Qarşıya baxmalı və digər oyunlara hazırlaşmalıyıq.
Boyukmillet.com xəbər verir ki, bunu badminton üzrə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi Paris-2024 Yay Olimpiya Oyunlarında Keişa Fatimə Zəhranın ilk matçından sonra deyib.
Mütəxəssis N qrupunda He Bin Çzyaoya (Çin) uduzan idmançının rəqibi ilə müqayisədə təcrübəsinin az olduğunu bildirib: “Çinli idmançı buraya qızıl medal qazanmaq üçün gəlib. Olimpiya təcrübəsi də var. Ayın 29-da yaxşı nəticə əldə etmək üçün çalışacağıq”.
Validarvi digər badmintonçu Edi Reski Dviçayonun da şanslarını dəyərləndirib: “Edinin təcrübəsi Keişadan yaxşıdır. Onun olimpiya təcrübəsi də var. Uğur qazanmaq üçün çox istəklidir və bu yarışlara hazırdır. Dünən də onunla danışarkən bütün qarşılaşmaları qazanmaq gücünə malik olduğunu dedi. İnanıram ki, ayın 29-da Azərbaycan badmintonu üçün xoş xəbər verərik”.
Qeyd edək ki, Edi Reski Dviçayo ilk görüşünə iyulun 29-da çıxacaq. Keişa Fatimə Zəhranın də ikinci görüşü eyni günə təsadüf edəcək.