Cümə , 19 Aprel 2024
Drone Cameras

BDU-da Ulu Öndərin doğum günü qeyd edildi TƏDBİR – SƏS TV

 

 

 

Bu gün Bakı Dövlət Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.boyukmillet.com-un xəbərinə görə, tədbirdə BDU-nun rektoru Elçin Babayev, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, millət vəkilləri, ali məktəbin müəllim və tələbə heyəti, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə qonaqlar BDU-nun foyesində yerləşən Ulu Öndərin büstü önünə əklil qoyaraq, Ümummilli liderin xatirəsini ehtiramla anıblar.

Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Çıxış üçün ilk söz BDU-nun rektoru Elçin Babayevə verilib.

O bildirib ki, Ulu Öndər Heydər Əliyevin irsi oluqca zəngindir: “Ulu öndər irsinin dərk edilməsi çətin məsələlərdən biridir. O mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyi, yerinə yetirən dahi şəxsiyyətdir. Ümummilli lider Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun müddət işləyib çalışdı. Dünyanın ən tanınmış insanları Heydər Əliyev haqqında danışanda Onun praqmatik Lider olduğunu bildirirlər. Ümummilli liderin həyata keçirdiyi töhfələr hələ uzun illər tədqiqatçılar tərəfindən araşdırılacaq. 1990-cı illərin əvvəlində Azərbaycan uçurumun kənarında dayanmışdı. Bunun qarşısını almaq mümkün deyildi. Belə bir çətin zamanda Heydər Əliyev Azərbaycanın siyasi səhnəsinə gələrək ölkəmizi xilas etmiş oldu”.

Ümummilli lider tərəfindən həyata keçirilən siyasəti nəticəsində bu gün dünyanın Azərbaycanla hesablandığını deyən rektor söyləyib ki, Ulu Öndər təkcə yaşadığı dövrü deyil, gələcəyi düşünürdü: “Heydər Əliyevin Azərbaycana, regiona, bütöv dünyaya töhfələr verdiyi danılmaz faktdır. Onun xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Bu gün Prezident İlham Əliyev də Ulu Öndərin siyasətini yeni çalarlarla həyata keçirir”.

Çıxışdan sonra ali məktəbin sifarişi “SƏS” Media Qrupu tərəfindən hazırlanan, Ümummilli lider Heydər Əliyevə həsr olunan videofilm nümayiş etdirilib.

Tədbirdə məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov söyləyib ki, Ulu Öndər fəaliyyəti ilə bir daha sübut etdi ki, əgər bir şəxs qarşısına dövlətə xidmətçilik etməyi qoyubsa ona heç kim və heç nə mane ola bilməz: “Bu gün bəziləri öz xidmətlərini başqa cür təqdim etməyə çalışırlar. Həmin şəxslər guya həmin dövrdə mövcud olan sistemin, dövlət quruluşunun düzgün olmadığı üçün fəaliyyətlərini təqdim edə bilmədiklərini bildirirlər. Lakin Ulu Öndər bunun üzərindən xətt çəkdi və sübut etdi ki, xidmət göstərmək üçün istəmək lazımdır”.

YAP-ın icra katibinin müavini söyləyib ki, dünyada çox az ölkələr var ki, onlar müstəqil siyasət həyata keçirir: “Azərbaycan da bu az ölkələr sırasındadır. Təbii ki, bütün bunları Ümummilli Liderin əsasını qoyduğu siyasət nəticəsində əldə etmək mümkün olub. Tarixə nəzər salsaq görərik ki, ən acınacaqlı müstəqillik 15 respublika arasında Azərbaycana qismət olub. Baxmayaraq ki, Azərbaycan digərlərindən güclü idi, amma ölkəmiz ən çətin və ağır müstəqillik dövrü yaşayıb. Çünki, o vaxtki rəhbərlikdə olan insanlar fəaliyyətlərini xalqın rifahına, müstəqil dövlətin qurulmasına deyil, Ümummilli Liderin əvvəlki dövründəki fəaliyyətinin təhlilinə həsr edirdilər. Onlar ordu yaratmaq əvəzinə şər, böhtan atmaqla məşğul idilər. Lakin Ulu Öndər hakimiyyətə gəldikdən sonra bunlara son qoyuldu”.

Ulu öndər Heydər Əliyevin tələbələrin xaricdə oxuması istiqamətində əvəzolunmaz addımlar atdığını deyən S.Novruzov deyib ki, Azərbaycançılıq ideologiyası Ümummilli lider tərəfindən hazırlanıb: “O kiçik bir dövlətin böyük prezidenti idi. Bütün ölkələrdə Ulu Öndərə olan hörmət çox yüksək idi. Ümummilli lider Azərbaycanı yüksək şəkildə təqdim edirdi. Onun atdığı ən gözəl addımlardan biri hakimiyyətinin davamlılığını təmin etməkdir. Bu, ilk növbədə YAP-ın yaradılması idi. Partiyanın ilk təşkilatı Məhz BDU-da yarandı və daha sonra bütün rayonlara səpələndi. Ulu Öndərin hakimiyyətə gəldiyi zamanla indiki Azərbaycanı müqayisə etsək yerlə göy qədər fərqi görə bilərik. Prezident İlham Əliyev də Ulu Öndərin siyasi xəttini uğurla davam etdirir. Ümummilli lider özü də bildirirdi ki “Mən İlham Əliyevə güvənirəm və əminəm ki, O mənim yarımçıq qoyduğum işləri davam etdirəcək”.

Bu gün Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunduğunu xüsusi vurğulayan millət vəkili qeyd edib ki, əldə olunan uğurlar Prezident İlham Əliyevin cəsarətli addımları nəticəsində əldə olunub. Bu gün biz Heydər Əliyev irsinin hərtərəfli şəkildə davam etdiyini görürük və buna dəstək verməliyik”.

Ötən həftə Azərbaycanda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini xatırladan S.Novruzov qeyd edib ki, forumda bir sıra ölkələrdən yüksək nümayəndə heyətləri iştirak etməklə yanaşı, Azərbaycanın yüksək təşkilatçılığından söz açır, ölkəmizin inkişafı, sabit və təhlükəsiz olduğunu bildirdilər. Azərbaycan bu gün sabitlik adasıdır. Biz bu sabitliyi qorumalıyıq”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu çıxış edərək vurğulayıb ki, Ulu öndər Azərbaycan üçün Ümummilli lider, dünya üçün ümumbəşəri liderdir. 90-cı illərin əvvəllərində Azərbaycanın böhran şəraitində olduğunu xatırladan baş redaktor söyləyib ki, bu böhranın həm siyasi, həm iqtisadi, həm də digər səbəbləri var idi: “Bu mərhələdə Ulu öndər Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarının formalaşdırmasına nail oldu. Bundan sonra milli ideologiya yarandı, Konstitusiya qəbul edildi, vətəndaş cəmiyyəti formalaşdırıldı, cəmiyyətə hüquqi dövlət anlayışı təqdim edildi. Əgər Azərbaycan bu mərhələləri keçməsəydi, indiki inkişafına nail ola bilməzdi. Ulu öndər azərbaycançılığı milli ideologiya kimi təqdim etdi. Bu ideologiya milli neokonservatizmdir. Tarix sübut etdi ki vaxtilə irəli sürülən bu fikirlər Azərbaycanın sonrakı inkişafını müəyyənləşdirdi. Ulu öndər Azərbaycan dilinin dövlət dili kimi təsbitində də mühüm rola malikdir. Azərbaycan Konstitusiyası Ümummilli liderin şah əsəridir. Ulu öndər azadlığın nə olduğunu bilirdi, bu baxımdan Azərbaycan Konstitusiyasında söz, fikir, mətbuat azadlığı öz əksini tapıb. Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda senzura ləğv edildi”.

H.Babaoğlu vurğulayıb ki, istər ideologiya, istər dövlətçilikdə varislik mühüm faktordur: “Bu faktor sonrakı dövrdə Azərbaycanın inkişafına mühüm töhfələr verdi. Azərbaycan neft yataqlarına malik olan ölkədir. Bizim ətrafımızda da təbii ehtiyatlara malik olan ölkələr var. Lakin ondan düzgün istifadə etmək çox mühümdür. Azərbaycanın öz ehtiyatlarından düzgün, səmərəli istifadəsi nəticəsində iqtisadiyyatımız şaxələndirildi. Bununla da Azərbaycana meqa layihələr həyata keçirmək imkanı yarandı. Azərbaycan geostrateji ərazidə yerləşsə də, okeana çıxışı yoxdur. Lakin Azərbaycan bunu da bacardı. Əgər vaxtilə Ulu öndər siyasətinin əsası qoyulmasaydı. Hazırda heç bir inkişafdan danışa bilməzdik”.

“SƏS” Media qrupunun rəhbəri Bəhruz Quliyev çıxışında bu günlərdə həm ölkəmizdə, həm də ölkədən kənarda Ulu Öndərin doğum günü ilə bağlı müxtəlif tədbirlərin keçirildiyini və hər kəsin Ümummilli Lider irsinə fərqli yanaşdığını dilə gətirib.

Onun sözlərinə görə, Ulu Öndərin irsi daim alimlər tərəfindən öyrəniləcək, lakin bu irs o qədər zəngindir ki, onu araşdırmaqla bitməz.

B.Quliyev qeyd edib ki, dağa kənardan baxdıqda onun əzəməti daha yaxşı görünür: Hazırda Ümummilli Lider cismani olaraq yanımızda olmasa da, hesab edirəm ki, zaman keçdikcə Ulu Öndərin əzəməti daha da böyük görünəcək. Ümummilli Liderin “Hər bir kəsin milli mənsubiyyəti onun qürür mənbəyidir. Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadələri hər birimiz üçün örnəkdir, mühüm tövsiyə xarakteri daşıyır. Ümummilli lider bu kəlamları ilə hər birimizə, xüsusilə də gənclərə Vətəni sevməklə bağlı tövsiyələrini verib”.

Media Qrupun rəhbəri vurğulayıb ki, Ümummilli Lider güclü dövlət xadimi idi: “O həm SSRİ, həm də bütün dünyada Azərbaycanın mənafeyini qoruyur, ölkəmizin ən yüksək pillələrə qalxmasına şərait yaradırdı. Ulu Öndər milli dövlətçilik ideologiyası yaratdı, ən çətin zamanda xalqının yanında oldu. Dahi şəxsiyyət müstəqil dövlət yaradan memardır. Ulu Öndər həm xalqının, həm də ailəsinin bir atası idi. O strateq, praqmatik lider idi. Məhz bunun nəticəsində bu gün Azərbaycan onun konsepsiyası əsasında çiçəklənir”.

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, bu gün Azərbaycanın tarixində mühüm yer tutan şəxsiyyətin 96-cı ildönümü qeyd edilir. Ümummilli liderin Azərbaycanın bütün sahələrində fəaliyyətinin göz önündə olduğunu deyən baş redaktor qeyd edib ki, hazırki müstəqil Azərbaycanın varlığı Ulu Öndərin adı ilə bağlıdır: “O harada olubsa, Azərbaycanın mənafeyini qoruyub. 90-ci illərin əvvəllərində Azərbaycanın varlığı sual altında idi. Siyasi qruplaşmaların tüğyan etdiyi bir dövrdə, iqtisadiyyatın tənəzzül etdiyi dövrdə Ulu Öndər Azərbaycanı qorudu. Üçrəngli bayrağımız məhz Ümummilli liderin hakimiyyəti qayıdışından sonra müəyyən edildi. Bu gün Azərbaycan dünyaya müasir şəkildə təqdim olunur. Ölkəmizdə görülən bütün işlər Ulu öndər siyasətinə əsaslanaraq Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan təkcə region üçün deyil, qitələri birləşdirən önəmli layihələr həyata keçirir. Biz dövlət başçısına dəstək olmalı, ölkəmizin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirməliyik”.

Tədbirdə Ümummilli lider Heydər Əliyevə həsr olunan və vətənpərvər musiqiləri səsləndirilib.

     

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir