Cümə axşamı , 2 May 2024
Drone Cameras

Almaniya hökuməti bir “Cronimet”ə görə Azərbaycan xalqını nə vaxtadək özündən narazı salacaq…

Samir Adıgözəlli: “Bu ölkə Azərbaycanla əlaqələrini erməni maraqlarına xidmət edən bir şirkətə qurban verməməlidir”

“Ermənistan rəhbərliyinə gəldikdə, onların hər bir addımı, hər bir hərəkəti biabırçılıq olub. Amma beynəlxalq auditlə işləyən beynəlxalq şirkət bu çirkin əməllərə əl atırsa, burada həmin o şirkətin yerləşdiyi ölkələrin hüquq-mühafizə orqanlarının işi olmalıdır. Biz bir neçə dəfə o şirkətin adını çəkmişik, bu gün də çəkə bilərəm: “Cronimet” şirkəti. Nə üçün bugünə qədər reaksiya verilmir? Nə üçün Almaniyanın hüquq-mühafizə orqanları bu şirkətin əməllərini araşdırmır? Biz axı, rəsmən müraciət etmişik. Həm də həmin “Cronimet” şirkətinə müraciət etmişik: gəlin, təmizləyin bu ekoloji terrorun fəsadlarını. Cavab yoxdur”.

Bunu Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.

Prezident konkret olaraq Ermənistanla əlbir olub Azərbaycan ərazisində qanunsuz əməllər, ekoloji terror törədən alman şirkətinin adını çəkdi. Əlbəttə, bundan əvvəl də sözügedən şirkətin adı çəkilib, amma Almaniya dövləti hansısa səbəbdən “Cronimet” şirkətinə qarşı hər hansı bir addım atmır.

  • “Almaniya hökuməti, nəhayət ki, Azərbaycanın haqlı və ciddi narazılığına biganə qalmamalı və  “Cronimet”lə bağlı tədbir görməlidir”

İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, bu qədər müraciətlərə, çağırışlara, tələblərə baxmayaraq Almaniyanın hüquq-mühafizə orqanlarının “Cronimet” şirkətinə qarşı hər hansı bir addım atmaması təəssüf doğurur. “Cənab Prezident növbəti dəfə Ermənistanın, eləcə də ona şərik olan bəzi ölkələrin vətəndaşları və şirkətləri barədə ifşaedici faktlar göstərdi. Almaniyanın “Cronimet” şirkəti Ermənistanla əlbir olaraq Azərbaycan ərazilərində bu gün də təhlükə saçan ekoloji terror törətdiyi üçün məsuliyyətə cəlb olunmalı olduğu halda məsuliyyətdən kənar qalıb. Bu şirkət müharibə cinayətində iştirak etdiyinin fərqinə varmalıdır. Prezidentin söylədiyi bu fikirlər, açıqladığı faktlar “Cronimet” şirkətinin törətdiyi ekoloji fəlakətin, terrorun nə qədər təhlükəli olduğunu beynəlxalq aləmin, o cümlədən də Almaniya dövlətinin diqqətinə çatdırılması baxımından çox əhəmiyyətlidir. Bir Avropa şirkəti gəlib Azərbaycan ərazisində ekoloji terror törədir, amma Avropa buna susur, Almaniya hüquq-mühafizə orqanları bu şirkətlə bağlı hər hansı bir araşdırma aparmır. Prezidentin bu sərt mesajlarından sonra Almaniya hökumətinin “Cronimet” şirkətinə qarşı tədbir görəcəyinə ümid edirik. Hesab edirəm ki, bu ölkə Azərbaycan dövləti ilə əlaqələrin zədələnməsini istəməz, bu səbəbdən də şirkətlə bağlı araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına rəsmən göstəriş verər. Oxçuçayın çirkəndirilməsi böyük ekoloji fəlakətdir. Buna da səbəb Ermənistandakı mis kombinatından təmizlənməmiş tullantıların uzun illər boyu Oxçuçaya atılmasıdır ki, bunun nəticəsində də orada ekoloji fəlakət yaradıb. Bu bizim ürəyimizi ağrıdan bir məsələdir. Çox təəssüflər olsun ki, indiyə qədər Almaniyanın müfaviq qurumları bu ekoloji terroruin törədilməsində birbaşa əli olan  “Cronimet” şirkətə qarşı tədbir görməyib. Təsəvvür edin ki, başqa bir ölkənin şirkəti bu cinayəti törətsəydi indi Almaniya və başqa Avropa ölkələri bəyanatı bəyanatın ardınca verirdi”.

S.Adıgözəllinin sözlərinə görə, xarici şirkətlərin Azərbaycan ərazilərinə qanunsuz cəlb edilməsi Köçəryanın və Sarkisyanın hakimiyyəti dövründə baş verib və onlar xaricdəki erməni lobbisinin əli ilə bu cür şirkətləri cəlb ediblər. S.Adıgözəlli hesab edir ki, bu gün Azərbaycanla yanaşı beynəlxalq ekologiya, ətraf mühitin mühafizəsi və müdafiəsi ilə məşğul olan təşkilatlar bu məsələni qaldırmalıdır. S.Adıgözəllinin qeyd etdiyinə görə, Azərbaycan əraziləri iki ilə yaxındır ki, işğaldan azad olunub, amma bizim ərazimizdə baş verən ekoloji terror, fəlakət barədə beynəlxalq ekologiya qurumları hər hansı bir hesabat hazırlayıb yaymayıb: “Azərbaycan Prezidenti məsələ ilə bağlı öz fikrini dedi, mesajlarını verdi. Arzu edərdik ki, beynəlxalq ekologiya təşkilatları da buna səssiz qalmasınlar. Təəssüf ki, indiyə qədər onların buna hər hansı bir münasibəti olmayıb. Aidiyyəti beynəlxalq qurumlar Almaniyadan “Cronimet” şirkəti ilə bağlı araşdırma aparmağı tələb etməlidir. Amma tələb etmirlər. Çünki burada da ikili standartlar özünü göstərir. Fikrimcə, Almaniya hökuməti, nəhayət ki, Azərbaycanın haqlı və ciddi narazılığına biganə qalmamalı və  “Cronimet”lə bağlı tədbir görməlidir. Bu ölkə Azərbaycanla əlaqələrini erməni maraqlarına xidmət edən bir şirkətə qurban verməməlidir. Almaniyanın ölkəmizdəki səfiri yəqin ki, bu barədə arıq öz ölkəsini məlumatlandırıb”- deyə S.Adıgözəlli qeyd etdi.

S.Adıgözəlli həmçinin vurğuladı ki, Almaniyadakı Azərbaycan diasporu nümayəndələri də “Cronimet” şirkətinin cinayətlərinin araşdırılması barədə Almaniya hökumətinə müraciət etməlidir və bu şirkətin əməlləri barədə məlumatlar yaymalıdır.

İradə SARIYEVA

Check Also

Milli Məclisin sədri Qafarova ŞKTC millət vəkili Öztürkü qəbul edib

Türk Dünyası Parlamentlərinin Xarici Əlaqələr Komissiyalarının Toplantısı üçün Azərbaycanda səfərdə olan Cümhuriyyət Məclisinin Hüquq, Siyasi …