Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Emin Həsənli: “Bu dəfə düşmənə zərbəmiz daha ağır, kəskin olacaq”

Ərazilərinin 20 faizi işğal altında olan Azərbaycanda gənc nəslin vətənpərvər ruhda böyüməsi xüsusi diqqət mərkəzində olmalıdır. Bəs bu sahədə vətəndaş cəmiyyəti institutları öz üzərinə düşən missiyanı nə dərəcədə yerinə yetirə bilir? Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bu sahədə görülən işlərdən danışır…

– Son günlər təmas xəttində vəziyyət gərginləşib, Ermənistan silahlı qüvvələri atəşkəsi tez-tez pozur. Sizcə, bu, nə ilə əlaqədardır?

– Ermənistan keçən ilin aprel döyüşlərindən sonra özünə gələ bilmir. Ermənistan ictimaiyyəti, erməni əsgərlərin anaları haqlı olaraq hakimiyyətdən tələb edirlər ki, bu biabırçılığa son qoyulsun. Ermənistanda həddindən çox gərgin bir vəziyyət bir vəziyyət yaranıb. 25 ildir ki, bir mif yaratmışdılar və özləri də inanırdılar ki, cəbhədə “Ohanyan xətti” keçilməz, orduları güclüdür, Azərbaycan torpaqlarını öz ordularının gücünə işğal ediblər. Keçən il aprel ayının 2-də bir neçə saatlıq döyüş sübut etdi ki, Azərbaycan həmin haqqında mif yaradılan xətti darmadağın etdilər. Ermənistan cəmiyyəti və dünya ictimaiyyəti də bunu gördü. Ermənistanda siyasi, hakimiyyət böhranı vardı, ölkədən əhali köçüb gedirdi, ölkə regional layihələrdən kənarda idi, müstəqil siyasət aparmırdı. Yerli əhali isə bütün bunlara məcburən dözürdü ki, guya bunların hansısa ordusu var, nəsə əldə edəcəklər. Qarabağ məsələsində də siyasi baxımdan heç bir nəticə əldə edə bilməmişdilər. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini nə özləri tanıya bilmişdilər, nə də bu qondarma qurum hər hansı bir dövlət tərəfindən tanınıb. Nə də bu bölgəni Ermənistana birləşdirə biliblər. Dünyada da bunun qeyri-qanuni bir qurum olduğu, Azərbaycanın işğal altındakı əraziləri olduğu BMT Təhlükəsizlik Şurasının qətnamələrində, Avropa İttifaqının və Avropa Şurasının qərarlarında öz əksini tapıb. Belə bir vəziyyətdə Ermənistan ancaq xəyallara ümid edirdi, ordusunun mifini yaratmışdı. Həmin mif Mübariz İbrahimovun qəhrəmanlığı, 2014-cü ilin avqust və 2016-cı ilin aprel hadisələri ilə darmadağın olundu. 2014-cü ilin avqustunda Ağdam səmasında Ermənistanın hərbi vertolyotu vuruldu, aprel ayında isə Ermənistan ordusu 500-dən artıq canlı qüvvə itirdi, məğlub olaraq Lələtəpə və Talış yüksəkliklərindən geri çəkildi. Qarabağdan erməni hərbçiləri qaçmağa başladı. Apreldə Rusiya prezidentinin, baş nazirinin, müdafiə nazirinin israrlı xahişləri olmasaydı, beynəlxalq aləm bu işə qarışmasaydı, bir neçə günə Qarabağ məsələsində geriyədönməz proses başlayacaqdı. Bunu artıq Ermənistanda hər kəs bilir, başa düşür, erməni mətbuatı da yazır, ekspertlər də deyir. Aprel hadisələrindən sonra Ermənistan müdafiə naziri Ohanyan, onlarla general istefa verdi, Ermənistanda parlament seçkiləri biabırçı vəziyyətdə keçirildi. Bu vəziyyətdə Ermənistanda daxildə böyük bir gərginlik var. Bu gərginliklə bağlı, həm də öz aləmlərində aprel hadisələrinin qisasını almaq üçün təmas xəttində təxribatlar törədirlər ki, ölkə daxilində ictimaiyyətin diqqətini yayındırsınlar. Yəni iki aspektdən düşünürlər. Birinci, düşünürlər ki, hanısısa formada qisas alsınlar. Ələ keçirilən kəşfiyyatçının söylədikləri də bunu göstərir. Diversiya qrupları göndərmişdilər ki, səngərdəki Azərbaycan hərbçilərini qətlə yetirsinlər. İkinci məqsədləri odur ki, erməni cəmiyyətində xof yaratmağa çalışırlar ki, guya hazırkı hakimiyyət olmasa, Azərbaycan bütün Ermənistanı işğal edər. Ona görə də təmas xəttində təxribatlara əl atırlar.

Ermənistandan fərqli olaraq, Azərbaycan atəşkəsi bir dəfə pozacaq ki, Ali Baş Komandanın əmri ilə torpaqları işğaldan azad etsin. Keçən ilin aprelində də Ermənistanın diversiya qruplarının qarşısını almaq üçün addımlar atıldı. Qarşıya məqsəd qoyulmamışdı ki, bütünlükdə Qarabağın azad edilməsi üçün əməliyyat keçirilsin. Amma bu dəfə zərbə daha ağır, kəskin olacaq. Ermənistan hələ aprel şokundan ayıla bilmir, ikinci belə bir hadisə olsa, nə Ermənistan silahlı qüvvələri, nə onun şəxsi heyəti, nə də Ermənistan əhalisi mənəvi-psixoloji cəhətdən özünə gələ bilməyəcək.

Bu məsələdə Ramazan bayramı amili də var. Ermənilər belə təxribatların əlamətdar günlərə təsadüf etməsinə də çalışırlar. Bu, onların xislətindən irəli gəlir. Aprel hadisələri də 31 mart Dünya Azərbaycanlılarının Soyqırım Günü ərəfəsində törədilmişdi. Novruz bayramı, Yeni il, Azərbaycanlı Silahlı Qüvvələr Günü ərəfələrində də biz bunu dəfələrlə görmüşük. Azərbaycan ordusu cəbhədə ayıq-sayıqdır, düşmənə ağır zərbələr vurur. Bu gün Azərbaycan ordusunun müasir texnikası, silah və sursatı var. Azərbaycan ordusunun döyüş əzmi, peşəkarlığı var, qarşısına qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirməyə hazırdır.

– Qarşıdan 26 İyun Silahlı Qüvvələr Günü gəlir. Azərbaycan Silahlı Qüvvələrinin potensialı bu gün hansı səviyyədədir?

– Silahlı Qüvvələrin Ali Baş Komandanı prezident İlham Əliyev Silahlı Qüvvələrimizin hərtərəfli inkişafı üçün kompleks tədbirlər görür. Azərbaycanda ordu quruculuğu ümummilli lider Heydər Əliyevin qoyduğu yoldur, hərbi elmin əsaslarına uyğun ordu yaradılıb. Bu gün Silahlı Qüvvələrimizin arsenalında ən müasir texnika, hərbi aviasiya, hava hücumundan müdafiə sistemləri, quru qoşunlarımız, artilleriyamız var. Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Ordumuzun silahlanması günün tələblərinə cavab verir. Bütün hərbi kazarmalar müasir dövrə uyğun tikilib, yenidən qurulub, əsaslı təmir və bərpa işləri aparılıb. Hərbi tibbi vəziyyət həddindən artıq yüksəkdir, müasir standarta uyğun hospitallarımız, tibb məntəqələrimiz, peşəkar həkimlərimiz var. Dünyanın ən məşhur universitetlərində oxumuş, kurslar keçmiş, qardaş Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasında təhsil, rezidentura oxumuş həkimlərimiz var. Bu gün hospitallarımızda ən müasir əməliyyatlar peşəkar səviyyədə həyata keçirilir. Bu, digər ölkələr üçün nümunələr olmalıdır.

Bu gün Azərbaycan Silahlı Qüvvələri öz istehsalımız olan silahlardan istifadəyə üstünlük verir. Müdafiə Sənayesi Nazirliyinin məhsulları dünya müdafiə sənayesi sərgilərində nümunəvi yerlər tutur, milli silahlar istehsal olunur. Bunlar hamısı qürurvericidir. Ən əsası Azərbaycan Silahlı Qüvvələri peşəkardır, nizami ordumuz var, peşəkarlığını günü gündən artırır. Son illər bu istiqamətdə sistemli və ardıcıl iş görülür. Bu gün Silahlı Qüvvələrimizdə xidmət edən şəxsi heyətin mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. 2016-cı ilin aprel hadisələri də göstərdi ki, ordumuzun çox böyük döyüş əzmi var. Orduda əvvəlki illərdən fərqli olaraq əsgərin qarşısında ancaq təlim və döyüşə hazırlıq əsas məqsəd kimi qoyulub. Əsgərin digər işlərini mülki işçilər görür. Əsgərin yeməyinin hazırlanması və digər belə işlər mülki işçilərə tapşırılıb. Bir çox işlər artıq peşəkar hərbçilərə, müddətdən artıq hərbi qulluqçulara, gizirlərə tapşırılıb. Bu gün Azərbaycanın Hərbi Akademiyası, hərbi ali təhsil müəssisələri, dənizçilik və təyyarəçilik ali hərbi məktəbləri, Təlim-Tədris Mərkəzi, Daxili Qoşunların Məktəbi, Fövqəladə Hallar Akademiyası müasir tələblərə uyğundur, müasir kadrlar hazırlanır. Dünyanın ən müasir orduları ilə ikitərəfli əməkdaşlıq qurulub. Ordumuz Əfqanıstanda və İraqda beynəlxalq sülhyaratma missiyalarında layiqincə təmsil olunur. Silahlı Qüvvələrimiz geniş beynəlxalq əlaqələri var. Ordumuz Silahlı Qüvvələrimizin 99 illiyinə böyük ruh yüksəkliyi ilə gedir. Gələn il Silahlı Qüvvələrimizin, Cümhuriyyətimizin 100 illiyi olacaq. İnşallah, bunu böyük təntənə ilə qeyd edəcəyik.

– Siz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında həm də hərbi yönümlü QHT-ləri təmsil edirsiniz. Ötən dövr ərzində hərbi yönümlü QHT-lərin fəaliyyətini necə qiymətləndirirsiniz?

– Şura ən çox layihələri məhz hərbi yönümlü QHT-lərə ayırır. Aprel döyüşçülərinin, qəhrəmanlarımızın, Azərbaycan həqiqətlərinin təbliğinə xüsusi diqqət yetirir. Fəaliyyəti bütün respublikanı əhatə edən təşkilatları olan hərbi yönümlü təşkilatlar QHT-lər var. Hərbi yönümlü QHT-lərin təmsilçiləri hərbi hissələrdə, cəbhə bölgələrində olurlar, əsgərlərlə görüşürlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti bütün respublikamızı əhatə edən “Vətənin müdafiəsinə hazıram” tədbirləri keçirir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti şəhidlərimizin dəfn mərasimini Müdafiə Nazirliyi, yerli icra hakimiyyəti orqanları ilə bir yerdə təşkil edir. Aprel döyüşçülərinin il mərasimləri təşkil olunub. Bu yöndə inşa müsabiqələrindən tutmuş rəsm sərgilərinə qədər tədbirlər keçirilir. Jurnalistlər arasında atıcılıq yarışları da təşkil olunub. Gənc nəslin hərbi xidmətə hazırlanması istiqamətində xeyli işlər görülüb. Şura bu istiqamətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti ilə əməkdaşlıq edir, QHT-lərlə Dövlət Xidmətinin bu sahədə əməkdaşlığı qurulub. QHT-lər orta məktəblərdə, ali məktəblərdə, rayonlarda gənc nəslin hərbi xidmətə hazırlanması, şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına qayğı, onların hüquqlarının qorunması, psixoloji cəhətdən yardım, övladlarına diqqət və qayğı, şəhid adının əbədiləşdirilməsi istiqamətində tədbirlər keçirir, filmlər çəkirlər. Layihələrə diqqət yetirilsə, Şuranın dəstəyi ilə 50-dən artıq belə film hazırlanıb. Xocalı soyqırımı, 31 Mar Dünya Azərbaycanlılarının Soyqırım Günü, işğal olunmuş rayonlarımızın işğal günləri ilə bağlı tədbirlərin keçirilməsi, 20 Yanvar faciəsi, Azərbaycan tarixi ilə bağlı layihələrə daim xüsusi önəm veririk. Bu gündən sonra belə olacaq. Dövlət başçısının bizim qarşımızda qoyduğu tələb bundan ibarətdir. Gənc nəslin Vətənə məhəbbət, düşmənə nifrət ruhunda böyüməsi, ölkədə vətənpərvərliyin təbliği, Azərbaycanın haqq işinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində layihələr daha üstünlük təşkil etməlidir. Şura da bu yöndə işlər aparır.

– Bu yaxınlarda rəhbərlik etdiyiniz İctimai Birliyinizin Türkiyəyə təşkil etdiyi səfər də diqqət çəkdi.

– Əfqan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Qarabağ Əlilləri, Şəhid Ailələri və Müharibə Veteranları İctimai Birliyinin sədri Mehdi Mehdiyev vıə aprel döyüşçüləri uzun müddətdir ki, Türkiyə Müharib Qazilər Dərnəyi və Əməkli Subaylar (Ehtiyatda olan Zabitlər) Dərnəyi ilə birgə qarşılıqlı səfərlər təşkil edirik. Bu ilin mayında aprel döyüşlərinin iştirakçıları olmuş müharibə veteranlarından, Qarabağ veteranlarından, hərbi yönümlü QHT-lərin rəhbərlərindən ibarət bir qrup Türkiyəyə səfər etdik. Gənclər və İdman Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, eyni zamanda Şuranın birgə dəstəyi ilə Ankara və İstanbul şəhərlərində görüşlər keçirildi. Türkiyənin Müdafiə Nazirliyində olduq, Anıt qəbri ziyarət etdik, Türkiyənin veteran təşkilatlarının rəhbərləri, bələdiyyə sədrləri ilə görüşdük. Atatürkü Anma və İdman Bayramı çərçivəsində tədbirlərə qatıldıq. İstanbulda ulu önlərin abidəsini ziyarət etdik, türk gəncləri ilə görüşdük. Türkiyədə hərbi hissələri ziyarət etdik. Çox maraqlı tədbirlərimiz oldu. Bu yaxınlarda, 4-7 iyul tarixlərində qardaş Türkiyədən bir qrup heyətin – ehtiyatda olan hərbçilərin, generalların və müharibə veteranlarının Bakıya səfərini gözləyirik.

Eyni zamanda Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Sərhəd Qoşunları, Prezident Qvardiyası, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları birgə tədbirlər həyata keçiririk. Bu tədbirlər gələcəkdə də davam edəcək. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə “Vətənin müdafiəsinə hazıram” tədbirləri keçiririk. Rayonlarda gənclərin hərbi xidmətə hazırlanması, hərbi xidmətə yola salınması, ordudan tərxis olunmuş gənclərin qarşılanması ilə bağlı tədbirlər keçiririk, müharibə veteranları və əlillərinin qardaş Türkiyəyə səfərlərini təşkil etdik. Gələcəkdə də Azərbaycanın müharibə veteranları və əlillərinin qardaş Türkiyəyə səfərləri davam edəcək. Qarşılıqlı mübadilə bizim üçün önəmlidir, biz bir millət, iki dövlətik. Heydər Əliyevin bu istiqamətdə qoyduğu tövsiyələr bizim üçün həmişə rəhbərdir. Azərbaycanın ilk müstəqilliyini tanıyan dövlət Türkiyə olub. Qardaş və strateji müttəfiq olan iki dövlətik. Ehtiyatda olan zabitlərin və veteranların bu istiqamətdə əməkdaşlığı çox önəmlidir.

– Yeri gəlmişkən, “mover.az” şirkəti Silahlı Qüvvələr Günü ərəfəsində www.esgeremektub.com saytı hazırlayıb. Bu sayt vasitəsilə hər kəs Azərbaycan Əsgərinə yaza biləcək, ona ürək sözlərini, mənəvi dəstəyini ifadə edəcək, Vətənin keşiyində dayanmış, Azərbaycan sərhədlərini göz bəbəyi kimi qoruyan yenilməz Ordumuza öz minnətdarlığın çatdıracaq. Bu layihəni necə dəyərləndirirsiniz?

– Bu layihəni yüksək dəyərləndirirəm. Belə layihələr Azərbaycan əsgərlərinə böyük mənəvi-psixoloji dəstəkdir, döyüş ruhunun yüksəlməsinə xidmət edir. Azərbaycanda hər bir kəs ordumuza dəstək olmalıdır. Bu istiqamətdə layihələr dəstəklənməlidir.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir