Cavanşir Feyziyevin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsi müzakirə olunub.
Boyukmillet.com xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Onun sözlərinə görə, bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxlayıb: “Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik”.
“Koronavirusa yoluxduğum üçün bir neçə gündür ki, işə çıxmıram. Belə bir durumda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən birinin İdarə Heyətinin iki üzvünə və digər həmkarlarımıza qarşı səsləndirdiyi fikirlər məni üzdü. Xeyli təəssüfləndim. İstənilən vəziyyətdən, emosional durumdan asılı olmayaraq, jurnalistlərə qarşı həssas davranmaq vacibdir. Nəzərə alaq ki, hazırkı xoşagəlməz situasiyaya səbəb olmuş mövzunun özü də kifayət qədər həssas idi. Belə olan halda yalnız soyuq həqiqətlər açıqlanmalıydı, əlavə ritorikaya ehtiyac yox idi”, – deyə Ə.Amaşov əlavə edib.