“Ermənilərin Xocalı hava limanını guya işə salması ilə bağlı iddiaları cəfəngiyyatdır. Oradan uçan aparatlar təyyarə deyil, “oyuncaq”dır. İndi kimsə həvəskarlıq edib, bir-iki nəfərlik kiçik uçan texnikaya minib foto çəkdirə bilər. Bu o demək deyil ki, oradan təyyarə enib-qalxır”.
Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.
B.Səfərov deyib ki, bu, növbəti erməni təxribatıdır:
“Ermənilər çox istəyir ki, Xocalı hava limanından təyyarə enib-qalxsın, ancaq hünəri çatmır. Bilirlər ki, uçsa, Azərbaycan ordusu vuracaq. Ermənilər anlamalıdır ki, həmin ərazilər Azərbaycana məxsusdur, onlar orada müvəqqətidir. Azərbaycanın öz ərazi bütövlüyünü qoruması beynəlxalq hüququn da tələblərindən biridir”.
B.Səfərov qeyd edib ki, Xocalı aeroportundan enib-qalxan təyyarələri Azərbaycan ordusu dərhal vuracaq:
“Azərbaycan ordusunun istədiyi zaman onları vurmağa ixtiyarı var. Bizim sərhəd qoşunlarımız istədiyi an onları göydə məhv edə bilər. Ona görə də Xocalı hava limanından böyük təyyarələr uça bilməz. Əgər uçacaqsa, o zaman Azərbaycan əsgərinin kefi duranda onu vuracaq. Hətta, mən də görsəm onları vura bilərəm. Əgər mən də hərbçi olsam, əlimdə silahım olsa, o təyyarələri vuraram. Erməni terrorçularının Azərbaycanın hava məkanında nə işi var? Onlar Azərbaycan sərhədini pozursa, deməli düşməndir”.
İcma rəhbəri vurğulayıb ki, bütün dünya Dağlıq Qarabağ ərazisini Azərbaycanın ərazi bütövlüyü olaraq tanıyıb:
“Sadəcə olaraq Serj Sarkisyan rejimi hakimiyyətdə qalmaq və müddətini uzatmaq, məsuliyyətə cəlb etməkdən qorunmaq üçün bu cür addımlar atır. Əgər bu gün Ermənistan parlamentində Serj Sarkisyanın əleyhinə qalxırlarsa, deməli o vəzifədən gedəndən sonra görün nələr olacaq. Ermənilər özləri Serj Sarkisyanın boğazına kəndir salıb gətirib Azərbaycana təhvil verəcək. Serj Sarkisyan qatı cinayətkardır. O, məhkəmə qarşısında günahsız azərbaycanlılara tutduğu divana görə cavab verəcək. Bunu Allah gec-tez bizə qismət edəcək”.
B.Səfərov hələ bir neçə il öncə Prezident İlham Əliyevin ermənilərə açıq xəbərdarlıq etdiyini diqqətə çatdırıb:
“Hələ bir neçə il öncə cənab Prezident İlham Əliyev tribunadan açıq şəkildə ermənilərə xəbərdarlıq etmişdi ki, Azərbaycan ərazilərinə soxulmasınlar. Əks halda Azərbaycan Ordusunun hərbçiləri tərəfindən məhv ediləcəklər. Ermənilər bunu əvvəldən anlamalı idilər. Daha bu gün parlamentdə müzakirəyə saxlamalı deyildilər. Möhtərəm Prezidentimiz zamanında deyəndə ermənilər bunu dərk etməliydilər. Əgər erməni deputatlar cəbhədə əsgər itirdiklərini başa düşürlərsə, buna da şükür!”.
İcra başçısı həmçinin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi gündən bəri nəinki aprel döyüşçülərinə, o cümlədən bütün məcburi köçkünlərə və xalqa böyük diqqət və qayğı göstərilir:
“Cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın Azərbaycan xalqına və ehtiyacı olan insanlara böyük diqqət və qayğısından günlərlə danışmaq olar. Bunu təkcə Azərbaycan əhalisi deyil, bütün dünya bilir. Allah Prezident İlham Əliyevi və Mehriban Əliyevanı bu xalqın üstündən əksik etməsin. Allah onları daim var etsin!”.
B.Səfərov qarşıdan gələn 26 iyun – Azərbaycan Silahlı Qüvvələr Gününün yaradılması bayramı münasibətilə ölkə əhalisini də təbrik edib:
“İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranması gününü qeyd edəcəyik. Mən bu münasibətlə Silahlı Qüvvələrdə xidmət edən bütün insanlarımızı təbrik edirəm, onlara can sağlığı və uğurlar arzu edirəm. Allahdan arzum budur ki, Prezident-Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan ordusu düşmən üzərində tam zəfər çalsın, işğal altında olan torpaqlarımız azad olunsun”.