Cümə , 26 Aprel 2024
Drone Cameras

Bərzani çətin durumda: Qərb imkan verməyəcək…

İndiki şəraitdə Şimali İraqda qanunsuz keçirilən referendumun region dövlətlərinin son dərəcə ciddi müqaviməti ilə üzləşməsi bu ideyanın gerçəkləşməsini mümkünsüz edir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, əslində Kürdüstan adlı dövlətin yaradılması ideyası istər Qərb, istərsə də əvvəl Çar Rusiyası, sonra isə Sovetlər Birliyi tərəfindən mütəmadi şəkildə müxtəlif məqsədlər üçün dəfələrlə ortaya atılıb və bu istiqamətdə 100 ilə yaxındır ki, iş görülür:

“Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasını aralarında bölüşdürmək və bölgədə min illik türk idarəçiliyinə son qoymaq məqsədi ilə həyata keçirilməsi nəzərdə tutulanlar arasında müttəfiqlər tərəfindən təklif olunan bir kürd dövlətinin yaradılması ideyası da var idi və Sevr anlaşması zamanı onlar israrla bunun üzərində dururdular. Lakin Türkiyədə başlanan milli mübarizə və onun uğurlu sonluğu bunun həyata keçirilməsinin qarşısını aldı. Amma Qərb bölgə, Yaxın Şərq siyasətində hər zaman öz məqsədləri üçün istifadə etdiyi bir təzyiq aləti də formalaşdırdı. 20-ci əsrin 70-ci illərində qardaş ölkəni bürüyən sağ-sol qarşıdurmasında bölücülər də boy göstərmiş oldular və bununla da hələ də davam edən bir bölücü terror problemi ortaya çıxdı”.

Analitik qeyd edib ki, Qərbin “Böyük Yaxın Şərq” layihəsində Kürdüstan ideyası əhəmiyyətli məqamdır. Hazırki referendum Bağdaddan daha çox güzəşt və iqtisadi dividendlər qoparmağa iddialı olan Kürd Muxtariyyətinin siyasi bazarlıq predmeti olması barədə ciddi təsəvvür yaratmaqdadır. Halbuki rəsmi Tehranın tam təsiri altında olan Bağdad, bütün açıqlamalara baxmayaraq, təbii ki, həm də İranın göstərişi ilə öz təzyiqlərini artırmaq niyyətindədir. Türkiyə Prezidenti Ərdoğanın son İran səfəri, əslində, region ölkələrinin heç bir halda bölgədəki düzəni dəyişdirməyə yönəlik hər hansı bir addımı dəstəkləməyəcəkləri, əksinə, buna qarşı birlikdə radikal mövqe sərgiləyəcəklərinin göstəricisidir.

V.Zifəroğlu vurğulayıb ki, əslində referendum keçirilməsi faktının özü Qərbin manevr imkanlarını artırır və bundan daha qabağa getmək indiki şəraitdə onlara lazım deyil:

“Qərb onsuz da referendumun nəticələri ilə rəsmi Tehranın nəzarətində olan Bağdad hökumətinə, həm də kürd məsələsinə son dərəcə həssas yanaşan Ankaraya təzyiq fürsətləri əldə etdi. Nəzərə alaq ki, İraq və Suriyada son dərəcə mürəkkəb siyasi vəziyyət yaşanır, ərəb ölkələri sürətlə İsraillə yaxınlaşır, buna paralel olaraq Yaxın Şərqdə xarici şərtlərin təsiri ilə Rusiyanın da dəstəklədiyi Türkiyə-İran dueti formalaşır. Belə bir zamanda Qərbin bu məsələdə daha da uzağa getməsi, belə deyək, referendumun nəticəsi olaraq Kürdüstan adlı bir dövlətin varlığını elan etdirməsi daha ciddi qarşıdurmaların yaşanmasına təkan verəcək”.

V.Zifəroğlu vurğulayıb ki, nə Vaşinqton buna hazırdır, nə də Avropa:

“Bu səbəbdən Qərbdən kifayət qədər siyasi və logistik dəstək ala bilməyən kürd yönətimi hazırda Türkiyə, İraq, Suriya və İranın sərhədləri bağlamaları səbəbi ilə faktiki olaraq blokadaya alınıb. Hələ bura Türkiyənin mümkün hərbi müdaxilə ehtimalının son dərəcə yüksək olduğunu da əlavə etsək, deyə bilərik ki, Bərzani Qərbin bu oyununa girməklə özünü çətin duruma saldı”.

Qeyd edək ki, İraq Kürd Muxtariyyətində 25 sentyabr tarixində müstəqilliklə bağlı referendum keçirilib.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir