Çərşənbə axşamı , 15 Oktyabr 2024
Drone Cameras

Arzu Nağıyev: “Məhz Naxçıvanda keçirilən Günnüt əməliyyatından sonra Ermənistan ordusunda kütləvi istefalar və həbslər başlandı”

Arzu Nağıyev: “Məhz Naxçıvanda keçirilən Günnüt əməliyyatından sonra Ermənistan ordusunda kütləvi istefalar və həbslər başlandı”

 

“Düşünürəm ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun gücü yetərlidir ki, Naxçıvanı blokadadan çıxarsın və eyni zamanda Ermənistan ərazisindən Azərbaycana qarşı bütün təxribat törədə biləcək yüksəklikləri darmadağın etsin”.

Bu sözləri NAXCİVANXEBERLERİ.COM-a müsahibəsində politoloq Arzu Nağıyev deyib.

Bildiyimiz kimi Günnüt zəfərinin 1-ci il dönümü tamam olur. Bəs keçən 1 il ərzində Günnüt əməliyyatı kimləri və niyə narahat edir?

– Qeyd etdiyiniz kimi artıq Günnüt zəfərindən 1 il keçir. Ötən 1 il ərzində Günnüt əməliyyatı ən çox Ermənistan hakimiyyətini narahat edir. Ermənistandakı Paşinyan hakimiyyətinin narahatlığı əbəs yerə deyil .Günnüt əməliyyatı digər əməliyyatlarla müqayisədə sakit keçdi və demək olar ki, Azərbaycan ordusu itki vermədi. Ən mühüm strateji əhməmiyyətli yüksəkliklər ələ keçirildi. Bununla da Azərbaycan ordusu Naxçıvan istiqamətində Ermənistanın ərazilərini,strateji əhəmiyyətli yollarını tam şəkildə nəzarət altında saxlayır. Zənnimcə bu əməliyyat Lələtəpə əməliyyatından sonra Ermənistanın ordusu haqqında yaratdığı mifi darmadağın etdi. Məhz Naxçıvanda keçirilən Günnüt əməliyyatından sonra Ermənistan ordusunda istefalar və həbslər başlandı. Hətta son vaxtlar Paşinyan hakimiyyəti Lələtəpə və Günnüt əməliyyatına görə yenidən istintaqın bərpası ilə əlaqədar bəyanatla çıxış edir və yenidən buna baxılmasını tələb edir. Bu proseslərdən sonra Ermənistan hakimiyyətində çaxnaşmalar yarandı. Bütün bunlar göstərdi ki, Ermənistanın ordusu həddən artıq zəifdir. Onların arxayın olduğu havadarlar belə anlarda yanlarında olmur. Günnüt əməliyyatı bir daha göstərdi ki, Azərbaycan ordusu istənilən an öz torpaqlarını azad etmək gücünə malikdir.

Əməliyyatın strateji tərəfi İrəvan-Yexaqnadzor-Gorus-Laçın-Xankəndi yolunun nəzarətə götürülməsidir. Bu Ermənistan üçün hazırda hansı problemləri yaradır?

– Strateji baxımdan İrəvan-Yexaqnadzor-Gorus-Laçın-Xankəndi yolunun Azərbaycan ordusunun nəzarətinə keçməsi nəticəsində ermənilər artıq başa düşür ki, bütün daşınan hərbi texnikalara Azərbaycan ordusu nəzarət edir. Bu həm də kəşfiyyat xarakterli məlumatların alınmasında çox mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycan ordusu tərəfindən istənilən an bu ərazilərdə olan terrorist qurupları və işğalçı ordunu blokadaya salmaq mümkündür.
Məlumdur ki, bizim gələcək məqsədimiz işğal olunmuş ərazilərimizi tam şəkildə erməni qəsbkarlarından azad etməklə suverenliyimizi bərpa etməkdir. Ali baş komandan cənab İlham Əliyevin daim bir şüarı var : “ Məqsəd Azərbaycanın suverenliyi, müstəqilliyimizin qorunması və Azərbaycan vətəndaşının rifahıdır”.
Bütün beynəlxalq normalara, qanunlara söykənərək, onları tam yerinə yetirərək Azərbaycan bu gün diqtə edən bir tərəfdi və Azərbaycan ordusu işğal olunmuş əraziləri tam şəkildə təmizlədikdən sonra hətta ən yüksək statusu ermənilərə verməyə hazırdır. Təbii ki, ermənilər Azərbaycan bayrağı altında bütün bunları qəbul etməlidirlər.

Yaxın günlərdə Müdafiə Nazirliyi tərəfindən keçirilən taktiki təlimlər zamanı “ Hədəfimiz Şuşadır” şüarının deyilməsi-birinci Lələtəpə, ikinci Günnüt, üçüncü əməliyyatın Şuşa olması ehtimalı varmı?

– Bu gün keçirilən taktiki təlimlər göstərir ki, Azərbaycanın ən müasir silahı və həmin silahları idarə edən güclü kadr potensialı var. Zənnimcə bu cür əməliyyatlar bizim işğal olunmuş ərazilərimizdə keçiriləcəkdir. Heç bir güc, qüvvə Azərbaycanın ordusunun qarşısına sual qoya bilməz ki, niyə əzəli Azərbaycan torpaqlarında belə əməliyyat keçirirsən.

Hazırda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun imkanlarını, gücünü necə qiymətləndirmək olar?

– Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu çox müasir texnikaya malik, taktiki təlimlərdən keçmiş, eyni zamanda yüksək peşəkar kadr potensialına malik bir ordudur. Bu orduda əsas məsələ əsgərlər Azərbaycan vətəndaşları ilə, öz komandirləri ilə və eyni zamanda Ali baş komandanla daim eyni nöqtəyə vura biləcək bir amalla yaşayırlar. Düşünürəm ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun gücü yetərlidir ki, Naxçıvanı blokadadan çıxarsın və eyni zamanda Ermənistan ərazisindən Azərbaycana qarşı bütün təxribat törədə biləcək yüksəklikləri darmadağın etsin. Blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında belə bir ordunun saxlanılması strateji baxımdan çox mühümdür. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna Naxçıvan Muxtar Respublikası rəhbərliyi tərəfindən yüksək diqqət göstərilir.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir