Cümə , 5 Dekabr 2025
Drone Cameras

Ermənistan parlamenti 44 günlük müharibə hesabatını ictimaiyyətdən gizlədir

Ermənistan Milli Assambleyasında 44 günlük müharibənin gedişini araşdırmaq üçün yaradılmış istintaq komissiyasının hesabatı ictimaiyyətə açıqlanmayacaq.

Boyukmillet.com xəbər verir ki, parlamentin Müdafiə və Təhlükəsizlik daimi komissiyasının sədri, hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Andranik Koçaryan bildirib ki, sənəd yalnız məhdud sayda dövlət strukturlarına təqdim ediləcək.

Bu açıqlama 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı səsləndirilib. Koçaryan müxalifət deputatlarının suallarını cavablandırarkən qeyd edib ki, 44 günlük müharibənin araşdırılması ilə bağlı 16 min səhifəlik material Milli Assambleyanın birinci şöbəsinə təqdim ediləcək. Onun sözlərinə görə, bu materiallara yalnız müəyyən dövlət qurumlarının giriş imkanını müəyyən edən qərar qəbul ediləcək və həmin qurumlar sənədləri öyrənib müvafiq qərarlar verəcəklər.

Müxalifət nümayəndələri hökuməti populizmdə və müharibənin əsl səbəblərini gizlətməkdə ittiham ediblər. Onların sözlərinə görə, hakimiyyət əvvəllər ictimaiyyətə araşdırmanın nəticələrini açıqlayacağına dair vəd vermişdi. Deputatlar hesab edirlər ki, hökumətin bu addımı məğlubiyyətin səbəblərini gizlətmək, Paşinyan komandasının məsuliyyətini ört-basdır etmək məqsədi daşıyır.

Qeyd edək ki, 44 günlük müharibənin nəticələrini araşdırmaq üçün Ermənistan parlamentində xüsusi istintaq komissiyası 2021-ci ildə yaradılmışdı. Komissiyanın məqsədi müharibə dövründə qəbul edilən qərarları, ordunun hazırlıq səviyyəsini, diplomatik fəaliyyətləri və xarici əlaqələri araşdırmaq idi. Lakin artıq üç ildən çox vaxt keçməsinə baxmayaraq, bu komissiyanın hesabatı nə parlamentin plenar iclasında, nə də ictimaiyyət qarşısında açıqlanmayıb.

Beləliklə, 44 günlük müharibə ilə bağlı hesabatın gizli saxlanılması Ermənistan hakimiyyətinin şəffaflıq prinsiplərinə sadiqliyini sual altına qoyur və müharibənin nəticələrinə dair ictimai müzakirələri bir daha alovlandırır.

Check Also

Türkiyədə avtobusun aşması nəticəsində iki nəfər ölüb, 21 sərnişin yaralanıb

Türkiyənin Afyonkarahisar şəhərində ağır yol qəzası baş verib. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, …