Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Bax, sözü belə verərlər, Böyük Azərbaycanın dövrü başladı… – Aydın QULİYEV yazır…

Qarabağ məsələsi təzə başlayanda bizim camaatın arasında ermənilərin öz içərilərində təkrar etdikləri bir fikir çox hallandırılırdı. 1988-89-cu illər idi: “Böyük Türk oğlu gəlib azərbaycanlıların qisasını alacaq”… Heydər Əliyevi nəzərdə tuturdular.

O zamanlar Heydər Əliyev Moskvada bir çoxlarının nəzərində siyasət ömrünü bitirmiş təqaüdçü həyatı yaşayırdı…

Ağıllı adamlar isə belə deyirdilər: “Bir siyasət adamının nəfəsi boğazından çıxmayıbsa, ona “öldü” deməyin”…

Sonrasını bilirsiz… Heydər Əliyev gəldi və siyasətdə formazonluqdan başqa nəyəsə imza atmamış “Köçəryan-Sarkisyan ÇT-sinin” əli qanlı qatillərini bir-bir qandallayıb Bakıya gətirən  HAKİMİYYƏT GÜCÜNÜ yaratdı…

Biz bu yolu 1993-dən 2023-ci ilə qədərki dövr ərzində keçdik. Cəmi 30 ilə… Ermənilər isə bu nöqtəyə düz 200 il yol döydülər… Sonu da fəlakət oldu…

200 il əvvəl “erməni məsələsini” başlatdılar. 1828-ci il Türkmənçay müqaviləsi ilə İran və Türkiyədən bölgəmizə erməni köçü adlı bəlanı gətirdilər. Adi daxmalarda yerləşdirildilər, ancaq sonda özgə torpaqlarında özlərinə vilayət qurdular.

Onlara söz verildi ki, Osmanlıya qarşı qiyam qaldırsanız, sonda öz dövlətinizi də qura biləcəksiniz. Alınmadı, söz verənlər sözlərinin üstündə dura bilmədilər…

İşə Amerika prezidenti Vilson qarışdı. O da söz verdi ki, Anadoluda ayrıca dövlətiniz olacaq. Bu da alınmadı… Erməniləri Anadoludan bir sinif kimi qovdular…

Bəlalar Azərbaycanın başında cəmləşdi… Zəngəzuru, Göyçəni, Dərələyəzi, İrəvanı Azərbaycandan qoparıb onlara verdilər, üstəlik qədim İrəvanımızı onlara paytaxt etdilər… SSRİ dağılanda onlara yenə söz verdilər ki, Azərbaycanı münaqişəyə çəkin və əvəzində cənnət Qarabağı qoparın… Oyuna o qədər uydular ki, Azərbaycandan qopardıqları hər qarış torpağın ilan kimi öz boğazlarına sarıldığının fərqinə varmadılar… Bir gün ayıldılar ki, kabuslarına çevrilmiş BÖYÜK TÜRK artıq hakimiyyətdədir…

Yenə onlara sözlər verilməyə başladı. Dedilər möhkəm dayanın, ATƏT, Minsk, Madrid nağılları sizin işğallarınızı qanuniləşdirmək mexanizmindən başqa bir şey deyil…

2001-ci ildə Strasburqda Köçəryan “arxı tullanmamış hop” deyən adamlar kimi Heydər Əliyevin qarşısında qalib pozası ilə ədəbazlıq edəndə 20-22 ildən sonra onları nələrin gözlədiyini hələ bilmirdi…

Heydər Əliyev “Mən ona özüm kimi inanıram” deyib öz siyasi varisini müəyyənləşdirəndə isə bir az da ürəklənmişdilər… “Artıq Qarabağ bizimdir” deyib vaxtsız eyforiyaya qapılmışdılar…

“Qarabağ Azərbaycandır, nida” hökmünü eşidəndə qəflət yuxusundan oyanmağa başladılar… Küpləri süzməyə başladı ki, aldanıblar… Onlara söz verənlərin üzünə qayıtmağa başladılar… Əsil şoku o zaman yaşadılar ki, cəmi bir ilin içində “Dağlıq Qarabağ Azərbaycanındır” deməyə məcbur qaldılar…

44 günlük müharibənin şokundan təzə ayılıb müqavimət göstərməyə hazırlaşdılar. Laçın yolunda “KPP”-nin qurulmasının səbəbini anlamağa macal tapmamış yenidən şoka düşdülər. Əsil faciələri zəhər yuvası Xankəndi ilə İrəvanın birbaşa əlaqələrinin kəsilməsindən sonra başladı. 23 apreldən 18 sentyabradək “dabanını yalamadıqları” dünya lideri qoymadılar… Faydası olmadı.

Oyuncaq “prezident seçkiləri” keçirməklə qırılmış bellərini bərpa etməyə çalışdılar. Yeni oyuncaq “prezident” böyük hay-küylə gəldi, iki il yarım əvvəl İlham Əliyevin “cəhənnəmə göndərdiyi” ölü statusu bərpa etmək iddiasını dilə gətirdi… İlk gündən ağzına “çullu dovşan yerləşməyən” Şahramanyanın cəmi 11 gündən sonra üstündə oturduğu qondarma hakimiyyət qurumlarını buraxması bütün separatizm ideologiyasının matəm marşına çevrildi… Dünənə kimi “ağzından od püskürdənlər” təslim olacağıq dedilər… Qandallanaraq Bakıya gətirildilər, üstəlik milyonların gözü qarşısında ağlamaq şərəfsizliyini boyunlarına götürdülər… Bəs harda qaldı Avropadan, okeanın o tərəfindən verilmiş o gurultulu vədlər?!.. Harda qaldı “böyük ermənistan”? Bitdi, mövzuya nöqtə qoyuldu. Böyük Azərbaycanın dövrü başladı…

Bax, sözü belə verərlər… Demişdi ki, 2-ci erməni dövlətinin qurulması cəhdlərini məhv edəcəyik. Etdi…

Demişdi ki, torpaqlarımızın işğal altında qalması ilə barışmayacağıq… Barışmadı…

Demişdi ki, heç bir status müzakirəsi olmayacaq… Olmadı….

Demişdi ki, Qarabağ ermənilərini iki dəfə dialoqa dəvət etdik, gəlmədilər, üçüncü dəvət olmayacaq, özləri ayağımıza gələcək… Əlləri ətəklərindən uzun vəziyyətdə həqiqətən özləri gəldilər…

…Ya söz verməyin, ya da söz verib əməl etməyi İlham Əliyevdən öyrənin…

Aydın QULİYEV

Check Also

Diasporun güclü təşkilatları küsdürüldü, dağıdıldı… – Bülənt Gürçam

“Azərbaycan diasporu son 20 ildə ancaq dağılma, parçalanma prosesi yaşıyır”. Bu sözləri Diaspora.TV-yə açıqlamasında Belçika Azərbaycan …