Cümə , 26 Aprel 2024
Drone Cameras

Ağır əsgərlik şərtləri üzündən 15 min gənc Ermənistan vətəndaşlığından imtina edib…

“Keçmiş SSRİ respublikalarının heç birində belə göstərici qeydə alınmayıb”

Vüqar Qədirov:  “Son beş ildə 15 min adamın vətəndaşlıqdan imtinası həmin ölkənin çökməsinə dair əlavə sübutdur”

 

Son beş ildə Ermənistan vətəndaşlığından imtina edənlərin sayında kəskin artım qeydə alınıb. Bu barədə məlumat Ermənistan mətbuatına həmin ölkənin Pasport-viza Departamentindən verilib. Departamentin xəbərinə görə, təkcə yola saldığımız 2017-ci ildə vətəndaşlıqdan imtina ərizəsi verənlərin sayı 3823 nəfər təşkil edib.

Xəbərdə deyilir ki, 2012-ci ildə 968, 2013-də 1461, 2014-də 2407, 2015-də 2487, 2016-cı ildə 3863 nəfər analoji müraciət edib. Beləliklə, 2012 seçkilərində Respublika Partiyasının hakimiyyətə gəlməsindən bu günə qədər 15 000 şəxs Ermənistan vətəndaşlığından imtina ərizəsi təqdim edib.

Sözügedən partiyadan deputat seçilmiş Ermənistanın keçmiş baş polisi Alik Sarkisyan bunu çox böyük göstərici adlandıraraq, hakimiyyətin bu barədə ciddi düşünməli olduğunu bildirib. Həmçinin, o istisna etməyib ki, göstərilən rəqəmin əhəmiyyətli hissəsini hərbi xidmətdən yayınmaq istəyənlər təşkil edir.

Bütün bunlar düşmən ölkədə sadə vətəndaşların Qarabağ müharibəsinin onlar üçün faciəvi sonluğunu təxmin etmələrindən xəbər verirmi?

Ekspert Vüqar Qədirovun sözlərinə görə, Ermənistandakı demoqrafik vəziyyətin olduqca acınacaqlı olmasına dair məlumatlar bundan əvvəl də vardı: “Biz bunların ətrafında ciddi təhlillər də aparmışıq. Hazırda isə həyəcan təbilini onların özləri çalır. Nə qədər maraqlı olsa da, onlar rəqəmləri gizlətmədiklərini göstərmək istəyirlər. Bəlkə də gizlədildikdən sonra bu rəqəm ortaya çıxır. Yenə də acınacaqlı mənzərədir. Mən sizə onların digər qurumlarının açıqladığı rəqəmləri də təqdim etmək istərdim. Ermənistanın Statistika Xidmətinin açıqlaması ölkədə daimi əhalinin 2001-2016-cı illərdə 228,7 min nəfər azaldığını göstərib. Azalma şəhər əhalisi arasında 181,7 min nəfər, kənd əhalisi arasında isə 46,9 min nəfər təşkil edir və ölkə əhalisinin 8 %-nin itirilməsi ilə nəticələnib.

Bu statistik göstərici Ermənistanda doğrudan da ciddi demoqrafik problemlərin olduğunu göstərir. Xüsusən miqrasiya, ölkəni tərk edənlərin sayının çoxluğu aşağı doğum göstəricisi ilə paralel statistikanı bərbad vəziyyətə salır. Bu ölkədə əhali köçünün bir çox səbəbləri var. Əsas səbəblər kimi dondurulmuş Dağlıq Qarabağ münaqişəsi, Türkiyə və Azərbaycanla sərhədlər bağlı olduğundan iqtisadi təcrid, yerli elitanın korrupsioner mahiyyəti, gömrük inhisarı və ədalətsizliklə bağlıdır.

BMT-nin Əhali Fondunun məlumatına görə, son 25 ildə Ermənistandan mühacirət edənlərin sayı 1 milyondan çox olub. Keçmiş SSRİ respublikalarının heç birində belə göstərici qeydə alınmayıb. Sonda qeyd etmək lazımdır ki, 1991-ci ildə 4,2 milyon əhalisi olan işğalçı ölkədə 2017-ci ilin 1 oktyabrı üçün 2,979 milyon vətəndaş yaşayır. Bu göstərici 1976-cı ilin əhali sayı ilə bərabərdir. Vətəndaşlıqdan imtina isə olduqca ciddi məsələdir. Son beş ildə 15 min adamın vətəndaşlıqdan imtinası həmin ölkənin çökməsinə dair əlavə sübutdur”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir