Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bakıdakı Dəmiryol Muzeyi yenidən fəaliyyətə başlayıb

Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Dəmiryol Muzeyi yenidən ziyarətçilərini qəbul etməyə başlayıb.

Bu barədə “Report”a ADY-dən bildirilib.

Muzeyin açılışı 19 noyabr 2019-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Koronavirus (COVID-19) pandemiyası dövründə qapalı qalan muzeydə yenidənqurma işləri aparılıb və yeni eksponatlarla daha da zənginləşdirilib.

Dəmiryol Muzeyi Bakı sərnişin stansiyasının tarixi vağzal kompleksinə daxil olan üç binadan biri – Sabunçu vağzalının binasında (“28 May” metro stansiyasının yaxınlığında) yerləşir.

Azərbaycan milli memarlıq ənənələrinə uyğun inşa edilmiş bina xarici görünüşünə və bir çox elementlərinə görə Şirvanşahlar sarayını xatırladır. Binada milli şəbəkə sənəti üslubunda qurulmuş pəncərələr, binanın girişinin fasadının yuxarı hissəsində isə Şirvanşahlar dövrünə aid dekor, saat qülləsində daşdan yonulmuş aslan təsvirləri diqqət çəkir.

Muzeydə 2 eksponat zalı, kino zalı, mədəniyyət və korporativ tədbirlərin təşkili üçün salonlar fəaliyyət göstərir. Burada vaxtaşırı olaraq imza günləri, qiraət saatları, kitab və rəsm sərgiləri, ictimai xadimlərlə görüşlər və s. kimi tədbirlərin təşkili nəzərdə tutulub.

Zallarda ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar, o cümlədən XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, qatar modelləri nümayiş olunur. Həmçinin Ulu Öndər Heydər Əliyevin ölkəmizdə dəmir yollarının inkişafına göstərdiyi misilsiz xidmətlərin yer aldığı fotoguşə də yerləşdirilib.

Muzeyə giriş məktəblilər və tələbələr üçün ödənişsiz əsaslarla həyata keçiriləcək. Muzeyin şəhərin mərkəzində yerləşməsi xarici turistlərin də məkanla tanışlığına fürsət yaradacaq.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …