Bazar ertəsi , 20 May 2024
Drone Cameras

BMT ölkələrinin parlamentariləri Ermənistanın ekoterroru barədə məlumatlandırılıb

Milli Məclisin deputatı Naqif Həmzəyev BMT-nin Nyu-Yorkdakı baş qərargahında 196 ölkənin parlament nümayəndələrinin iştirakı ilə keçirilən “İnsanlar və planet üçün su israfçılığını dayandırın, oyunu dəyişdirin, gələcəyə sərmayə qoyun” başlıqlı 2023-cü il üzrə illik parlament dinləməsindəki Ermənistanın ekoloji terroru barəsində çıxış edib.

“Report”un ABŞ bürosu xəbər verir ki, deputat çıxışında Azərbaycan üçün vacib olan ekoloji məsələlərə toxunub: “Fürsətdən istifadə edərək, diqqətinizi ekoterrora məruz qalmış Azərbaycan ərazilərinə cəlb etmək istəyirəm. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın idi ki, Ermənistanın işğalı altındaydı. Ermənistan uzun illər nəinki dinc əhalini məhv edib, həm də təbiətimizi məhv edib, sərvətlərimizi amansızlıqla talayıb. Azərbaycan ərazisindən axan çayların mənbələrinin əksəriyyəti Ermənistan tərəfindən müxtəlif tullantılarla çirklənib.

Böyük ekoloji əhəmiyyətə malik yeddi göl – Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Qaragöl ciddi şəkildə kimyəvi çirklənməyə məruz qalıb. Həmçinin Oxçu çayı Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsində yerləşən on bir çaydan biridir və ölkənin ümumi su ehtiyatının 30 faizindən çoxunu qarşılayır. Mütəxəssislər tərəfindən Oxçu çayından götürülmüş nümunələrin analizi zamanı suda çoxlu sayda həyati təhlükəsi olan elementlər aşkar edilib”.

Deputat qeyd edib ki, bütün bunlarla yanaşı, Ermənistan tərəfindən Azərbaycanın endemik bitki növləri qəsdən və sistematik şəkildə məhv edilib: “Bölgədə baş verənlər beynəlxalq ekoloji təşkilatların diqqət mərkəzində olmalıdır. Bütövlükdə biz ədalətin bərpası üçün konkret tədbirlər görməyə, Ermənistanın Azərbaycana qarşı təcavüz və ekoloji terror aktlarını pisləməyə çağırırıq. Ümid edirik ki, beynəlxalq təşkilatlar bu məsələyə biganə qalmayacaq və ekoloji terrorun qarşısını alacaq”.

Deputat konfrans çərçivəsində həmkarları ilə iki, çoxtərəfli görüşlərində Azərbaycanda ekofəalların keçirdiyi aksiya barəsində məlumat verib, sualları cavablandırıb.

Check Also

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …