Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azay Quliyev “Media haqqında” qanun layihəsinə təkliflər verdi

Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” yeni qanun layihəsi II oxunuşda müzakirə olunub.


Boyukmillet.com xəbər verir ki,  9 fəsil 78 maddədən ibarət layihənin müzakirəsi zamanı deputat Azay Quliyev sənədə münasibət bildirib.

“Maddə 3.2.1-də qeyd olunur ki, bu qanun jurnalistlər istisna olmaqla media sublekti hesab edilməyən şəxslərə şamil edilmir. Media subyekti hesab edilməyən şəxslər hansılardır? Necə ki, 25-ci maddədə biz media subyektinin siyahısını vermişik, media subyekti hesab edilməyən şəxslərin də siyahısı verilməlidir ki, qanun da bütün məsələlər aydın olsun.

Ümumiyyətlə, qanunun tətbiqi dairəsi genişlənməli, sosial şəbəkə platformaların fəaliyyətlərinin yerli qanunvericiliklə uzlaşdırılması məsələsi bura daxil edilməlidir.

Bilirsiniz ki, sosial şəbəkə platformalarının fəaliyyətinin qanunla uzlaşması təcrübəsi bir çox Avropa ölkələrində tətbiq olunmaqdadır.

Misal üçün, Almaniyada sosial media platformaları milli qanunvericiliyin tələblərini pozduqlarına görə məsuliyyət daşıyırlar və bu pozuntuların qarşısını almaq üçün işlək mexanzimlər mövcuddur.  Xüsusilə, sosial mediada terror, dövlətin konstitusyon formasının dəyişdirilməsi, təhqir, hədə-qorxu mətnlərinin yayılması faktına görə sosial şəbəkə platformaları həmin ölkələrdə qanunun tələbinə uyğun olaraq effektiv tədbirlər görməyə borcludurlar. Azərbaycanda isə bu sahədə ciddi problemlər qalmqadadır. Düşünürəm ki, biz də bu məsələnin  qanunvericilik səviyyəsində həlli yollarını tapmalıyıq”,-A.Quliyev deyib.

Deputat maddə 4-də dövlətin media sahəsindəki vəzifələrinin sadalandığını xatırladaraq təklif irəli sürüb:

“Burada 4.1.2. “dövlət hər kəsin  informasiya təminatı üçün şərait yaradır” yarımbəndində informasiya sözündən əvvəl “keyfiyyətli” sözü əlavə edilsin.

Maddə 26.3-də “hansı şəxslərin media  subyektinin təsisçisi ola bilməz” yarımbəndində bir sıra haqlı tələblər  var, yəni kimlər media subyekti təsis edə bilməz, məsələn, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər; məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər və s.

Hesab edirəm ki, bütün bunlarla yanaşı aşağıdakı məzmunda yeni 26.3.6. yarımbəndin əlavə edilməsi vacibdir:

Bu qanunun 14-cü maddəsinin tələblərini pozduğuna görə məsuliyyətə cəlb olunan şəxslər. 

Əgər şəxs yuxarıda qeyd olunan tələbləri pozduğuna görə məsuliyyətə cəlb olnunsba,  onun yenidən media subyekti təsis etməsinə yol vermək olmaz. Çünki, belə hüququn ona təkrar tanınması onun reabilitasiyasi üçün əsas yarada və təkrar bu pozuntuya yol verməsini stulmullaşdıra bilər.


Təəssüf ki, biz hazırkı təcrübədə bu cür neqativ hallarla tez-tez rast gəlirik. Hətta bu cür hallara yol vermiş şəxslərin məhkumluğu ödənildikdən sonra da  onlara media subyektləri təsis etməsi qanunla qadağan olunmalıdır. Bu isə medianın təsadüfi və zərərli adamlardan təmizlənməsinə, jurnalist peşəsinin nüfuzunun artrmasına təsir edə bilər.

Hətta bu tələblər siyahısına qanunun 65-ci maddəsinin tələblərini, xüsusilə 65.2.3 yarəmbəndini də əlavə etmək olar.

Çünki, bu tələblərin pozulması da, özü də təkrarən pozulmasına görə məsuliyyətə cəlb olunan şəxslərin media subyektinin təsisçisi olması yolverilməzdir və bu azad media mühitinin korlanmasına gətirib çıxara bilər”.


A.Quliyev qanun layihəsindəki “Jurnalistin vəsiqəsi” bəndi barədə fikirlərini bildirib:

“70.5. Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini işəgötürənə (media subyektinə) təhvil verməli, media subyekti isə həmin vəsiqəni təhvil aldığı gündən ən geci 3 (üç) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məhv edilməsi üçün təqdim etməlidir.

Təsəvvür edək ki, əmək müqavilsənə xitam verilmiş jurnalist hər hansı bir səbəbdən vəsiqəni media subyektinə təhvil vermir. Media subyekti də bu səbəbdən  müəyyən edilmiş 3 gün müddətinə verdiyi vəsiqəni müvafiq quruma təhvil verə bilmir və beləliklə, müqaviləsinə xitam verilmiş şəxs hələ də vəsiqədən istifadə etmək imkanını saxlamış olur. Bu məsələni tənzimləmək üçün media subyektinin üzərinə əmək müqavilsənə xitam verdiyi jurnalist haqqında müvafiq quruma məlumat vermək öhdəliyi qoyulsa, mümkün sui-istifadə halının qarşısı vaxtında alına bilər və fəaliyyətinə xitam verilən jurnalistin adı media reyesterindən çıxarılar”.


Deputat sənədin 77-ci maddəsindən də danışıb:

“Mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya, eləcə də jurnalist aşağıdakı hallarda məsuliyyət daşımır:

77.2.1. həmin məlumat dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri və

ya onların mətbuat xidmətləri tərəfindən rəsmi yayılmışdırsa;

77.2.2. həmin məlumat informasiya agentliklərindən və ya idarə, müəssisə,

təşkilat, siyasi partiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;

77.2.3. həmin məlumat Azərbaycan Respublikası Milli Məclisinin

deputatlarının, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, idarə, müәssisә,

təşkilat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, habelə vəzifəli şəxslərinrəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;

77.2.4. həmin məlumat canlı yayımla efirə gedən çıxışlarda səsləndirilmişdirsə.

Belə çıxır ki, həmin məlumat canlı olmayan efirdə gedən çıxışlarda səsləndirilmişsə və jurnalist onu olduğu kimi vermişsə məsuliyyət daşımalıdır.

Buna görə də bu yarımbənddən “canlı yayımla” sözü çıxarılmalı və  “həmin məlumat efirə gedən çıxışlarda səsləndirilmişsə” redaksiyada verilməlidir”.

Qeyd edək ki, müzakirələrdən sonra “Media haqqında” yeni qanun layihəsi II oxunuşda qəbul edilib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …