Cümə , 10 May 2024
Drone Cameras

Cavid Hüseynov: “Qələbəyə görə mükafat yox, iki gün artıq istirahət istəyirdik” – MÜSAHİBƏ

“Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun futbol üzrə Azərbaycan Kubokunda “Sabah” komandası ilə keçirdikləri 1/4 final mərhələsinin cavab görüşündən sonra “Report”a müsahibəsi

– Evdə olduğu kimi səfərdə də qalib gələrək, yarımfinala yüksəldiniz. Matçı necə dəyərləndirirsiniz?

– İlk görüşdəki 1:0 hesablı ev qələbəsi hələ heç nə demək deyildi. Cavab oyununun çətin keçəcəyini bilirdik. Bizi yalnız əzmkarlıq, birlik qurtara bilərdi. Sağ olsunlar, uşaqlar kollektiv olaraq, həqiqətən də sonadək vuruşdular. Nəticədə yenə 1:0 hesabı ilə qalib gələrək, yarımfinala adladıq.

– İlk yarının sonlarında baş vermiş epizodda əsəblərinizi cilovlaya bilmədiniz və Vadim Abdullayevlə münaqişəniz yarandı. Bu, nə ilə əlaqədar idi?

– Vadim həm qolumdan tutub kapitan sarğımı cırdı, həm də arxadan ayağıma vurdu. Həmin vaxt bir qədər əsəbiləşdim. Yenə də yaxşı qurtardıq.

– Sanki oyunlarda çox əsəbi olursunuz…

– Biz futbolçuyuq. Hamı çörəyi ayağı ilə qazanır. Topsuz vəziyyətdə futbolçunu ayağından vurmaq düzgün sayılmır. Bu, etik deyil.

– Amma hamı sizdən bir kapitan kimi daha təmkinli davranış gözləyir…

– Bunun kapitanlığa heç bir aidiyyatı yoxdur. Nə olsun, kapitan da futbolçudur. Kimsə səni arxadan bilə-bilə vurursa, kapitan olmağına baxmayaraq, əsəblərimi cilovlaya bilməməyim mümkündür. Buna baxmayaraq, dönüb heç nə demədim. Sadəcə, ona yaxınlaşdım ki, arxadan vurmaq olmaz. Mən də kimisə arxadan vurmağı doğru saymıram. Ola bilər ki, əsəbiləşərək gedib vurum, amma bu, düzgün deyil.

– Oyundan sonra paltardəyişmə otağında maraqlı hadisə baş verdi. Sanki mükafat istəyirdiniz. Az sonra bu istəyiniz yerinə yetirildi…

– Mükafat söhbəti getmədi. Sadəcə, uşaqlar iki gün artıq istirahət etmək istəyirdilər. Ona görə də “səkkiz, səkkiz” deyirdilər. İstəyirdilər ki, yanvarın 8-də bir araya gələk. Əslində isə bizə hazırlığa yanvarın 6-da başlayacağımız deyilib. Amma bilmədim ki, baş məşqçi Sənan Qurbanov hansı qərarı verdi. Bundan xəbərsizəm.

– Bəs mükafat?

– Bəli, mükafat verildi. Amma həmin səs-küy mükafata görə deyildi. Mükafata gəldikdə, düzdür, məbləği əvvəlki kimi deyil. Amma buna da şükür. Nə edək? Əvvəlcədən mükafatın məbləği barədə danışılmamışdı. Belə söhbət edəndə nə isə alınmır. Ona görə də nə veriblərsə, min bərəkət.

– Yarımfinaldakı rəqibiniz “Keşlə” – “Qarabağ” görüşünün nəticəsinə əsasən müəyyənləşdi. Hansı komandanı “Qəbələ” üçün daha münasib sayırdınız?

– “Qarabağ” arzuolunmaz rəqibdir. Amma əsas məsələ növbəti mərhələyə keçməyimiz idi. Ağdam komandası ilə oyunları düşünmək, bu rəqiblərə görüşlərə hazırlaşmaq üçün vaxtımız olacaq. Amma istəməzdik ki, rəqibimiz “Qarabağ” olsun.

– Amma “Keşlə”yə də ötən mövsümün finalında elə Qəbələdə uduzmuşdunuz…

– Düzdür, uduzmuşuq. Amma bu, ötən mövsüm baş verib.

– İntiqam almaq istəyirdiniz?

– İntiqam söhbəti deyil. Sadəcə, “Qarabağ” bu mövsüm hamıdan bir-iki baş üstün oyun sərgiləyir. Ona görə belə fikirdəyəm.

– Bir kapitan kimi açıqlayardınız: Qış fasiləsində komandanızda yeni oyunçulara ehtiyac var?

– Bəzi mövqelər güclənsə, yaxşı olar. Amma komandamızın büdcəsinin buna imkan verib-verməyəcəyini bilmirəm. Bu mövsümdən büdcə xeyli azalıb. Kapitan olsam belə, futbolçuyam. Bu barədə bir söz deyə bilmərəm. Amma güclənməyə ehtiyacımız var.

– İdman Araşdırmalar Mərkəzinin apardığı sorğu nəticəsində Cavid İmamverdiyev 2017-2018 mövsümünün, Mirabdulla Abbasov isə 2018-ci ilin futbolçusu seçilərək mükafatlandırıldı. Bu seçimi necə dəyərləndirirsiniz?

– Normaldır. Hər ikisi yaxşı futbolçudur. Mirabdulla göz qabağındadır: Artıra-artıra gəlir. Yerlilərdən hazırda formada olan futbolçu odur.

– Bəs özünüz hansı futbolçunun ən yaxşı hesab edirsiniz?

– Mirabdulla Abbasov seçilibsə, yəqin ki, bu, ədalətlidir. Cavid İmamverdiyev isə ötən mövsüm yaxşı çıxış etmişdi. Seçimlərlə razıyam.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir