Bazar , 19 May 2024
Drone Cameras

Bərdədə “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı konfrans keçirilib

Oktyabrın 28-də Bərdə şəhəri Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Vətən müharibəsi zamanı Ermənistanın Bərdə şəhərində törətdiyi terror hadisələrinin ikinci ildönümü ilə bağlı “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı konfrans keçirilib.
Konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Bərdə Şəhər İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, deputat Fatma Yıldırım, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransdan öncə qonaqlar və iştirakçılar Ermənistan silahlı qüvvələri tərəfindən Bərdənin raket atəşinə məruz qaldığı ərazini və ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Konfrans şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva çıxış edərək, Bərdə terrorunun ikinci ildönümü ərəfəsində konfransın təşkil edilməsinin əhəmiyyətindən danışıb, Ermənistanın mülki əhaliyə və infrastruktura vurduğu ziyanın hərbi cinayətkarlığın və barbarlığın göstəricisi olduğunu qeyd edib. A.Əliyeva bildirib ki, qeyri-hökumət təşkilatlarının Ermənistanın azərbaycanlılara qarşı qadağan olunmuş silahdan istifadə etməsinə dair açıqlamaları, etirafları işğalçı ölkənin bütün dünya qarşısında vəhşiliyini, insanlıqdan kənar mübarizəsini bir daha isbatlayır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bərdə terroru ilə bağlı xalqa, Bərdə camaatına başsağlığı verərək əmin etdi ki, düşməndən layiqli qisas alınacaq, bu qan yerdə qalmayacaq. Bu söz müzəffər sərkərdənin verdiyi vəd idi və terror aktından cəmi 12 gün sonra Ermənistan ağ bayraq qaldırmağa məcbur oldu, kapitulyasiya aktına imza atdı, şəhidlərimizin qisası alındı.
Daha sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, Bərdə terroru – Ermənistanın Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçməsi, terror əməllərinin qurbanı olan əhali arasında qadın və uşaqların yer alması ermənilər tərəfindən tarixən törədilən qətliamların növbəti təzahürüdür. “Müəllifi erməni faşistləri olan Bərdə terroru öz miqyası, ağrı-acısı ilə daha dəhşətli idi. Bu, erməni terrorçularının növbəti vəhşiliyidir. Təəssüf ki, beynəlxalq qurumlar bu hadisələrə hələ də səssiz qalırlar. Beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək onların qətli ilə nəticələnən müharibə cinayətləri törətmiş Ermənistana, onun hərbi-siyasi rəhbərliyinə qarşı hüquqi məsuliyyət tədbirlərini görməklə beynəlxalq hüququn aliliyini təmin etməyə çağırırıq. Biz insanlıq və sülh əleyhinə olan cinayətləri qınayır, həlak olanların xatirəsini dərin hüznlə yad edirik!”, – deyə V.Quliyev diqqətə çatdırıb.
Çıxış edən Bərdə Şəhər İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, deputat Fatma Yıldırım bildiriblər ki, 44 günlük Vətən müharibəsində ermənilərin Bərdənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması onların çirkin niyyətlərini bir daha göz önündə canlandırdı. Uşaq, qoca və qadınların terrora məruz qalması, dünya ictimaiyyətinin bu vandallığa susması bütün beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Beləliklə, Ermənistan dünyanın gözü qarşısında bəşəriyyət tarixində ən ağır cinayətlərdən birini törətdi.
Sonra çıxış edən “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev baş vermiş terror hadisələrini pisləyərək, haqq səsimizin bütün beynəlxalq təşkilatlara çatdırılması istiqamətində QHT-ləri aktiv olmağa səsləyiblər.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.
Konfransın yekunu olaraq iştirakçılar adından bəyanat səsləndirilib.

           

Check Also

QHT sədri: Ermənistanın öhdəliyidir ki, transsərhəd ərazidə mədən işlərinə görə Azərbaycandan icazə alsın

Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan …