Şəhər meri 9 May Qələbə Günü münasibəti ilə keçiriləcək tədbirdə Azərbaycan bayrağının qaldırılmasını qadağan etdi
Dərbənd şəhər meriyasının saytı aprelin 30-da mer Xizri Abakarovun şəhər məclisinin deputatları və ictimai fəallar ilə görüşü barədə məlumat yayıb. Xəbərdə bildirilir ki, tədbirdə Dərbənddə Azərbaycan Dövlət Dram Teatrının tikilməsi məsələsi də müzakirə edilib. Qeyd olunub ki, teatrın hazırki binası təhlükəsizlik tələblərinə cavab vermir, burada işləmək və yaradıcılıqla məşğul olmaq üçün imkan yoxdur, yeni bina tikilməlidir. Son günlər ictimaiyyət arasında bəzi Dərbənd sakinlərinin dövlət və respublika rəhbərlərinə müraciətləri müzakirə olunur. Teatr binasının Nizami Gəncəvi parkında tikilməsi fikri ortalığa atılır. Məsələ burasındadır ki, parkın ərazisində məzarlıq aşkarlanıb və burada əsaslı tikinti aparmaq olmaz. Görüşdə Nizami Gəncəvinin heykəlinə qarşı vaxtaşırı törədilən vandalizm aktları da müzakirə olunub. Bildirilib ki, Azərbaycandan olan arxitektorlar böyük şairin abidəsinin maketini təqdim ediblər. Abidənin bürüncdən tökülməsi qərara alınıb, bu məsələ şəhər sakinləri ilə müzakirə olunacaq. Köhnə heykəl isə Nizami Gəncəvi adına məktəbə təhvil veriləcək. Teatr binasının tikilməsi isə şəhərin baş planının təsdiqindən sonra müəyyənləşəcək.
Bir daha xatırladıram ki, şəhər meriyasının rəsmi saytı Dərbənd meri Xizri Abakarovun bir qrup azərbaycanlı ilə görüşü barədə məlumatı yuxarıdakı formada yayıb. Lakin tədbir heç də rəvan keçməyib. Dərbənd şəhərində yaşayan ictimai fəallardan biri “Şimal xəbərləri”nə müsahibəsində bildirdi ki, tədbir barədə saytda yayılan məlumat həqiqəti əks etdirmir: “Saat 12-də başlayan görüş çox gərgin keçdi. Bizim nümayəndələrdən biri Azərbaycanın, konkret olaraq, H. Əliyev adına fondun şəhərin abadlaşmasına yardımından danışdı. Onu da qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, əslən dərbəndli Nəcməddin Sadıqov da bu istiqamətdə kömək göstərib. Merdən Nizami parkında dram teatrı binasının tikilməsinə nəyə görə razılıq verilmədiyini soruşub. Əlavə edib ki, azərbaycanlılar yalnız öz mədəniyyətlərini inkişaf etdirmək istəyirlər”. Müsahibimiz bildirdi ki, Dərbənd meri Xizri Abakarovun çıxışı onları təəccübləndirib. Şəhər başçısı nitqinə islam alimləri Sünəni Əbu Davud, Səhih Müslim və Buxaridən millətçiliyi pisləyən hədislər gətirməklə başlayıb, tədbir iştirakçıları ilə aşağılayıcı tonda danışıb və görüşə gələnləri millətçilikdə ittiham edib. “Həmin hədislərin mənası təxminən odur ki, Allahın rəsulu Məhəmməd peyğəmbər(s.a.v) əsabiyyə(traybalizim və ifrat millətçilik) nədir sualına cavab verərkən deyib ki, kim millətçiliyə çağırırsa, kim millətçilik üçün vuruşur və ölürsə, bizdən deyildir. Bundan əl çəkin. Bu çirkin və iyrəncdir. Şəhər meri dedi ki, dram teatrını Nizami adına parkda inşa etmək mümkün deyil, Dərbənddə teatr binası üçün yer yoxdur”. Müsahibimizin dediklərinə əsasən, Abakarov 9 May Qələbə Günü münasibəti ilə şəhərdə keçiriləcək tədbirdə Azərbaycan bayrağının qaldırılması barədə edilən müraciətə rədd cavabı verib.
Başqa bir görüş iştirakçısının “Şimal xəbərləri”nə verdiyi məlumatda deyilir ki, Dərbənd meri Xizri Abakarov görüşə tək gəlməyib. Onu yanında şəhərin milis rəisi, prokurorunun müavini və federal təhlükəsizlik xidmətinin vəzifəliləri də olublar. Mer bu şəxsləri təsadüfən çağırmayıb. Çıxışı zamanı azərbaycanlıları hüquq-mühafizə orqanlarının məsələyə müdaxiləsi ilə hədələyib. Bu da onun azərbaycanlı fəallara qarşı gələcək planlarından xəbər verir.
Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Ölkəmiz qardaş Dağıstana da lazım olan hər cür köməyi edir. Təbii ki, rəsmilərimiz burada ik yüz minə yaxın azərbaycanlının yaşadığının fərqindədirlər. Dərbənd-Xaçmaz dostluğu isə onilliklərdir davam edir. Dərbənd şəhər meri Xizri Abakarovun mövqeyi isə hiddət doğurur. Onun Rusiya vətəndaşı olan azərbaycanlılarla bu cür rəftarı qəbuledilməzdir. Niyə başqalarına öz tarixlərini və mədəniyyətlərini qorumaq və inkişaf etdirmək imkanı verilir, azərbaycanlılar isə gözümçıxdıya salınır? Axı Dərbənd teatrı bir əsrdən çoxdur ki, fəaliyyətdədir. Nədən onun yenisi ilə əvəzlənməsi böyük problemə çevrilib? Onsuz da Dərbənd torpaqları buralardan olmayanlar arasında xırıd edilir, şəhərdə demoqrafik vəziyyət süni şəkildə dəyişdirilir. Biz nə qədər susacağıq? Xizri Abakarov kimdir ki, Azərbaycan-Dağıstan dostluq münasibətlərinə xələl gətirən bəyanatlar səsləndirsin? Mer anlamalıdır ki, Dərbənddə yaşayan etnik azərbaycanlılar da digər Rusiya vətəndaşları kimi öz haqlarını tələb etmək hüququna malikdirlər. Onlar heç vaxt ikinci sort vətəndaş olmayacaqlar!!!
Yeri gəlmişkən, deyəsən cənab X. Abakarov şəhər meriyası ilə mədrəsəni səhv salıb. Hədis əzbərləməkdənsə RF qanunlarına riayət etməyi daha yaxşıdır. Ona bir tövsiyyəmiz də var. Yaxşı olar ki, əzbərlədiyi hədisləri yazdırıb kabinetinin qapısının üstünə asdırsın…
Bir məsələyə də münasibət bildirmək az qala yadımdan çıxmışdı. Doğrudan da Dərbənddəki N. Gəncəvi adına parkda məzarlıq aşkarlanıb. Dərbənddə olarkən mütəxəsislərdən biri mənə dedi ki, bu məzarlıq qədim oğuz türklərinə məxsusdur. Bunu cənab X. Abakarovun bilməsi də vacibdir…
Müqəddəs Mehdiyev