Cümə , 15 May 2026
Drone Cameras

ARİF PAŞA — Laçının Susmayan Ağrısı


YURD AĞRISINI ÖMRÜNƏ ÇEVİRƏN ADAM



Bir ömrü yurduna sipər edən adamın ən böyük savaşı bəzən öz adamlarıyla olur…

O, Azərbaycanda milli oyanışın ilk səslərinin eşidildiyi günlərdə meydana atılanlardan idi…

O, milli kimliyimizin üstündən sovet tozu silinərkən ilk olaraq “biz türkük” deməyə cəsarət edənlərdən oldu…

O, xalq hərəkatının nizama salınması, təşkilatlanması üçün gecəsini-gündüzünə qatanlardan idi…

O, bütöv Azərbaycan düşüncəsini romantik şüar yox, siyasi xətt kimi müdafiə edənlərdən idi…

O, xalqın iradəsinə söykənərək dövlət quruculuğunun ən ağır çağlarında ön cəbhəyə çıxanlardan oldu…

O, ötən əsrin sonlarında müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanımızda ordu quruculuğunun əsas yükünü çiyinlərinə alanlardan idi…

Və o… elə həmin hərəkatın içindən çıxan adamların ittihamları, siyasi qısqanclığı və xəyanətləri arasında ən çox daşlananlardan biri oldu…

O, Laçının adını sadəcə dilində daşımırdı…

O, bütün varlığıyla laçınlaşmış bir insandı.
Laçın onun üçün sadəcə doğulduğu yer deyildi.

O, Laçını baxışında daşıyırdı, xarakterində daşıyırdı, qürurunda daşıyırdı.

Onun sərtliyində dağ havası vardı, inadında Laçının qayaları, susqunluğunda isə yurdsuz qalan obaların ağrısı yatırdı…

O, milli kimliyimizi yaşayan və yaşadan adamlardan idi.

Türklüyü kitab cümlələri ilə yox, həyatının içində daşıyanlardan idi.

Bəlkə də buna görə onu sevmək də çətin oldu, qəbul etmək də…

Bu gün çox adam onu ittiham edir.
Çox adam illərin içindən keçib gələn müxtəlif “həqiqətlər” danışır.

Ancaq qəribədir…

İllərdir Arif Paşa haqqında hökm verənlərin çoxu onunla üz-üzə oturub söylədiklərini sübut etmək cəsarəti göstərməyib.

Çünki uzaqdan danışmaq asandır.
Uzaqdan daş atmaq da…

Amma Arif Paşa daşlana-daşlana belə hər kəsi dinləməyi bacaran adamlardan oldu.

O, insanların üzünə baxıb onların dediyi “həqiqət”in harasında qorxu, harasında şəxsi maraq, harasında siyasi qərəz olduğunu sezə bilirdi.

Bəlkə də buna görə çoxlarını narahat edirdi.

Çünki bəzi adamlar qarşısındakı insanın susmasını istəyər.

Arif Paşa isə susanda belə adamın içini oxuyanlardan idi.

Onun haqqında aqressiya yaradanların bir qismi əslində onun səhvlərinə yox, xarakterinə qarşı savaşırdı.

Çünki o, uyğunlaşan adam olmadı.
Zamana görə rəng dəyişən, şəraitə görə mövqe satan adamlardan olmadı.

Bəzən sərt oldu, bəzən emosional oldu, bəzən də içindəki ağrını gizlədə bilmədiyi üçün yanlış anlaşıldı…

Amma heç vaxt saxta olmadı.
Ən böyük faciələrdən biri də budur:
Bu toplum çox zaman səmimi adamları bağışlamır. Çünki səmimiyyət maskaları cırır.

O, cəbhəçi oldu, amma zaman keçdikcə öz cəbhədaşlarının qurduğu siyasi divarların arxasında tək buraxıldı…

O, dövlət üçün savaşdı, amma illərlə dövlətin sərt üzü ilə üz-üzə qaldı…

O, həbs olundu, ittiham edildi, susdurulmaq istəndi…

Amma çoxları bir həqiqəti unutdu:
Bir insanın səhvi olsa belə, onun çəkdiyi zillət, təhqir və təcrid bəzən cəzanın özündən də ağır olur.

Arif Paşanın həyatına baxanda insan bir həqiqəti görür:

Azərbaycan öz savaş adamlarını çox zaman döyüş meydanında yox, sükutun içində itirib.

Çünki o nə kabinet siyasətçisi idi, nə də şəraitə uyğun rəng dəyişən adam.

Onun dili sərt idi, davranışı emosional idi, mövqeyi isə çox zaman kompromissiz.
Belə adamlar isə bizim coğrafiyada ya qəhrəmanlaşdırılır, ya da tamamilə gözdən salınır. Ortası olmur.

Halbuki Azərbaycanın ən ağır günlərində — ordunun dağınıq, dövlətin zəif, cəmiyyətin ümidsiz olduğu çağlarda — önə çıxmaq hər adamın işi deyildi.

Bu gün rahat kreslolarda oturub keçmişi mühakimə etmək asandır.

Amma o illərin ağrısını yaşayanlar bilir ki, həmin dövrdə meydanda olmaq belə risk idi.

Arif Paşa yalnız bir hərbi-siyasi fiqur deyildi. O, bir dövrün psixologiyası idi.
Məğlubiyyətin içində müqavimət ruhunu diri saxlamağa çalışan adamlardan biri idi.

Onun sərtliyinin altında dağılmış bir yurdun ağrısı vardı.

Onun aqressiyasının arxasında xəyanət görmüş insanların yorğunluğu vardı.

Onun susqunluğunun içində isə illərlə danışıb eşidilməməyin küskünlüyü yatırdı.

Bəli, onu sevən də oldu, qəbul etməyən də…

Bəli, onun fəaliyyəti ətrafında mübahisələr də yarandı…
Amma bir həqiqət dəyişmir:

Azərbaycan dövləti və cəmiyyəti onun potensialından tam istifadə edə bilmədi.
Onun savaş ruhunu, təşkilatçılıq enerjisini, milli düşüncəsini ya siyasi qarşıdurmalara qurban verdi, ya da zamanla kölgəyə çəkdi.

İndi Arif Paşanın sükutuna baxıb onu yorğun sayanlar var…

Halbuki bəzi adamlar yorulduğu üçün yox, artıq hər şeyi gördüyü üçün susur.

Bəlkə də o, indi içində yenə Laçının yollarını gəzir…

Bəlkə yenə dumanlı dağlara baxıb oba tüstüsünü xatırlayır…

Bəlkə də Qızıl Almaya gedən yolun bir gün yenidən millətin yaddaşından keçəcəyinə inanır…

Çünki insan doğulduğu yurddan çıxa bilər, amma yurd insanın içindən çıxmaz.

Və günün birində….

Laçının yollarında yenə oba tüstüsü qalxacaq…

Yenə “portal”sız, filansız yurda dönən insanların ayaq səsləri eşidiləcək…

Yenə o dağların başında qədim bir oba nəfəsi dolaşacaq…

Onda insanlar anlayacaq ki, bu xalqın ən sərt görünən adamlarının belə içində əslində yalnız bir ağrı yaşayıb:

Yurda qayıtmaq ağrısı…
Arif Paşa da o Adamlardandır…

İgid Teymurlu

Check Also

Yaponiya Hörmüz boğazında beynəlxalq missiya ilə bağlı danışıqlara qoşulacaq

Yaponiya Hörmüz boğazında çoxmillətli missiyaya hazırlıqlara həsr olunmuş müdafiə nazirlərinin onlayn görüşündə iştirak edəcək. Boyukmillet.com …