Azərbaycan Gimnastika Federasiyası (AGF) antidopinq əleyhinə görülən tədbirlərdə AMADA (Azərbaycan Milli Antidopinq Agentliyi) ilə ən sıx əməkdaşlıq edən idman qurumudur.
Boyukmillet.com xəbər verir ki, bunu AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib.
Hüseynlinin sözlərinə görə, bu baxımdan, AGF-nin işi təqdirəlayiqdir:
“AGF AMADA-nın yarandığı ilk günlərdən bizimlə sıx əməkdaşlıq edir. Bu federasiya hər zaman maarifləndirmə tədbirlərimizdə fəal iştirak edir. Ümumiyyətlə, ilk günlərlə müqayisədə indi çox az federasiya var ki, bizimlə əməkdaşlıqda yaxından iştirak etməsin”.
Son 6 ay ərzində 1500 idmançı ilə maarifləndirmə işinin aparıldığını və 30-dan çox seminarın keçirildiyini açıqlayan Ş.Hüseynlinin sözlərinə görə, AMADA dünyada ən çox maarifləndirmə işləri aparan antidopinq agentlikləri arasında ilk sıralarda gedir.