Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

AntiAzərbaycan şəbəkənin növbəti məkirli planı

Yaxud şər qüvvələrin idmanı siyasiləşdirmək cəhdi

Azərbaycan bir qayda olaraq mühüm beynəlxalq tədbirlər, idman yarışları, ölkənin siyasi həyatı üçün əhəmiyyət kəsb edən hadisələr ərəfəsində xaricdə uzun illər formalaşmış qara, şər qüvvələrin hədəfinə çevrilir. Yaxın tariximizdə dəfələrlə biz bu kimi olayların şahidinə çevrilmişik. İstər “Evrovision” musiqi yarışması Bakıda keçirilən ərəfədə, istər ilk Avropa Oyunları zamanı, istərsə də İslam Hərmrəylik Oyunları, Formula-1 yarışlarının təşkili müddətində Azərbaycan ənənəvi şər qüvvələrin hücumuna, qərəzli yanaşmalarına, əsassız dəyərləndirmələrinə məruz qalıb. Təəssüflər olsun ki, hələ də bu məkirli siyasət dəyişməyib və günümüzdə də davam edir. Çünki, Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli idman yarışına evsahibliyi etmək ərəfəsindədir. Söhbət may ayının 29-da Bakıda keçiriləcək UEFA-nın final oyunundan gedir. Kifayətqədər geniş spektri əhatə edəcək və milyonların marağına səbəb olacaq idman yarışıdır. Buna təkcə idman yarışı kimi deyil, eyni zamanda Azərbaycanın növbəti dəfə dünyaya tanıdılması, çıxış əldə etməsi, onun iqtisadi gücünün nümayişi, siyasi sabitliyinin tanıdılması kimi də baxmaq lazımdır. Ən əsası, UEFA-nın final yarışmasının iqtisadi səmərəliliyi də nəzərə alınmalıdır. Bir sözlə bütün parametrləri üzrə yalnız və yalnız uğur gətirə biləcək bir idman yarışıdır və həmin idman yarışına Bakı evsahibliyi etməklə yuxarıda sadaladığımız müsbət tendensiyalara bir daha nail ola bilər. Bu isə təbii ki, xaricdəki antiAzərbaycan şəbəkəni, onların maşası rolunu oynayan milli satqınlarımızı əlbəttə ki, razı salmır. Nəticə etibarilə, Azərbaycana  qarşı əsassız yanaşmalar, qərəzli fikirlər, ədalətsiz hücumların növbəti mərhələsi başlayır. Əslində yaxın keçmişdəki acı təcrübə bunun baş vermə mümkünlüyünü şübhəsiz edirdi və gözlənilən idi. Nəhayət, çox keçmədən Azərbaycana qarşı hücumlar yeni mərhələyə qədəm qoydu.

Azərbaycana qarşı planlı və xüsusi ssenari əsasında həyata keçirilən bu oyunların əsas təşkilatçılarının, ssenari müəlliflərinin erməni lobbisi və onun maliyyəsi ilə hərəkət edən bəzi avropalı siyasilərin olduğu hər kəsə aydındır. Ancaq diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, artıq rəsmi qurumlar da erməni lobbisinin təsir dairəsinə düşür və antiAzərbaycan şəbəkənin sıralarında yer alırlar. Hər halda Böyük Britaniyanın  Xarici İşlər Nazirliyi də daxil olmaqla bu ölkənin bir sıra instansiyaları, həmçinin digər Avropa ölkələrinin bəlli təşkilatlarının idmana aid olmayan siyasi açıqlamalar verməsi, Azərbaycanı əsassız olaraq nələrdəsə ittiham etməsi belə deməyə əsas verir.

Diqqət edək, Azərbaycan nədə ittiham edilir və ölkəmizə qarşı olan bu qərəzli yanaşmaya ən düzgün cavab nə ola bilər?

 
 

Məsələn, iddia edilir ki, guya Azərbaycanda insan hüquqları kobud şəkildə pozulur, qanunun aliliyi gözlənilmir. Yaxud, ölkədə viza problemi var. Və s., və i.

Azərbaycanla bağlı irəli sürülən iddiaların heç birinin reallıqla yaxından-uzaqdan bağlılığı olmadığını deyən “Hilal” təşkilatının sədri Arzuman Abdulkərimov deyib ki, burada əsas məqsəd sözügedən idman yarışının Bakıda keçirilməsinə maneçilik yaratmaqdır: “Baxın, hansı məsələləri qabardırlar? Guya Azərbaycanda insan hüquqları kobud şəkildə pozulur, qanunun aliliyi gözlənilmir. Mən tam əminliklə deyə biləərm ki, belə bir iddia ortaya qoyna şəxsin ümumiyyətlə Azərbaycan barədə məlumatı yoxdur. Çünki, elə bir ay bundan əvvəl, bir qədər də dəqiqləşdirsək Novruz bayramı ərəfəsində Cənab Prezident İlham Əliyev əfv sərəncamı imzalamaqla yüzlərlə insanı azad etdi. Hansı ki, dövlət başçısı tərəfindən əfv edilənlər sırasında bu gün Azərbaycana qarşı qərəzli yanaşmalar ortaya qoyan həmin xarici dairələrin siyasi məhbus kimi qələmə verdiyi şəxslər də vardır. Yüzlərlə insanın bir gündə əfv edilməsi, onların öz ailələrinə qovuşması məgər insan hüquq və azadlıqlarına verilən hörmət deyilmi? Yaxud elə bir müddət əvvəl dövlət başçısı məhkəmə hüquq sistemində islahatların həyata keçirilməsi barədə müvafiq sənəd imzaladı. Heç şübhəsiz ki, bu islahatlar da Azərbaycanda qanunun aliliyinin daha da möhkəmləndirilməsi, bu istiqamətdə mövcud olan xırda problemlərin tamamilə aradan qaldırılmasına xidmət edəcək. Ona görə də, bu gün Azərbaycanı insan hüquq və azadlıqlarının pozulması ilə ittiham etmək tamamilə yalnışdır, hətta ədalətsiz bir yanaşmadır. Həmin dairələr, qüvvələr əvvəlcə öz ölkələrinə diqqət etsinlər, insan hüquq və azadlıqlarına necə hörmət qoyduqlarına nəzər yetirsinlər. Təxminən bir neçə ay əvvəl Fransada, Almaniyada, eləcə də Avropanın digər ölkələrində keçirilən etiraz aksiyalarında dinc, əli silahsız vətəndaşlara fiziki güc tətbiq edən məgər Azərbaycan polisi idi? Yaxud, Suriya, Liviya, eləcə də digər ərəb ölkələrindən Avropaya mühacirət edən əlacsız, ac-yalavac insanlara qarşı amansız davranışlar nə tez yaddan çıxıb? Ona görə də atalar yaxşı deyib ki, utanmasan oynamağa nə var ki?”.

Arzuman Abvdulkərimov Azərbaycanla bağlı irəli sürülən digər qərəzli yanaşmalara da toxunub və onların əsassız olduğunu faktlarla göstərib: “Bir başqa iddia ondan ibarətdir ki, Azərbaycanda viza problemi mövcuddur. Təbii ki, bu da qərəzli yanaşmadır və heç bir əsası yoxdur. Hər kəsə bəllidir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ASAN Viza rejimi tətbiq edilib və hava limanında anındaca qısamüddətli prosedurdan sonra viza almaq mümkün olur. Bunu ölkəmizə səfər edən hər bir xarici vətəndaş açıq şəkildə etiraf edir və bu sistemin tətbiqini alqışlayır.  Ona görə də mən bir daha o fikrə qayıdıram ki, Azərbaycan barədə yuxarıda da qeyd edtiyim iddiaları ortaya qoyanlar, belə qərəzli fikirlər səsləndirənlər, ümumiyyətlə Azərbaycan barədə məlumatlı deyillər. Sadəcə onlar erməni lobbisinin maliyyəsi və aldıqları təlimat əsasında danışırlar”.

Təşkilat sədrinin sözlərinə görə, Bakıda otellərin baha olması ilə bağlı iddialar da reallıqdan uzaqdır: “Otellərin kifayət qədər baha olması barədə deyilənlərin də heç bir məntiqi əsası yoxdur. Bu gün paytaxtımız da kifayət qədər və fərqli qiymətlərlə fəaliyyət göstərən otellər mövcuddur. Hətta 20-30 dollardan başlayan otellər belə tapmaq mümkündür. Təbii ki, bir qədər bahalı otellər də var və bu da həmin otellərdə göstəilən xidmətlə əlaqədardır. Guya, Avropada otellər su qiymətinədir? İş və tədbirlərlə bağlı səfər etdiyimiz ölkələrdə bunun əyani şahidi olmuşuq. Ona görə də antiAzərbaycan şəbəkənin bu iddiasının da heç bir məntiqi əsası yoxdur və Azərbaycanı gözdən salmaqdan başqa bir şey deyil.  Yaxud uçuş biletlərinin qiymətinin baha olması fikirləri də absurddur. Belə ki,  AZAL hazırda Böyük Britaniyaya və geri olan reyslərinə beynəlxalq mülki aviasiyada mümkün olan ən aşağı qiymətlərdən başlayaraq daha yüksək qiymətlər tətbiq edir. AZAL ın təklif etdiyi qiymətlər mövcud beynəlxalq qiymətlərdən daha aşağıdır.  Ona görə də bütün bunları nəzərə alaraq deyə bilərəm ki, onların başlıca məqsədi UEFA-nın final mərhələsinin Azərbaycanda keçirilməsinin qarşısını almaqdır. Çünki həmin qarşılaşmaya minlərlə xarici turist təşrif buyuracaq ki, bu da iqtisadi baxımdan ölkəmiz üçün səmərə verəcək. Onların Bakıda olduqları müddətdə otellərdə, ticarət mərkzələrində, iaşə obyektlərində xərclədikləri pullar büdcəyə əlavə daxilolmalara gətirib çıxaracaq ki, bu da bizim üçün yeni imkanlar yaradacaq. Ona görə də ciddi cəhdlə bu qarşılaşmanın Bakıda keçirilməsinıə mane olmağa çalışılır”.

Arzuman Abdulkərimov onu da qeyd edib ki, Azərbaycan istənilən formada keçirilən tədbirlər zamanı onun iştirakçılarına ən yüksək formada təhlükəsizlik təminatı verib və onu həyata keçirib: “Hətta düşmən ölkə olan Ermənistan nümayəndəsinin də Bakıda təşkil olunan istənilən tədbirdə iştirakına ən yüksək səviyyədə şərait yaradılıb və təhlükəsizlikləri  təmin edilib. Ona görəı də Arsenal klubunun oyunçusu erməni əsilli Genrix Mxitaryanın Azərbaycana gəlməsində heç bir problem yoxdur və ən yüksək təhlükəsizlik zəmanəti verilib. Qeyd edim ki, əvvəllər də erməni idmançılar Azərbaycanda keçirilən müxtəlif idman yarışlarında iştirak ediblər. Hətta Avropa Oyunları zamanı Azərbaycan dövlət başçısı Cənab İlham Əliyev erməni idmançıya şəxsən mükafatı, gümüş medalı təqdim edib və heç bir insident, xoşagəlməz hal qeydə alınmayıb. Ona görə də bu iddia da tamamilə yersiz və əsassızdır” .

Göründüyü kimi, yenə də antiAzərbaycan şəbəkə  ölkəmizə qarşı qarayaxma kampaniyasına start verib. Başlıca məqsədləri mötəbər yarışın, UEFA-nın final qarşılaşmasının Bakıda keçirilməsinə əngəl yaratmaq olan bu şəbəkə dəridən-qabıqdan çıxaraq qarşılarına qoyduqları məqsədə çatmaq istəyirlər. Çünki Bakıda keçirilən bu mötəbər yarışla onlar Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar. Hazırda irəli sürülən və heç bir əsası olmayan iddialar da növbəti mühüm tədbir ərəfəsində Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdür.

Ancaq hər zaman olduğu kimi bu dəfə də şər qüvvələrin xeyir üzərində qalib gələcəyi mümkün görünmür. Çünki aparılan kampaniya sonda sabun köpüyü effekti verir və bu və ya digər tədbirə, toplantya təşrif buyuran qonaqlar, idmançılar mövcud reallıqla yerindəcə tanış olurlar. Anlaşılır ki, ayrı ayrı dairələrin irəli sürdüyü iddialar əsassızdır və qərəzlidir. Çünki, Azərbyacan əvvəlki dövrdə də sübut edib ki, istənilən böyük beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil etməyə qadirdir. Eləcə hazırda  UEFA-nın final qarşılaşmasını.

Süleyman İsmayılbəyli

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir