri daha da geniş vüsət alacaq.
Hazırda isə mühüm məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə yeni idarəetmə modelinin qurulması, habelə həmin torpaqlarda aparılan bütün işlərin sistemləşdirilməsi və növbəti mərhələdə oraya böyük qayıdışın təmin olunmasıdır.
Məlum olduğu kimi, hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında işğaldan azad edilmiş torpaqlarımızda aparılan işlərlə bağlı Qərargah yaradılıb.
Qərargahın əsas fəaliyyət istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərlə bağlı irəli sürülmüş təşəbbüslərin qiymətləndirilməsi, eyni zamanda, bölgənin gözəl guşəyə çevrilməsi istiqamətində planlı işlərin aparılmasıdır.
İşğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə sistemi qurulur, dövlətimizin başçısının xüsusi nümayəndələri ərazilərə təhkim olunur və orada baş verən bütün hadisələr onların nəzarəti altındadır.
Belə ki, ilkin olaraq Şuşa şəhərinə xüsusi nümayəndə təyin edildi. Bundan əvvəl isə Şuşa dövlətimizin başçısı tərəfindən ölkəmizin mədəniyyət paytaxtı elan olunub. Bununla yanaşı, Şuşa şəhərinin türk və İslam dünyalarının paytaxtı elan edilməsi istiqamətində ciddi iş aparılır. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi ilə yanaşı, aparılan abadlıq-quruculuq işləri, habelə işğaldan azad edilmiş ərazilərimizin sakinlərinin oraya geri qaytarılması prioritet məsələlərdəndir.
Təəssüflə qeyd etməliyik ki, belə bir məqamda bəzi məmurların irəli sürdüyü təkliflər olduqca absurd səslənir. Bəzən məmurların təkliflərinin əsasında dövlət mənafeyindən daha çox, şəxsi mənafe dayanır, bu cür münasibət isə qəbuledilməzdir.
Eyni zamanda, bəzi məmurların onlara edilən müraciətlərə yanaşma tərzləri olduqca qəbuledilməzdir. Belə ki, vəzifəli şəxslərə edilən müraciətlər zamanı onlar hər hansı bir problemin həlli üçün yalnız onlara fərdi qaydada müraciət etdikdən sonra məsələnin həllinin mümkün olacağını bildirirlər. Əfsuslar olsun ki, bəzən hər hansı bir məsələnin həlli üçün müvafiq icra hakimiyyəti orqanının rəhbərliyi ilə əlaqə saxlamaq müşkül məsələyə çevrilir. Belə olduqda isə sadə vətəndaşların həmin məmurların qəbuluna düşməsi, problemlərinin həll edilməsi demək olar mümkün deyil.
Dövlətimizin başçısı öz çıxışlarında dəfələrlə deyib ki, hər bir məmur ona göstərilən etimadı doğrultmalıdır. Göstərilən etimadı doğrultmayanların, qanunsuz əməllər törədənlərin ilkin mərhələdə vəzifələrini, bəzi hallarda isə azadlıqlarını itirmələrinin dəfələrlə şahidi olmuşuq. Bu gün vəzifənin və ya səlahiyyətin həcmindən asılı olmayaraq, əsas amalımız Azərbaycan Prezidentinin formalaşdırdığı siyasi iradəyə uyğun olaraq dövlətə, dövlətçiliyə, vətəndaşlarımıza xidmətdir. Əgər əsas hədəf budursa, hansı səbəbdən bəzi məmurlar əlçatan olmaqdan imtina edir, görüşlərdən, telefon zənglərindən qaçır və sonda vətəndaşların problemləri daha da dərinləşir.
Bəzi hallarda vətəndaşların müraciətləri təmin olunmadığı üçün daha yuxarı qurumlara müraciətlər edilir, vətəndaşın məmurun qəbuluna düşməsi isə indiki məqamda mümkün deyil. Başadüşüləndir ki, indi pandemiyadır və hazırkı məqamda qəbul mümkün deyil, amma ən azından müraciətlərə baxılaraq onların qanunvericiliyin tələblərinə uyğun həlli mümkündür. Lakin bəzi məmurlar sanki özlərini bütün cəmiyyətdən təcrid ediblər. Belə hallar heç xoşagələn deyil və cəmiyyətdə olan xoş əhval-ruhiyyənin, mehribançılığın, inamın əleyhinə yönələn yolverilməz hərəkətlərdir.
Ümid edirik ki, Prezident İlham Əliyevin Şuşanın məmurlar paytaxtı yox, mədəniyyət paytaxtı elan edildiyi barədə fikirləri hamı üçün dərs olacaq. Çünki bu gün hər kəs torpaqlarımızın işğaldan azad edilməsinin cəmiyyətdə yaratdığı xoş ovqatın daimi olması istiqamətində əlindən gələni etməlidir. Axı, qarşıda bizi daha böyük işlər gözləyir. Bunların içərisində ən mühümü isə işğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsi və oraya böyük qayıdışın təmin edilməsidir.

Check Also

Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə …