Cümə , 19 Aprel 2024
Drone Cameras

Bakının müharibə hazırlıqları – düşmən təlaşını artıran 5 səbəb

Xəbər verildiyi kimi, Rusiya ilə Azərbaycan arasında əvvəllər imzalanmış müqavilələrə əsasən, Azərbaycan bu ölkədən növbəti partiya müasir silah-sursat alıb. Müdafiə Nazirliyimiz yeni silahların adları və təyinatı barədə məlumat yaymasa da, təkcə dünən Bakıya 42 eşelon silah-texnika gətirilib. Alınan hərbi texnikanın tezliklə cəbhə xəttinə göndəriləcəyi deyilir.

Rusiya silah-sursatının məhz indi ölkəmizə gətirilməsi bir neçə aspektdən diqqətçəkici sayıla bilər.

Birincisi, bu, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvindən sonra sərinləşən ikitərəfli münasibətlərin fonunda baş verir. Belə görünür, Moskva Azərbaycanla strateji tərəfdaşlığın nə dərəcədə vacib olduğunun hər halda fərqindədir.

İkincisi, yeni silah partiyasının göndərilməsi bu ayın ortalarında erməni tərəfinin təmas xəttində 6 hərbçisinin məhv edilməsindən az sonraya təsadüf eləməsi ilə də maraq doğurur. Məsələ də ondadır ki, İrəvan Rusiya tərəfindən bu olayın pislənməsini gözlədiyi halda, tam əks işarəli bir hadisə baş verib: Moskva Azərbaycana onun hərbi potensialını daha da artıracaq silah və hərbi texnika göndərib. Bu da bir daha Kremldən ötrü erməni hərbçilərinin həyatının deyil, Rusiyanın milli maraqlarının önəmli olduğuna şübhə yeri saxlamır. Yəni Kreml üçün Ermənistanın Qarabağla bağlı maraqlarının, canlı itkilərinin öndə olmadığı təsbit edilir.

Üçüncüsü, bu məqam da az əhəmiyyət kəsb eləmir ki, yeni növ silahlar ölkəmizə Şirvanda yeni hərbi zavodun açılışından və prezident İlham Əliyevin oradan düşmənə ünvanladığı “Ermənistanla müharibənin yalnız birinci mərhələsi bitib” xəbərdarlığından cəmi bir neçə gün sonra gətirilib. Bütövlükdə yeni partiya silah və hərbi texnikanın hərbi əməliyyatlar üçün ən əlverişli sayılan yay mövsümündə göndərilməsi və dərhal cəbhə bölgəsinə yola salınası da az əhəmiyyət daşımır.      

Nəhayət, dördüncü mühüm detal kimi onu qeyd eləmək olar ki, bu fakt Azərbaycanla yanaşı, Rusiyanın da neçə vaxtdır erməni tərəfinin təmas xəttində güclü nəzarət-müşahidə sisteminin qurulmasının əleyhinə olduğuna şübhə saxlamır.

Məlumdur ki, işğalçı ölkə bu mexanizm hesabına Azərbaycanın əl-qolunu bağlamaq və cəzasız şəkildə işğal rejimini davam etdirməyə can atır. Bakı isə dəfələrlə bəyan edib ki, belı mexanizmlərdən öncə Qarabağ danışıqlarında ciddi irəliləyiş olmalı, Ermənistan işğal elədiyi ərazilərin heç olmasa, bir hissəsini qeyd-şərtsiz azad eləməlidir. Əks halda, Azərbaycan de-fakto cəbhə xəttinin de-yure cəbhə xəttinə çevrilməsinə heç vaxt imkan verməyəcək, işğalçının canlı itkiləri də azalmayacaq .       

*****

Sadalanan amillərdən hətta elə biri kifayətdir ki, Rusiya ilə Azərbaycan arasında uğurla davam edən hərbi-texniki əməkdaşlıq düşmən tərəfdə güclü qıcıq, isteriya yaratsın. Artıq belə bir isteriya dalğası deyəsən, başlayıb.

Məsələn, Musavat.com-un məlumatına görə, 1 in.am erməni nəşrinin siyasi şərhçisi Sarkis Arsruni bu xüsusda yazır: “Bu informasiya bir daha təsdiq edir ki, Azərbaycan ya müharibəyə, ya da Ermənistanla üzücü qarşıdurmaya hazırlaşır. Əgər aprel müharibəsindən sonra Ermənistan diplomatiyasının səyləri nəticəsində Qərb paytaxtlarında müəyyən uğurlar qeydə alınmışdısa, indi bizim strateji tərəfdaşımız öz vasitəçilik missiyasını, həmçinin Ermənistan qarşısında götürdüyü ikitərəfli və kollektiv öhdəlikləri qulaqardı edərək, Azərbaycanı silahlandırmaqda davam edir. O tezis ki, guya Moskva Bakı və İrəvana silah verməklə silahlanma yarışını nəzarətdə saxlayır və guya bu yolla konflikti idarə olunan edir – bunu gerçəyə heç bir aidiyyəti yoxdur. Bu təbliğati qovuqcuq hələ ötən ilin aprelində partlayıb”.

Erməni müəllif ardınca Kremldən gileyini gizlətməyərək, davam edir: “Əgər Moskvanın təbliğati hay-küyünü nəzərə alsaq, iki nəticəyə gələ bilərik: ya Moskva ötən ilki 4 günlük müharibədən xəbərdar olub və Azərbaycanı buna şirnikləndirib. ya da Kremlin bəyanatları blef və özünə bəraət məqsədi güdüb və Moskva Qarabağ münaqişəsini əsla nəzarətdə saxlamır. Eyni blef indi də davam edir: bir yandan Rusiya öz XİN-i səviyyəsində atəşkəs rejiminin saxlanmasının vacibliyini bəyan edir, o biri yandan isə hərbi-sənaye kompleksinin xətti ilə Azərbaycanı silahlandır. Rusiyanın siyasəti Cənubi Qafqazda sabitsizlik faktorlardan birinə çevrilib və Moskvanın sülhpərvər bəyanatları Azərbaycana vaxtaşırı silahlar ötürülməsi fonunda öz əhəmiyyətini itirir”.

*****

Erməni tərəfinin təlaşına əsaslar əlbəttə ki, ciddidir. Daha bir (beşinci) səbəbə görə: reallıq budur ki, Azərbaycan özünün hərbi parkını Ermənistandan fərqli olaraq təkcə Rusiyadan aldığı silahlar hesabına komplektləşdirmir, eyni zamanda İsrail, Türkiyə, Pakistan və bəzi digər ölkələr hesabına gücləndirir. Söhbət həm də Azərbaycanda ortaq silah istehsalının, hərbi zavodların qurulmaısndan hedir. Təcavüzkar ölkənin isə buna nə maddi imkanları var, nə də Rusiyanın izni ilə buna gedə bilir.  

Bu arada məlum olub ki, strateji tərəfdaş İsraildən də Azərbaycana yeni silahların gətirilməsi gözlənilir. “İsrailin Azərbaycana etimadı o qədər yüksəkdir ki, ölkəmiz Azərbaycan ordusuna ən müasir və başqa ölkələrin silahlanmasına yönəldilməyən silahları yollamağa hazırdır”. Bu barədə virtualaz.org-a israilli ekspert, İsrailin Rusiyadakı keçmiş səfiri Tsvi Magen deyib.

Onun sözlərinə görə, iki ölkə arasında hərbi-strateji əməkdaşlığın əsasları yaradılıb. “İsraildə əminlik var ki, Azərbaycana göndərilən müasir silah sistemləri dost olmayan və “problemli” ölkələrin əlinə düşməyəcək. Zaman göstərib ki, Azərbaycan etibarlı tərəfdaşdır. Düşünürəm ki, əməkdaşlıq, eyni zamanda, hərbi sahədə əməkdaşlıq yalnız genişləndiriləcək”, – deyə o qeyd edib.

Ekspert onu da deyib ki, Azərbaycan istənilən ən yeni İsrail silahını əldə edə bilər: “Aramızda müxtəlif strateji məsələlər üzrə tam qarşılıqlı anlaşma var. İsrail silahının Azərbaycana satışı ölkələrimiz arasında strateji tərəfdaşlığın yalnız bir hissəsidir”.

*****

Azərbaycan beləcə, düşmənə qarşı üzücü, onu taqətdən salan taktikanı davam etdirmək niyyətindədir. Söz yox ki, Bakı Rusiyanın öz satelliti Ermənistan da vaxtaşırı bəzi müasir silahlar verdiyini nəzərə alır. Ancaq bu da bir gerçəklikdir ki, düşmən tərəfin nə Azərbaycanla silah yarışına tab gətirmək, nə də Rusiya hesabına hərbi balansı bərpa eləmək imkanları var. Hər necə olmasa, büdcəsini həm də silah satışı hesabına dolduran Rusiya sonsuzadək işğalçını ucuz və havayı silahlara, müasir döyüş sistemləri ilə təchiz eləməz.

Demək, İrəvan üçün yeganə optimal yol, Qarabağ məsələsində nəhayət, konstruktiv mövqe tutmaqdır. Əks təqdirdə, Azərbaycanın lokal hərbi əməliyyatları və cəza aksiyaları nəticəsində getdikcə daha böyük itkilərə hazır olmalıdır. Nə bilmək olar, bəlkə erməni şərhçisinin işarə elədiyi kimi, Moskva elə növbəti aprel insidenti üçün Bakıya “kart-blanş” verib?

İstənilən halda, düşmən ölkədə son vaxtlar müharibə təlaşı ilə paralel, anti-Rusiya isterikasının da güclənməsi tamamilə məntiqli görünür.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir